lider-media.az

Səfir “Əl Əhram” qəzetinə Azərbaycan-Misir əlaqələrinin inkişafından danışıb

Tarix: 29-01-2024, 12:51

Bir il əvvəl – 2022-cü ilin yanvarında Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri və onun azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı məhsuldar danışıqlar iki dost ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə təkan verib. Bu səfər, eyni zamanda, bütün ilboyu əlaqələrin möhkəmləndirilməsi prosesinin başlanğıcı olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Misirin nüfuzlu “Əl Əhram” nəşrinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov söyləyib.

İki ölkə arasında siyasi əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi əməkdaşlığa dair 50-dən çox sənəd imzalandığını diqqətə çatdıran diplomat bildirib ki, 2023-cü ildə parlament üzvlərinin, dövlət qurumlarının, azərbaycanlı və misirli iş adamlarının qarşılıqlı səfərləri həyata keçirilib. Bu il Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının keçiriləcəyini diqqətə çatdıran E.Poluxov vurğulayıb ki, ölkələrimiz müxtəlif sahələrdə əlaqələri daha da genişləndirmək üçün böyük potensiala malikdir.

Misirin daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarda iki ölkə arasında əməkdaşlıq və koordinasiyanın mövcud olduğunu qeyd edən səfir bildirib ki, Qahirə və Dubaydan sonra Bakının da COP iqlim konfransına ev sahibliyi edəcəyi bütün müsəlman aləmi üçün əlamətdar hadisə olacaq. “Fəxr edirik ki, Şərqi Avropa ölkəsi kimi bu mühüm konfransı keçirmək üçün məhz Azərbaycan seçilib. Bu, xüsusən də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində uğurlu fəaliyyətinin məntiqli davamıdır. Azərbaycan, həmçinin 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının azaldılması da daxil olmaqla, iqlim sahəsində bir sıra qərarlar qəbul edib və öhdəliklər götürüb. Biz neft ixrac edən ölkə olsaq da, “yaşıl” iqtisadiyyatla bağlı və qeyri-neft enerji mənbələrindən istifadə etmək üçün davamlı addımlar atırıq”, -deyə diplomat vurğulayıb.

E.Poluxov bildirib ki, iki ölkə arasında turizm əlaqələri inkişaf edir və Misirə səyahət edən azərbaycanlı turistlərin sayında artım müşahidə olunur. O əlavə edib: “Misirin viza rejimini sadələşdirməsindən sonra turistlərin sayı artır. Hazırda Azərbaycandan olan turistlər Misirə getmək üçün onlayn viza ala bilərlər. Biz, həmçinin misirli turistlərin Azərbaycana səyahəti üçün viza rejimini asanlaşdırmağa çalışırıq və ümid edirik ki, Misir aviaşirkəti Qahirədən paytaxt Bakıya birbaşa uçuşlara başlayacaq. Hazırda yalnız Şarm Əl-Şeyxdən Bakıya birbaşa uçuşlarımız var və biz turistlərin sayının artmasına kömək etmək üçün Bakıdan Hurqada, Luksor və Asuana aviareyslərin açılmasını istəyirik. Ötən il Misirə 5 minə yaxın azərbaycanlı, Bakıya isə 3 mindən artıq misirli səfər edib, onların arasında iş adamları və tələbələr də olub”.

Səfir qeyd edib ki, iki ölkə arasında əczaçılıq sənayesi sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Bununla yanaşı, Misir şirkətləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan tikinti-bərpa işlərində iştirak edə bilər. Hazırda Azərbaycanda Ələt və Misirdə Süveyş kanalı azad iqtisadi zonalarının da fəaliyyəti genişlənir və onların arasında sıx əməkdaşlıq hər iki ölkənin maraqlarına uyğun olacaq. “Bütün bu məsələlər, habelə elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri Birgə komissiyanın iclasında ətraflı müzakirə olunacaq”, -deyə diplomat qeyd edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi