lider-media.az

Vyanada Cənubi Qafqazda münaqişədən sonrakı şəraitdə regional əməkdaşlığın yeni perspektivləri müzakirə olunub

Tarix: 19-01-2024, 22:48



Yanvarın 19-da Vyana Diplomatiya Akademiyasında “Cənubi Qafqaz yolların qovşağında: münaqişədən sonrakı şəraitdə regional əməkdaşlığın yeni perspektivləri“ mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Vyanadakı diplomatik korpusun təmsilçiləri, səfirlər, beynəlxalq təşkilatların əməkdaşları, beynəlxalq münasibətlər üzrə mütəxəssislər və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Vyana Diplomatiya Akademiyasının rektoru, səfir Emil Briks və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev giriş nitqi söyləyiblər. Çıxışlarda münaqişədən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətə nəzər salınıb, postmüharibə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında və regionda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması istiqamətində göstərilən səylərdən, Azərbaycanın regionda oynadığı roldan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışılıb, əməkdaşlığın perspektivlərinə toxunulub.

R.Sadıqbəyli beynəlxalq konfransın Azərbaycan xalqının tarixində faciəvi olduğu qədər də şərəfli yer tutan Qanlı Yanvar ərəfəsinə təsadüf etdiyinə diqqət çəkərək, ərazi bütövlüyü və suverenliyini tam bərqərar etmiş Azərbaycanın hazırda regionda sülh və təhlükəsizlik üçün addımlar atdığını vurğulayıb. Həmçinin Azərbaycan və Ermənistan arasında birbaşa sülh danışıqlarının aparılması sayəsində tərəflər arasında yaxın gələcəkdə yekun sülh sazişinin bağlanması üçün tarixi imkanın olduğu vurğulanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Cənubi Qafqaz regionunda ciddi transformasiyanın getdiyi, münaqişənin həllinin regionun gələcəyi üçün yeni səhifə açdığını bildirib. O, elmi dairələrin, siyasi xadimlərin, ekspert və ictimaiyyət nümayəndələrinin qatıldığı beynəlxalq konfransların və aparılan fikir mübadiləsinin regionda gedən proseslərə yeni baxışların formalaşmasına təkan verəcəyini ifadə edib.

Konfransın “Cənubi Qafqaz yolların qovşağında: münaqişədən sonrakı şəraitdə regional əməkdaşlığın yeni perspektivləri“ adlı ilk sessiyasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Qərb ölkələrinin araşdırılması üzrə şöbə rəhbəri Vasif Hüseynov, “FACE konsultinq” şirkətinin təsisçisi, geosiyasət üzrə ekspert Velina Çakarova, Aİ-nin “Mariya Küri” Qlobal proqramının iştirakçısı, NATO-nun eksperti, beynəlxalq təhlükəsizlik üzrə aparıcı strateji analitik Maurizio Qeri çıxış ediblər. Çıxışlarda Avrasiyanın əsas nəqliyyat dəhlizləri barədə ümumi məlumat verilib, onların arasında mühüm əhəmiyyət kəsb edən Orta Dəhliz və onun üzərində yerləşən Cənubi Qafqazın xüsusiyyətlərindən bəhs edilib. Bildirilib ki, Cənub Qaz Dəhlizinin Avropanın enerji təminatındakı rol, eləcə də Zəngəzur dəhlizi işə düşdükdən sonra Avropa və Asiya arasında əlaqələrin inkişafına müsbət təsir göstərə biləcək.

Çıxışlarda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasından sonra Avropa İttifaqının rolu və regionda sülh üçün əməkdaşlıq, regional təhlükəsizlik və əməkdaşlıq üçün Cənubi Qafqazda yeni geosiyasi maraqlar, post-konflikt reallıqları çərçivəsində sülh prosesində regional və qlobal aktorların töhfəsi mövzularına da toxunulub.

Münaqişədən sonrakı vəziyyətdən bəhs edən mütəxəssislər yekun sülhün iki ölkə arasında münasibətlərin normallaşması üçün mühüm amil olduğunu vurğulayıblar. Bu istiqamətdə tərəflər arasında sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin yenidən açılmasında hələ də fikir ayrılığı olduğu diqqətə çatdırılıb. Həmçinin ifadə edilib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün hərbi gücdən istifadə etmək niyyətində deyil və dəfələrlə belə bir planın olduğuna dair fikirləri rədd edib.

Münaqişədən sonrakı regional inteqrasiya üçün göstərilən müxtəlif formatlı təşəbbüslərdən bəhs edilib, bu təşəbbüslərin regional əməkdaşlıq üçün oynaya biləcəyi roldan bəhs olunub.

“Avropanın enerji təhlükəsizliyi, enerji mənbələrinin genişləndirilməsi və onların təchizatı marşrutları: Azərbaycanın rolu” adlı ikinci sessiyada Oksford İnstitutunun enerji aradırmaları üzrə aparıcı məsləhətçisi, “Eurasia Analytics”in təsisçisi və direktoru Gülmira Rzayeva, Baltik dənizi ölkələri şurasında Enerji bölməsini keçmiş rəhbəri, “Turquoise İnternational” şirkətinin baş məsləhətçisi Endryu Yanis Folkmanis və BMT-nin xüsusi təmsilçiliyinin Dayanıqlı enerji üzrə mütəxəssisi Daniel Qros çıxış ediblər.

Çıxışlarda Cənub Qaz Dəhlizi boru kəmərinin genişləndirilməsi, Avropanın enerji təhlükəsizliyi, “Yaşıl Sövdələşmə”, enerji sistemlərinin dayanıqlığının artırılması, Mərkəzi və Şərqi Avropa regionunda enerji diplomatiyası mövzuları diqqət mərkəzində olub. Həmçinin, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da yaşıl enerji, davamlılıq, iqlim üzrə layihələr və bu istiqamətdə investisiyaların artırılmasının təbliğ olunacağı vurğulanıb.

Türkiyənin Avstriyadakı beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi, səfir Levent Eler Qarabağ münaqişəsinin başa çatması ilə regional inkişaf və Azərbaycan-Ermənistan arasında normallaşmanın Türkiyə-Ermənistan arasında əlaqələrin bərpasına da müsbət təsir göstərəcəyini söyləyib. Səfir, eyni zamanda, diplomatik əlaqələrin inkişafı, bunun enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığa töhfə verməsi, bu proseslərin Cənubi Qafqazın hər üç ölkəsi və regional aktorlar tərəfindən dəstəklənməsi haqqında fikirlərini bölüşüb.

Çıxışlardan sonra dinləyiciləri maraqlandıran suallara cavab verilib, fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi