lider-media.az

ÖTƏN İL MÖHTƏŞƏM İDMAN UĞURLARIYLA YADDA QALDI   

Tarix: 18-01-2024, 13:19

ÖTƏN İL MÖHTƏŞƏM İDMAN UĞURLARIYLA YADDA QALDI

  

                                       Heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz.

                                                                                                    Heydər Əliyev,  

                                                                                                    Ümummilli lider.

     Müasir dövrümüzdə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar, siyasi sabitlik, dövlət proqramlarının, irimiqyaslı layihələrin həyata keçirilməsi, müxtəlif sahələrdə nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunur. Sosial-iqtisadi inkişaf, sahəsində müəyyən olunmuş siyasət respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini daha da yüksəldir.

     Ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, bölgələr arasında regional tarazlıq bərpa olunub, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, əmək tutumlu və rəqabət qabiliyyətli yeni istehsal,habelə, xidmət müəssisələri istifadəyə verilib. Bütün bunlarla yanaşı, Azərbaycan dünyanın idman arenasında da özünə layiqli yer tutur və beynəlxalq yarışlara ev sahibliyi edir. Ümumilikdə, son illərdə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib.

      Ötən il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları yüksək səviyyədə təşkil olundu. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsində hər il olduğu kimi, 2023-cü ildə də dünyanın idman nəbzi Azərbaycanda döyündü.

     Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da reallaşdırmağa tam hazırdır.

     Azərbaycanda ötən il keçirilən gimnastikanın dörd növü üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, yeniyetmə cüdoçular arasında Avropa Kuboku, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, həndbol üzrə 17 yaşlı qızlar arasında Avropa çempionatı, atıcılıq üzrə dünya çempionatı, IBSA cüdo Qran-Prisi, çövkən üzrə dünya çempionatı, MMA üzrə “Landmark 7” beynəlxalq Rizin, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar ölkəmizin təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın bir daha idman ölkəsi olduğunu təsdiqlədi.

     Vurğulamaq lazımdır ki, Azərbaycan Gimnastika Federasiyası Birinci vitse-prezident Mehriban Əliyevanın  rəhbərliyi sayəsində böyük uğurlar əldə edib. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün inkişaf mərhələsi başlayıb, gimnastika ilə məşğul olan idmançıların beynəlxalq yarışlarda qazandığı uğurların sayı artıb.

   2023-cü ildə ölkəmiz  ən güclü pilotların mübarizə apardığı Formula 1 üzrə Azərbaycan Qran-Prisinə ev sahibliyi edərək bütün qitələri əhatə edən tamaşaçıları yenidən bir yerə topladı. Onlar dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, qədim tarixə malik müasir Bakının füsunkar gözəlliyi ilə də tanış oldular. Yarış zamanı Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yayımlanan turniri beş yüz milyon televiziya tamaşaçısı ekrandan izləmək şansı əldə etdi.

      Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped turniri ilin ən əlamətdar idman hadisələrindən biri oldu. Veloyarışda dünyanın 14 ölkəsindən tanınmış idmançılar, güclü komandalar qələbə uğrunda mübarizə apardılar. İyunun 7-də Bakıda start götürmüş 3 gün davam edən turnir Şuşa şəhərində yekunlaşdı. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində yenidən qurulduğunu göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqət göstərildiyinin bariz nümunəsi oldu.

     Ötən il dekabrın 8-də Bakıda ilk dəfə olaraq idman sahəsində ən gözlənilən hadisələrdən biri - Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mükafatlandırma mərasimi – FIA Prize-Giving Ceremony baş tutdu. Hər ilin sonunda fərqli ölkələrdə reallaşan bu mərasimin Bakı təqdimatı digərlərindən möhtəşəmliyi ilə fərqləndi. Azərbaycanın mədəniyyəti, qonaqpərvərliyi, digər xalqlarla sülh və əməkdaşlıq şəraitində yaşamağa yönələn siyasətini özündə cəmləşdirən mərasim bütün dünyada əks-səda doğurdu. Mükafatlandırma mərasimində nəinki indiki qaliblər, keçmişdə müxtəlif yarışlarda mübarizə aparan, artıq vəfat etmiş çempionlar da yad edildi. Dünyaca məşhur Oracle Red Bull Racing-in qalibi Christian Horner və Formula 1-in qalibi Max Verstappenin təltifi nəzərə alınaraq  tədbirdə milli musiqilərimizin sədaları altında zəngin mətbəximizin nümayişi mərasimin yaddaqalan anlarından biri oldu.

      “Qarabağ” ilk dəfə UEFA Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazandı. Komanda bunu 2023-cü il dekabrın 14-də avrokubokun qrup mərhələsində “Hekken”lə çıxdığı sonuncu görüşündə reallaşdırdı. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada Ağdam təmsilçisi 2:1 hesablı qələbə ilə qalib oldu. Bu matçın nəticəsinə əsasən “köhlən atlar” xallarını 10-a çatdıra bildi.

    Azərbaycanın idman tarixində ən yaddaqalan hadisələrdən biri isə 30 illik fasilədən sonra Xankəndidə ilk futbol matçının ilk qolu oldu.  2023-cü il dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” ilk dəfə “MOİK”lə oyununu Xankəndi şəhər stadionunda keçirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı canlı izləmək şansı əldə etdi. Vaxtilə özündə separatçı rejimin simvollarını daşıyan “Xankəndi” stadionunda Ağdam təmsilçisinin futbolçusu Nəriman Axundzadə rəqib qapısına vurduğu topla tarixə imza atdı. II Liqa təmsilçisi MOİK-ə minimal hesabla qalib gələn “Qarabağ”ın işğaldan azad olunmuş ərazilərdə ilk futbol matçında qazandığı ilk qələbə təkcə ilin yox, Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olundu.

     Beləliklə, geridə qoyduğumuz 2023-cü il eyni zamanda beynəlxalq turnirlərdə də  qazanılmış nailiyyətlər və ilklərlə Azərbaycan idman tarixində mühüm yer tutdu. Gimnastika sahəsində əldə edilmiş uğurlar isə xüsusilə yadda qaldı. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə 40-cı dünya çempionatında üçüncü pillədə qərarlaşan bədii gimnastımız Zöhrə Ağamirova gimnastika üzrə lisenziya qazanan ilk idmançı oldu. Böyük Britaniyanın Birmingem şəhərində baş tutan dünya çempionatında isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət millimiz tarixində ilk dəfə tamblinq üzrə komanda hesabında birinci yerə layiq görüldü. Yığmanın üzvü M.Malkin tamblinq üzrə qızıl medal qazanmış ilk idmançı kimi tarix yazdı.

   2023-cü ildə qadın cüdoçumuz Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu kimi tarixə düşdü. O, buna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında dünya çempionatında nail oldu. Portuqaliyanın Odivelas şəhərində təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız ilk qızıl medallarını qazanmaqla idman sahəsində öz izlərini qoydular. Azərbaycanın cüdo üzrə üç qat Avropa çempionu Hidayət Heydərov isə Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində tarixi uğura imza atdı. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı “Gündoğar ölkə”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu oldu.

    Boks sahəsində isə yığmamız 22 yaşadək boksçular arasında Avropa çempionatında medal rekordunu yenilədi. Millimiz bunu tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanmaqla reallaşdırdı.

    Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yunan-Roma güləşi üzrə Azərbaycan millisi də tarixi uğura imza atanlar sırasındadır. 2 qızıl, 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu oldu.

     Şahmatçılarımız da öz növbələrində məhsuldar bir ili geridə qoydular. Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında qadınlardan ibarət yığmamız 15 xalla tarixdə ilk dəfə bu turnirin gümüş medalına yiyələndi.

     Qeyd edək ki, Azərbaycan idmançıları 2023-cü ildə beynəlxalq yarışlarda ümumilikdə 1472 medal əldə ediblər. Bu, Azərbaycanın idman tarixində rekord göstəricidir.

     Bu gün böyük fəxarətlə deyə bilərik ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Prezident İlham Əliyevin dediyi kimi, “Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olanların sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır”.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi