lider-media.az

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında

Baxış: 1148 Tarix: Сегодня, 12:14

post-img

Süni intellektin sürətlə inkişafı bəşəriyyətə yeni imkanlar açmaqla yanaşı, qlobal təhlükəsizlik üçün ciddi sınaqlar da yaradır. Artıq bu texnologiya yalnız iqtisadiyyat, elm və gündəlik həyatla məhdudlaşmır, hərbi sahədə də getdikcə daha geniş tətbiq olunur. İnsan müdaxiləsi olmadan hədəf seçə və hücum edə bilən silah sistemlərinin inkişafı isə beynəlxalq ictimaiyyəti ciddi narahat edən məsələlərdən birinə çevrilib.

Noyabrın 16-da Cenevrədə BMT-nin himayəsi altında ölümcül avtonom silah sistemlərinin tənzimlənməsi ilə bağlı mühüm beynəlxalq müzakirələr başlayıb. Reuters agentliyinin  yaydığı məlumata görə, ABŞ və Rusiya bu silahların istifadəsinə hüquqi baxımdan məcburi məhdudiyyətlər qoyulmasını nəzərdə tutan təşəbbüsə qarşı mövqe nümayiş etdirirlər. Beynəlxalq konfransda iştirak edən 128 dövlətin əksəriyyəti isə avtonom silahlarla bağlı yeni razılaşmanın hazırlanmasını dəstəkləyir.

Müzakirələrin əsas mahiyyəti insanın birbaşa müdaxiləsi olmadan hədəfləri müəyyənləşdirən və hücum qərarı verən silahların beynəlxalq hüquq çərçivəsində tənzimlənməsidir. Süni intellekt əsasında işləyən pilotsuz uçuş aparatları, robotlaşdırılmış döyüş sistemləri, tanklar və digər hərbi texnologiyalar müasir müharibələrin xarakterini dəyişir. Bu sistemlərin sürətli qərarvermə imkanları hərbi əməliyyatlarda üstünlük yaratsa da, onların səhv qərarları ağır və geri dönməz nəticələrə səbəb ola bilər.

Agentliyin məlumatında qeyd olunur ki, süni intellektlə dəstəklənən yarıavtonom silah sistemlərindən Ukraynada, Sudanda və Yaxın Şərqdə baş verən münaqişələrdə istifadə edildiyi bildirilir. Bu təcrübə texnologiyanın hərbi münaqişələrdə tətbiqinin artıq gələcəyin deyil, bu günün reallığı olduğunu göstərir.

Məsələyə münasibətdə dövlətlər arasında fikir ayrılıqları qalmaqdadır. ABŞ hüquqi cəhətdən məcburi sənəd əvəzinə tövsiyə və prinsiplərin hazırlanmasını, bu istiqamətdə beşillik danışıqlar prosesinin aparılmasını təklif edir. Digər tərəfdən, konfransın sədri hüquqi qüvvəyə malik protokolun hazırlanması üçün ikiillik danışıqlar mandatı irəli sürüb. Böyük Britaniya, Almaniya və Fransa isə sənədin hüquqi statusunun əvvəlcədən müəyyənləşdirilmədən danışıqların başlanmasını dəstəkləyir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT nümayəndələri də məsələ ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, insan həyatına birbaşa təsir göstərən qərarların maşınların ixtiyarına buraxılması beynəlxalq humanitar hüquq və mülki əhalinin müdafiəsi baxımından ciddi risklər yaradır. İnsan Hüquqları Müdafiə Təşkilatı da dövlətləri bu sahədə qətiyyətli addımlar atmağa çağırır.

Mənbə yazır ki, müasir dünyanın qarşısında duran əsas suallardan biri artıq texnologiyanın nə qədər inkişaf edəcəyi deyil, onun hansı prinsiplərlə idarə olunacağıdır. Çünki süni intellektin hərbi məqsədlərlə tətbiqi zamanı yaranan səhvlərin nəticələrini heç bir texnoloji yenilik aradan qaldıra bilməz. İnsan həyatının qorunması, mülki əhalinin təhlükəsizliyi və beynəlxalq humanitar hüququn prinsipləri texnoloji tərəqqidən üstün tutulmalıdır.

Cenevrədə keçirilən müzakirələr də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlətlər arasında ortaq mövqenin formalaşdırılması və avtonom silahların istifadəsinə dair aydın beynəlxalq qaydaların müəyyənləşdirilməsi gələcək münaqişələrdə insan amilinin qorunması üçün vacib addım ola bilər. Süni intellekt bəşəriyyətin inkişafına xidmət etməli, insanın həyat və ölüm taleyini müəyyənləşdirən nəzarətsiz mexanizmə çevrilməməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi