Bəzən bir xalqın böyüklüyünü onun tarixi qələbələri, iqtisadi nailiyyətləri və siyasi nüfuzu ilə ölçürlər. Lakin elə dəyərlər var ki, onların əhəmiyyəti zamanın və məkanın fövqündə dayanır. İnsanlara münasibət, fərqli inanc və düşüncələrə hörmət, başqa mədəniyyətlərin varlığını qəbul etmək, mənəvi zənginliyi bölüşmək - bütün bunlar xalqın əsl mədəniyyətini, humanizmə bağlılığını və mənəvi yetkinliyini müəyyənləşdirir. Tolerantlıq məhz belə dəyərlərdəndir. O, insanları fərqlərinə görə ayırmayan, əksinə, həmin fərqliliklərdən birlik və həmrəylik yaradan mənəvi körpüdür.
Hər il noyabrın 16-da qeyd olunan Beynəlxalq Tolerantlıq Günü də bəşəriyyətə bu həqiqəti xatırladır. Günün təsis edilməsinin əsasında 1995-ci il noyabrın 16-da UNESCO tərəfindən qəbul edilmiş Tolerantlıq prinsipləri haqqında Bəyannamə dayanır. 1996-cı ildə isə BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü elan edilib. Bəyannamədə tolerantlıq insanların müxtəlifliyinə hörmət, onu qəbul etmək və qiymətləndirmək kimi səciyyələndirilir. Sənədin əsas ideyası ondan ibarətdir ki, dözümlülük laqeydlik və ya güzəşt deyil, insan hüquqlarına və fundamental azadlıqlara hörmətə əsaslanan fəal mövqedir.
Bu gün dünyada müxtəlif dinlər, mədəniyyətlər və dünyagörüşləri arasında anlaşılmazlıqların, ayrı-seçkiliyin, dini və milli zəmində qarşıdurmaların yaşandığı bir vaxtda tolerantlığın əhəmiyyəti daha aydın görünür. Çünki sülh yalnız silahların susması ilə yaranmır. Sülh insanların bir-birinin varlığına, hüquqlarına, inancına və mənəvi dünyasına hörmət etdiyi zaman möhkəmlənir. Həqiqi tolerantlıq məhz bu münasibətin cəmiyyətdə həyat normasına çevrilməsidir.
Azərbaycanın bu sahədəki təcrübəsi isə dərin tarixi köklərə söykənir. Əsrlər boyu müxtəlif xalqların və dini icmaların birgə yaşadığı ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar eyni mənəvi coğrafiyanın ayrılmaz hissəsi olub. Burada fərqli dinlərə mənsub insanlar öz inanclarını yaşadıb, adət-ənənələrini qoruyub, ümumi mədəniyyətimizin formalaşmasına töhfə veriblər. Bu torpağın mənəvi zənginliyi də məhz müxtəlifliyin qarşıdurmaya deyil, qarşılıqlı hörmətə çevrilməsindədir.
Azərbaycanın tolerantlıq ənənəsi müstəqillik dövründə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, dini konfessiyalar arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsinə və ölkədə sağlam dövlət-din münasibətlərinin formalaşmasına xüsusi önəm verirdi. Onun müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyası müxtəlif etnik və dini mənsubiyyətə malik insanları ümumi Vətən, vahid dövlətçilik və milli həmrəylik ətrafında birləşdirən mühüm mənəvi dayağa çevrildi.
Bu siyasi və mənəvi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir və ölkəmiz dünyaya dözümlülük, birgəyaşayış nümunəsi təqdim edir. Prezidentin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında da Azərbaycanın dini abidələrin - məscidlərin, kilsələrin və sinaqoqların bərpasına böyük önəm verdiyi xüsusi vurğulanıb. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə müxtəlif dini və tarixi abidələrin qorunması istiqamətində həm daxildə, həm də xarici ölkələrdə birgə layihələr həyata keçirilib.
Bu siyasətin əməli təzahürlərindən biri 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanan Bakı Prosesi oldu. Müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsinə xidmət edən bu təşəbbüs sonradan beynəlxalq miqyasda əhəmiyyətli platformaya çevrildi. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları da müxtəlif sivilizasiyaların nümayəndələrini ortaq müzakirə məkanında bir araya gətirir. Beləliklə, Azərbaycan tolerantlığı yalnız öz daxilində qorumaqla kifayətlənmir, onu beynəlxalq münasibətlərdə də əməkdaşlıq və qarşılıqlı anlaşma vasitəsi kimi təşviq edir.
Bu mənəvi missiyanın həyata keçirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti də xüsusi yer tutur. Fondun həyata keçirdiyi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi ölkəmizin dini-mədəni irsinin qorunması və müxtəlif konfessiyaların ibadət məkanlarına qayğı göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Layihə çərçivəsində məscidlərin, kilsələrin və digər dini abidələrin bərpası, dini icmaların mənəvi irsinin yaşadılması istiqamətində konkret işlər görülüb.
Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə bir sıra məscidlərdə bərpa və yenidənqurma işləri aparılıb. Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahı, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidləri, Gəncədəki Həzrəti Zeynəb məscidi, Buzovnadakı Cümə məscidi bu istiqamətdə görülən işlərin nümunələrindəndir. Bununla yanaşı, Bakıdakı pravoslav kilsəsində bərpa işləri aparılıb, yəhudi icmasının dini və təhsil həyatına dəstək göstərilib. Bu fəaliyyətin mahiyyəti yalnız tarixi tikililəri qorumaqdan ibarət deyil. Burada əsas məqsəd müxtəlif dini icmaların mənəvi irsinə ehtiram göstərmək, onların öz inanclarını sərbəst yaşatmaq imkanlarını dəstəkləməkdir.
Mehriban Əliyevanın bu sahədəki fəaliyyətinin mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpasıdır. 2020-ci ilin dekabrında Heydər Əliyev Fondunun Qarabağda dağıdılmış dini abidələrin bərpasına başladığı elan edildi. Bu təşəbbüs Şuşada və Ağdamda zərər görmüş məscidlərin, ziyarətgahların və digər tarixi-dini məkanların qorunmasını nəzərdə tuturdu. Şuşada Yuxarı Gövhər Ağa, Saatlı və Mamayı məscidlərində aparılan bərpa və konservasiya işləri bu fəaliyyətin konkret nümunələridir. 2023-cü il mayın 10-da Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin bərpadan sonra açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Bu işlərin mənəvi əhəmiyyəti xüsusilə böyükdür. Çünki dini abidələrin bərpası yalnız memarlıq nümunələrinin yenidən qurulması deyil, həm də tarixi yaddaşın, mədəni kimliyin və mənəvi irsin gələcək nəsillərə çatdırılması deməkdir. Tarixi abidəyə göstərilən ehtiram, əslində, insanın öz keçmişinə və başqa mədəniyyətlərə münasibətinin ifadəsidir.
Azərbaycanın tolerantlıq mühitinin hüquqi əsasları da möhkəmdir. Konstitusiyanın 18-ci maddəsi dinin dövlətdən ayrı olduğunu və bütün dini etiqadların qanun qarşısında bərabərliyini müəyyən edir. 25-ci maddə bərabərlik hüququnu, 48-ci maddə isə vicdan azadlığını təsbit edir. Bu müddəalar hər bir insanın dini inancından və dünyagörüşündən asılı olmayaraq hüquqlarının qorunmasına xidmət edir.
Ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələrinin dövlət və ictimai həyatda fəal iştirakı, dini bayramların qarşılıqlı hörmət şəraitində qeyd edilməsi, fərqli icmalar arasında əməkdaşlıq münasibətlərinin mövcudluğu tolerantlığın gündəlik həyatımızda yaşadığını göstərir. Bu, yalnız dövlət siyasətinin deyil, həm də xalqımızın əsrlər boyu formalaşmış mənəvi xüsusiyyətlərinin nəticəsidir.
Beynəlxalq Tolerantlıq Günü münasibətilə bir daha düşünməliyik ki, dünyanı gözəlləşdirən insanların eyni cür düşünməsi deyil, fərqli düşüncələrə baxmayaraq bir-birinə hörmət göstərə bilməsidir. Birinin duası məsciddə, digərinin duası kilsədə, başqasının ibadəti sinaqoqda səslənə bilər. Ancaq insanlıq, mərhəmət, ədalət və sülh arzusu hamımız üçün eyni mənəvi dəyərdir.
Tolerantlıq elə bir mənəvi körpüdür ki, onun üzərindən xalqlar bir-birinə yaxınlaşır, mədəniyyətlər dialoqa girir, fərqliliklər isə həmrəyliyə çevrilir. Bu dəyəri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Çünki insanlara hörmətin olduğu yerdə sülhün, qarşılıqlı etimadın və birliyin də möhkəm təməli yaranır.
Nurəngiz Adilqızı

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar
Kamran Əliyev Argentina ədliyyə naziri Xuan Bautista Mahikeslə görüşüb
İsmayıllı DOST Evinin açılışından 3 il ötüb
Tolerantlıq – fərqliliklərdən doğan birlik və həmrəylik
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Vaxtından əvvəl doğulan uşaqların sağlam inkişafı üçün nələr vacibdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib tövsiyələr
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
Arzu Əliyeva “Yubiley gecəsi”ndə
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə
AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq
Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı