Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb
Yanvarın 22-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Xüsusi qeyd edilib ki, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri tərəfindən Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Söhbət zamanı iki ölkə arasında çox geniş müqavilə-hüquq bazasının mövcud olduğu bildirilib. Dövlət başçılarının tapşırığına uyğun olaraq hazırlanmış 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə Yol xəritələrinin icrasının nəticələri yüksək qiymətləndirilib, bu müsbət təcrübənin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
Bildirilib ki, Yol xəritələrinin icra olunduğu 2018-2023-cü illəri əhatə edən dövrdə ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və bir çox digər istiqamətlərdə əməli addımlar atılıb. Görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı dinamikası təmin edilib, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
Görüşdə qarşılıqlı investisiya sahəsində həyata keçirilən uğurlu layihələrin əhəmiyyəti qeyd olunub, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sənaye sahəsinin müxtəlif istiqamətlərində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, bu əməkdaşlığın işğaldan azad olunmuş əraziləri də əhatə etdiyi bildirilib.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq bu istiqamətdə geniş imkanların açıldığı diqqətə çatdırılıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün birgə səylərin önəmi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Rusiya arasında enerji, kənd təsərrüfatı, gömrük-sərhəd infrastrukturunun təkmilləşdirilməsi, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.
Sonda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıblar.
Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.