Qubada müasir meyvəçilik və tingçilik üzrə təlim proqramına başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzi tərəfindən Quba rayonunda beynəlxalq təcrübəyə əsaslanan “Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı” mövzusunda təlim proqramına başlanılıb.
Proqramın əsas məqsədi meyvəçilik və tingçilik sahələrində müasir texnologiyaların tətbiqini genişləndirmək, beynəlxalq təcrübəni yerli mütəxəssis və fermerlər arasında yaymaq, sertifikatlı ting istehsalını təşviq etmək və intensiv bağçılığın inkişafına dəstək göstərməkdir.
AXA-nın sədri Sərdar Hacıyev müasir bağçılığın inkişafında keyfiyyətli və sertifikatlı ting istehsalının, düzgün sort və calaqaltı seçiminin, eləcə də elmi yanaşmaların istehsalata tətbiqinin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda tingçilik sahəsinin inkişafı, keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və aqrar innovasiyaların təşviqi əsas prioritetlər kimi müəyyən edilib. O, müasir bağçılığın davamlı inkişafı üçün dövlət qurumları, elmi müəssisələr, özəl sektor və fermerlər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edənlər aqrar sektorun ölkə iqtisadiyyatında strateji əhəmiyyətindən və regionların sosial-iqtisadi inkişafında kənd təsərrüfatının rolundan bəhs ediblər. Quba rayonunun əlverişli təbii-iqlim şəraiti, zəngin meyvəçilik ənənələri və aqrar istehsal potensialının bu sahənin inkişafı üçün geniş imkanlar yaratdığı vurğulanıb. Həmçinin, mövcud potensialın daha səmərəli reallaşdırılması üçün müasir bağçılıq texnologiyalarının tətbiqinin, sağlam və sertifikatlı tinglərdən istifadənin genişləndirilməsinin, eləcə də meyvə istehsalında məhsuldarlıq və keyfiyyətin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Proqram çərçivəsində müasir meyvə tingliklərinin yaradılması, sertifikatlı ting istehsalı, sağlam və məhsuldar bağların salınması, eləcə də meyvəçiliyin inkişafında calaqaltı-sort kombinasiyalarının rolu mövzularında nəzəri və praktiki sessiyalar keçirilib.
Üç gün davam edəcək tədbir çərçivəsində əldə olunan bilik və təcrübənin daha geniş auditoriyaya çatdırılması, eləcə də iştirakçıların təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Proqramın sonunda iştirakçılar Xaçmaz rayonunda yerləşən nümunəvi tingçilik təsərrüfatında praktiki məşğələlərə cəlb olunacaqlar. Bu yanaşma nəzəri biliklərin praktikada tətbiqinə və iştirakçıların peşəkar bacarıqlarının artırılmasına xidmət edir.