Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi


17 Noyabr – Milli Dirçəliş Günü günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil olunub.
MEK-dən bildirilib ki, sərgidə xalqımızın milli birliyini, azadlıq istəyini, öz taleyini müstəqil müəyyənləşdirmək əzmini və dövlətçilik iradəsini əks etdirən nəşrlər nümayiş olunub. Kitablarda Azərbaycan xalqının milli oyanışının, tarixi yaddaşının və istiqlal mübarizəsinin mərhələləri, xalq hərəkatının yaranma səbəbləri və gedişi, eləcə də Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolda oynadığı mühüm rol işıqlandırılır. Nəşrlərdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciətin tam mətni, Ulu Öndərin və Prezident İlham Əliyevin milli birlik və dövlət müstəqilliyi istiqamətində həyata keçirdikləri siyasət, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri haqqında məlumatlar yer alıb.
Sərgidə “Heydər Əliyev siyasəti: tarix və müasirlik”, “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu”, “Heydər Əliyevin böyük siyasət yolu”, “Heydər Əliyev – İlham Əliyev: azərbaycançılığın zəfər yolu”, “Zamana sığmayan lider”, “Heydər Əliyev – İlham Əliyev dövlət quruculuğu xətti: konseptual yanaşma”, “100 ilin imzası”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” və digər nəşrlər təqdim olunur. Bununla yanaşı, MEK tərəfindən tərtib edilmiş “Görkəmli dövlət xadimi Heydər Əliyev” və “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafiyalar da sərgidə nümayiş etdirilib.