Səudiyyə nəşri: Azərbaycan ərəb dünyası üçün mühüm ölkədir
Azərbaycan ərəb dünyası üçün mühüm ölkədir. AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Londonda nəşr edilən “Riyad Herald” qəzetində bu sərlövhə altında geniş redaksiya məqaləsi dərc olunub.
Məqalədə diqqətə çatdırılıb ki, bir neçə il əvvəl Britaniya Parlamentində Azərbaycanda investisiya perspektivləri ilə bağlı keçirilən tədbirin təşkilatçıları ərəb mediasına xüsusi diqqət yetirərək, ərəb diaspor mətbuatının nümayəndələrini, həmçinin Britaniya siyasətçilərini, investorları və jurnalistləri dəvət etmişdi. “Etiraf etmək lazımıdır ki, bu tədbir bizim üçün həlledici an oldu. Uzun illər beynəlxalq ictimaiyyət, o cümlədən ərəb dünyası keçmiş sovet respublikalarına oxşar dövlətlər qrupu kimi yanaşırdı. Qərb mediasının bu respublikalara etinasız yanaşması, ərəb siyasətçiləri və jurnalistlərinin onlara marağının olmaması Çindən Qafqaza qədər uzanan bu respublikaların əhəmiyyətini anlamağa mane olurdu. Həmin tədbirdə Prezident İlham Əliyevin qızı Leyla Əliyeva çıxış edərək ölkəsinin potensialı və onun sərmayədarlara verdiyi güzəştlərdən danışdı. Bu kimi faktlar Azərbaycan haqqında təsəvvürləri yenidən nəzərdən keçirməyə vadar etdi”, -deyə yazıda diqqətə çatdırılır.
Azərbaycanın İslam dünyasında ən dünyəvi, eyni zamanda, dini dəyərlərə yüksək qiymət verən ölkə olduğu qeyd edilən məqalədə vurğulanır ki, türk kimliyi azərbaycanlıların mentalitetində əsas yer tutur. Məhz Türkiyə ilə yaxınlıq azərbaycanlılar üçün prioritetdir. Ərazilərin erməni işğalından azad edilməsində də bu amil mühüm rol oynadı.
Məqalədə qeyd olunur ki, Yaxın Şərq regionunda baş verən son hadisələr fonunda Körfəzin ərəb ölkələrinin Azərbaycanla əlaqələri daha da möhkəmlənir. “Ərəb ölkələri üçün əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın timsalında mühüm və konkret fəaliyyət kursudur. Bu ölkə zəngindir və böyük potensiala malikdir. BƏƏ-Azərbaycan münasibətləri modeli çox aktual bir nümunədir. İki ölkə bir çox sahələrdə sıx əlaqələr saxlayır. Bu dövlətlərin liderləri - Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Prezident İlham Əliyev son bir il ərzində üç dəfə görüşüblər. BƏƏ Prezidentinin Bakıya son səfəri zamanı strateji və iqtisadi koordinasiya məsələləri müzakirə olunub, regionda sülhün təmin edilməsi üçün birgə fəaliyyətə sadiqlik vurğulanıb, əməkdaşlığa dair mühüm sənədlər imzalanıb”, -deyə qəzetin yazısında vurğulanıb.
Redaksiya məqaləsində Azərbaycanın Səudiyyə Ərəbistanı, Küveyt və digər ərəb ölkələri ilə əlaqələrinin inkişafından da bəhs edilib.