lider-media.az

Ekspert telekanallarda təhsil mövzusunun işıqlandırılmasına münasibət bildirib

Tarix: 4-03-2024, 16:58

Təhsil millətin gələcəyidir. Media resurslarının bu təbliğatı aparması vacib məsələdir. Təəssüf ki, telekanallarda təhsil mövzusunda verilişlər çox olmur. Efirlərdə daha çox şou xarakterli, habelə ailə və məişət ilə bağlı mövzulara müraciət edilir.

Bu fikri AZƏRTAC-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi söyləyib.

Təhsil eksperti deyib: “İlk növbədə, televiziya kanallarının rəhbərləri bu məsələni diqqətdə saxlamalıdırlar. Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrini əsas götürərək daha çox təhsilli gənclər və savadlı kadrların yetişdirilməsinə çalışmalıyıq”.

Dünyada yeniliklərin sürətlə baş verdiyini diqqətə çatdıran ekspert vurğulayıb: “Bu yeniliklərin hər biri ilə ayaqlaşmaq və müasir çağırışlara cavab vermək üçün hərtərəfli təbliğat aparılmalıdır. Bu təbliğatda isə media böyük rol oynaya bilər. Bu gün gənc nəslin dünyagörüşünü formalaşdırmaq üçün verilişlər hazırlanmalı, çəkilişlər aparılmalıdır. Təhsil, texnoloji yeniliklər və insanların elmə dəvət olunması ilə bağlı müəyyən təşviqedici verilişlər hazırlanmalıdır”.

Ekspertin fikrincə, təbliğat üçün istiqamətlərdən biri təhsildə uğur qazanan gənclərlə müsahibələrin aparılmasıdır: “Dünyanın bir çox nüfuzlu universitetlərində təhsil alan vətəndaşlarımız var. Biz həmin gəncləri əyani, yaxud onlayn qaydada telekanallarda və digər media vasitələrində çıxış üçün dəvət etməliyik. Onlar təhsil təcrübələrini bölüşə bilərlər. Həmçinin beynəlxalq olimpiada qaliblərini, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda yüksək nəticə əldə etmiş gəncləri dinləyə bilərik. Beləliklə, onların uğurlarından digər gənclər də nümunə götürə bilərlər.

Günümüzdə isə təhsil mövzusunda verilişlərə nadir hallarda rast gəlirik. Belə olan halda, cəmiyyətdə birtərəflik formalaşır. Lakin biz təhsili daha çox önə çıxarsaq, o zaman insanlarda cəmiyyətin tərəqqisinin təhsil ilə mümkün olduğuna dair fikirlər formalaşa bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi