lider-media.az

Milli Məclisin növbəti plenar iclası keçirilib

Tarix: 23-02-2024, 20:52


Fevralın 23-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Parlamentin komitə sədri Zahid Oruc, deputatlar Elşən Musayev, Elman Nəsirov, Musa Qasımlı, Bəhruz Məhərrəmov, Elşad Mirbəşir oğlu, Sahib Alıyev, Vahid Əhmədov, Aydın Mirzəzadə, Vüqar Bayramov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçildikdən sonra Münxen Təhlükəsizlik Konfransında iştirakı, burada Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa edən qalib lider kimi qarşılanan İlham Əliyevin bir sıra ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlərdən bəhs edilib. Münxendə Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində Azərbaycanla Ermənistan arasında danışıqların vasitəçisiz baş tutduğu bildirilib. Fransanın öz məkrli siyasətini davam etdirərək qərəzli mövqe nümayiş etdirdiyi  pislənilib.

Deputatlar Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçildikdən sonra ilk rəsmi səfərini, həmişə olduğu kimi, Türkiyəyə etməsini Azərbaycan-Türkiyə dostluğunun yüksək səviyyədə olduğunun göstəricisi kimi dəyərləndiriblər.

Millət vəkilləri son 20 ildə aparılan siyasət nəticəsində ölkəmizin geosiyasi mövqeyinin daha da  gücləndirildiyindən, regionda həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycanın reallaşdırdığı neft-qaz layihələri regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr regionun inkişafını dəstəkləyir.

1992-ci ildə Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayət olduğunu deyən millət vəkilləri bildiriblər ki, Xankəndidə Azərbaycanın dövlət bayrağının dalğalanması, ölkəmizin bütün ərazisində suverenliyinin bərqərar edilməsi xalqımızın həyatında yeni mərhələnin başlamasından xəbər verir.

Deputatlar Milli Məclisin sədri Sahibə Qafarovanın Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasındakı Azərbaycanın milli maraqlarını müdafiə edən məzmunlu çıxışında səsləndirdiyi fikirləri də dəstəklədiklərini söyləyiblər.

Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, bu gün iclasda 11 məsələ müzakirə olunacaq. O, gündəliyin ilk iki məsələsinin Milli Məclisin qərar layihələri olduğunu qeyd edib. Spiker diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi Prezidentin təqdimatına əsasən, Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqındadır.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ barədə məlumat verib. O, məsələyə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib. Komitə sədri Fikrət Məmmədovun uzun illər uğurla fəaliyyət göstərdiyini, onun çalışdığı dövrdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə töhfə verdiyini, ədliyyə orqanlarına rəhbərliyi dövründə parlamentlə səmərəli əməkdaşlıq etdiyini, ədliyyə orqanlarını beynəlxalq təşkilatlarda layiqincə təmsil etdiyini bildirib. Qeyd edilib ki, Fikrət Məmmədov Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır və onun peşəkar və təcrübəli hüquqşünas kimi  Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyinin verilməsi təqdirəlayiqdir.

Məsələ ilə bağlı müzakirələrdə deputat Qüdrət Həsənquliyev öz qeyd və təkliflərini səsləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova tanınmış hüquqşünas, təcrübəli və səriştəli mütəxəssis olan Fikrət Məmmədovun bu çətin və məsuliyyətli vəzifədə uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Sonra məsələ ilə bağlı Milli Məclisin qərar layihəsi qəbul olunub.

Fikrət Məmmədov iclasda çıxış edərək, Prezident İlham Əliyevə bu mühüm vəzifəyə  onun namizədliyini verdiyinə görə öz dərin təşəkkürünü ifadə edərək,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin andını səsləndirib. O, bildirib ki, Ulu Öndərin müəllifi olduğu Konstitusiyaya xidmət etmək şərəfli və məsuliyyətli vəzifədir. Fikrət Məmmədov Azərbaycanın ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını işğaldan azad etdiyini  və həmin ərazilərdə Konstitusiyamızın hüquqi qüvvəsinin bərpa olunduğunu qeyd edərək, belə bir dövrdə Konstitusiyanın aliliyinin qorunmasına xidmət etməyin əhəmiyyətli olduğunu söyləyib.

Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunvericiliyə uyğun olaraq, hər il Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsini dinləyir. O, bildirib ki, məsələ ilə əlaqədar olaraq ədliyyə nazirinin müavini Vilayət Zahirov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov və baş məsləhətçi Səfa Cəfərov iclasda iştirak edirlər.

İclasda ədliyyə nazirinin müavini Vilayət Zahirov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəni təqdim edib.

Ötən  ilin ölkəmiz üçün çox mühüm əlamətdar hadisələrlə zəngin olduğunu deyən nazir müavini Vilayət Zahirov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması çərçivəsində  Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun ötən il suverenliyimizi tam təmin etməsinin tarixi əhəmiyyətinə toxunub. O, Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində bütün sahələri əhatə edən genişmiqyaslı quruculuq işlərinin, davamlı tərəqqinin yerli demokratiyanın, bələdiyyə institutunun inkişafına da aid olduğunu söyləyib. Nazir müavini ötən ildə yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər, Ədliyyə Nazirliyinin bələdiyyələrə inzibati nəzarəti həyata keçirmək və onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə gördüyü işlər barədə məlumat verib.

Qeyd olunub ki, 2023-cü ildə inzibati nəzarət orqanına hüquqi ekspertiza üçün  təqdim olunan bələdiyyə aktlarının sayı 8 faiz artaraq ilk dəfə 100 mini keçib. Bu aktların  96 faizinin  qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Ümumilikdə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3800-dən çox aktla bağlı qanunamüvafiq tədbirlər görülüb. Nazir müavini ötən ildə bələdiyyə fəaliyyəti ilə bağlı vətəndaşların, həmçinin şəhid ailələrinin, müharibə əlili və iştirakçılarının müraciətlərinin təmin edilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

O, bələdiyyə vəsaitinin təyinatına uyğun istifadə olunması, bələdiyyə əmlakından istifadədə şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması istiqamətində həyata keçirilən qanunamüvafiq tədbirlərdən danışıb. Qeyd olunub ki, 14 min hektardan çox torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib ki, bu da 2022-ci illə müqayisədə 1195 ha çoxdur.

İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 30 halda ciddi qanun pozuntuları ilə bağlı toplanmış materiallar hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan artıq 15-i üzrə cinayət işi başlanılıb. 2023-cü ildə bələdiyyələrin 63 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Nazir müavini deyib ki, 2023-cü ildə nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək, onlara metodoloji yardım göstərilməsi ilə bağlı tədbirlər də davam etdirilib. Bələdiyyələrlə aparılan metodoloji işdə yerli büdcə gəlirlərinin artırılması məsələləri xüsusilə diqqətdə saxlanılır. Nazirliyin metodiki köməyi ilə görülən işlər nəticəsində, son üç ildə  yerli büdcə gəlirləri 12,4 milyon manat (35%), o cümlədən yerli vergilərdən daxilolmalar 6 milyon manat (43%) artaraq bələdiyyələrin gəlirləri 47,4 milyon manat səviyyəsinə yüksəlmişdir. Nazir müavini beynəlxalq əlaqələrin genişləndirilməsinə, təcrübə mübadiləsinin aparılmasına və digər aktual məsələlərə dair görülən işləri diqqətə çatdırıb.

2024-cü ildə ölkəmizdə bələdiyyələrin yaranmasının 25 ilinin tamam olduğunu deyən nazir müavini bununla əlaqədar cari ildə aidiyyəti qurumların iştirakı ilə silsilə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Nazir müavini çıxışının sonunda vurğulayıb ki, ümumilikdə 2023-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunub.

Sonra parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı komitənin rəyini təqdim edib.

O, məsələnin komitədə geniş müzakirə olunduğunu, məruzənin dolğun və əhatəli hazırlandığını söyləyib.

Komitə sədri 2023-cü ilin ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətindən söhbət açıb. O, bildirib ki, ötən il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması, ölkəmizin bütün ərazilərində suverenliyimizin təmin edilməsi, növbədənkənar Prezident seçkilərinin keçirilməsi kimi önəmli hadisələrlə yadda qalıb. Bu dövrdə bələdiyyələr də səmərəli fəaliyyət göstərib, proseslərdə aktiv iştirak ediblər. Qeyd olunub ki, ölkə Prezidenti andiçmə mərasimində bütün sahələrdə qarşıya qoyulan vəzifələr barədə, o cümlədən regional idarəetmə və yerli özünüidarəetmə ilə bağlı öz fikirlərini səsləndirib.

Siyavuş Novruzov bələdiyyələrlə bağlı müvafiq orqan tərəfindən lazımi tədbirlərin görüldüyünü, bu sahənin təkmilləşdirilməsi, qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsi üçün tövsiyələr verildiyini, nəzarət mexanizminin həyata keçirildyini bildirib. Komitə sədri bələdiyyə mülkiyyətinə aid olan xəritələrin 95 faizinin hazır olduğunu söyləyib. O, bələdiyyələrin statusu, habelə sayı ilə bağlı, bu qurumların birləşməsi, ayrılması, ləğv edilməsi məsələlərinə də toxunub. Həmçinin o, əhali sayına görə bələdiyyələrin formalaşdırılması, böyük bələdiyyələrin yaradılması, bələdiyyələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində lazımi addımların atılmasının əhəmiyyətindən danışıb.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Vüqar Bayramov çıxış ediblər, fikir və qeydlərini səsləndiriblər.

İclasda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzə nəzərə alınıb.

Parlamentin spikeri Sahibə Qafarova gündəliyin növbəti beş məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.  O, növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Sədr qeyd edib ki, gündəliyin 3-cü məsələsi “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), 4-cü məsələsi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,  Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələridir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova adları qeyd olunan hər iki qanuna komitədə üçüncü oxunuşda baxıldığını, əlavə heç bir təklifin olmadığını söyləyib və səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əlaqələndirmə mexanizminin yaradılması məqsədilə hazırlanıb.

İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov 3-cü məsələ barədə bu komitənin müsbət rəy verdiyini söyləyib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 3-cü məsələ ilə bağlı bu komitənin də müsbət rəy verdiyini bildirib. O, habelə müzakirələr zamanı səsləndirilən bəzi fikirlərə aydınlıq gətirildiyini də qeyd edib.

Əli Hüseynli bununla yanaşı, gündəliyin 4-cü məsələsi barədə də fikirlərini açıqlayıb. O, bildirib ki, layihədə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun tətbiqi ilə bağlı uyğunlaşdırma xarakterli dəyişikliklər nəzərdə tutulub.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu məsələ ilə bağlı rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci və ikinci oxunuşlardan sonra qanun layihəsi ilə bağlı əlavə təkliflərin daxil olmadığını deyib və səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun  layihəsi haqqında danışıb. O, sənəd barədə birinci və ikinci oxunuşlar zamanı geniş və əhatəli məlumat verildiyini, dəyişikliklərlə bağlı komitəyə heç bir əlavə qeydin daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, sənədlə bağlı birinci və ikinci oxunuşlar zamanı komitəyə heç bir əlavə təklifin daxil olmadığını bildirib və səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, növbəti məsələ “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsidir. O, qanun layihəsinin uyğunlaşdırma xarakteri daşıdığını və müvafiq Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, layihə "İstehsalat və məişət tullantıları haqqında" Qanunda dəyişiklik edilməsi ilə bağlı 2023-cü il 24 iyun tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Sənəddə 12 qanuna uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliklərdə "istehsalat və məişət tullantıları" sözlərinin "tullantılar" sözü ilə əvəz edilməsi nəzərdə tutulur. Qeyd edilib ki, 2023-cü il 24 iyun tarixli dəyişikliklə qanunun tənzimləmə sahəsi genişləndirilərək nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı məsələlərin də istehsalat və  məişət tullantıları ilə bağlı qanun çərçivəsində tənzimlənməsi həyata keçirilmiş və bu səbəbdən "İstehsalat və məişət tullantıları haqqında" qanun "Tullantılar haqqında" qanun adlandırılmışdır.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məsələ ilə bağlı bu komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Deputat Razi Nurullayev çıxış edərək məsələ ilə bağlı bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova gündəliyin son üç məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu deyib.

Parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, təklif edilən dəyişikliklər cinayət təqibi gedişində mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini nəzərdə tutur. Layihəyə əsasən üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcəkdir.

Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 443-cü maddəsinə müvafiq dəyişikliklər edilərək, təxirəsalınmaz hallarda, məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında aparılmış istintaq hərəkətlərinin qanuniliyinin yoxlanılmasının xüsusiyyətlərini və nəticələrini müəyyən edən yeni prosessual normaların əlavə edilməsi təklif olunur.

Deputat Razi Nurullayev sənədlə bağlı fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova bildirib ki, növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsidir. O, qeyd edib ki, layihə "Fövqəladə vəziyyət haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2023-cü il 24 fevral tarixli Qanunun icrası məqsədilə hazırlanıb. Sədr qeyd edib ki, həmin qanunun icrası ilə əlaqədar cənab Prezidentin eyni məktubu ilə Milli Məclisə daha bir qanun layihəsi də təqdim olunub. Bu layihə uyğunlaşdırma xarakteri daşıdığı üçün bir oxunuşda qəbul edilməlidir. Bu səbəbdən indi birinci oxunuşda müzakirəyə təqdim edilən bu qanun layihəsinin üçüncü oxunuşu ilə eyni vaxtda həmin qanun layihəsi bir oxunuşda müzakirəyə çıxarılacaq.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişikliklə bağlı məlumat verib. O, bildirib ki, ötən il  "Fövqəladə vəziyyət haqqında" Qanuna müvafiq dəyişikliklər qəbul edilərək fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən, sosial xarakterli fövqəladə mühit rejimini nəzərdə tutan yeni hüquqi normalar müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Bu inzibati xətalara dair işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılması təklif edilir. Qeyd edilib ki, eyni zamanda, layihədə fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına və dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulmasına görə də inzibati tənbehlərin sərtləşdirilməsi təklif olunur.

Deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Erkin Qədirli sənədlə bağlı fikirlərini və bəzi qeydlərini bildiriblər. Deputat Kamal Cəfərov səsləndirilən məsələlərə aydınlıq gətirib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun  layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, sənəd məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davam etdirilməsini nəzərdə tutur. Layihə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, layihədə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlərinin Məhkəmə-Hüquq Şurasına həvalə edilməsi öz əksini tapıb. Belə ki, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək, birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək, birinci instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturunu və ştat cədvəlini təsdiq etməklə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid edilir.

Digər dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanının hakimlər barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır. Bundan başqa, layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı müraciət olmadan, qanunla müəyyən edilmiş hallarda bütün instansiya məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd olunur. Dəyişikliklərin 2024-cü il iyunun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlar Fəzail Ağamalı, Etibar Əliyev, Tahir Kərimli çıxış ediblər, öz qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Əli Hüseynli deputatların fikirlərinə münasibət bildirib.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi