lider-media.az

QALİB  AZƏRBAYCANIN UĞURLU GƏNCLƏR SİYASƏTİ

Tarix: 2-02-2024, 11:35

   


  Ömrün çılğın çağlarını yaşayan gənclər mənsub olduqları cəmiyyətin aparıcı qüvvəsi, xalqın, millətin, dövlətin işıqlı sabahı, etibarlı gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü  yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Aqillər deyiblər ki, gənclərin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur.

     “Gənclər böyük qüvvədir... Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməliidir, ailəsi haqqında düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”- deyən ümummilli liderin diqqət və qayğısı sayəsində onun sağlığında Azərbaycan gəncliyi daha inamlı, mütəşəkkil və məfkurəli, əzəmətli və qüdrətli qüvvəyə çevrildi. Azərbaycanda gəncliyə qayğını artırmaq və diqqət mərkəzində saxlamaq məqsədilə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral ölkəmizdə “Gənclər Günü” kimi təsis edildi. Bu tarixi qərar Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran xalqımızın ümummilli liderinin ölkə gəncliyinə diqqət və qayğısının bariz nümunəsidir.

     1994-cü ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.

     Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum ümummilli liderin gəncliklə bağlı müəyyən etdiyi strategiyanın təntənəsi oldu.

     Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli yönündə həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-cı illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradırdı.

     Ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün uğurla davam etdirilir və Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəslənlir və onlara yüksək şərait yaradılması istiqamətində mühüm Dövlət proqramları qəbul edilir.

     Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət həyata keçirməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimiz gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 28-də "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"nı təsdiq edib.

     Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

     Davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda dövlət tərəfindən davam etdirilən konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.

     Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişaf, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan, 44 günlük Vətən müharibəsindən şərəflə çıxması Azərbaycan gəncinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayişi idi. Bununla torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən gənclərimiz dövlətin onlara olan etimadını layiqincə doğrultdular.

     Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Ötən il Laçın-Xankəndi yolunda böyük fədakarlıq göstərən gənclərimiz düşmənə yenə də gözdağı verdilər. Əsasən, gənclərdən ibarət olan azərbaycanlı ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolu üzərində dinc aksiya keçirməklə məqsədlərinə nail oldular. Gecə-gündüz şaxtalı-qarlı havada öz haqlarını tələb edən gənclərin bu fədakarlıqları dövlət tərəfindən yüksək  qiymətləndirildi. Beləliklə, Azərbaycan gəncinin nə qədər ali keyfiyyətlərə malik olmasına dünya şahid oldu.

     Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı olmuş, bu təbəqəyə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və yeni mərhələyə yüksələn gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib.

     Əminik ki, gəncliyimiz fevralın 7-də növbədənkənar prezident seçkilərində də öz fəallıqları ilə fərqlənəcək, xoşbəxt, firavan sabahımıza səs verəcəkdir.

     Bəli, bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, dövlətin daim diqqət və qayğısı ilə əhatə olunan gənclərin müstəqil Azərbaycanın inkişafı yolunda rolu böyükdür. Təbii ki, bu da ulu öndərin əsasını qoyduğu gənclər siyasətinin təntənəsidir.

       

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi