lider-media.az

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi yeni inkişaf erasında qazanılacaq uğurlarımızın formuludur

Tarix: 24-02-2024, 20:14

Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqi Azərbaycanın siyasi təqvimində fevralın 7-də başlayan yeni inkişaf erasının proqram sənədi kimi səciyyələndirilə bilər. Bu nitq tarixi əhəmiyyəti, siyasi çəkisi, strateji prioritetlərin sıralanması baxımından Ümummilli Lider Heydər Əliyevin Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətini xatırladır. Eyni zamanda, Ulu Öndərin Azərbaycan xalqına müraciətində dövlətçilik qarşısında qoyduğu vəzifələrin artıq yerinə yetirilməsinin hesabatı kimi səciyyələndirilə bilər.

Xalqımızın sarsılmaz etimadını qazanan Prezident İlham Əliyev verdiyi mesajlarda tam suverenliyini, ərazi bütövlüyünü bərpa edən Azərbaycan dövlətinin qarşıdakı onilliklərdə qət edəcəyi tarixi yolun trayektoriyası da cızılmış oldu. Daha güclü Azərbaycan əsrinin postulatları şübhəsiz ki, yeni yazılacaq dövlətçilik tariximizin fövqəladə vacib hədəfləri üzərində fokuslandı, qüdrətli Azərbaycanın quruculuğu yönündə qarşıda duran məqsəd və vəzifələrin ümumi mənzərəsini aydın şəkildə göz önündə canlandırdı.

Üçüncü tərəfdən, inauqurasiya nitqi Zəfərimizdən sonra formalaşan tamamilə yeni hərbi, siyasi, iqtisadi, texnoloji, mədəni reallıqda Ümummilli Lider Heydər Əliyevin sözügedən müraciətində milli varlığımızı əbədiyaşar edən ideya və amillərlə bağlı indiki, eyni zamanda, gələcək nəsillərə vəsiyyətinin strateji məqamlarının konstatasiyası oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili departamentinin müdiri professor Tahirə Allahyarovanın “Prezident İlham Əliyevin andiçmə nitqindəki ideya və amillərin strateji məqamlarının təhlili” sərlövhəli məqaləsində əksini tapıb.

Məqalədə bildirilir ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil dövlətin bərpasıdırsa, XXI əsrin ilk yarısının cahanşümul hadisəsi suverenliyin tam təminatı, Qarabağın azad edilməsidir. Azərbaycan Prezidentinin nitqində dövlətimizin və xalqımızın məhz bu Qələbənin şərtləndirdiyi tarixinin dönüş nöqtəsini yaşaması əhatəli şəkildə əksini tapdı.

Bu çıxış Azərbaycan xalqının ötən dövr ərzində həm sosial-iqtisadi həyatının, həm də xarici siyasət sahəsində gələcək inkişafının aydın konturlarını müəyyən etdi. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda mübarizə apardığı və ölkənin ərazi bütövlüyünün bərpasının Qələbə ilə başa çatdırıldığı tarixi dövrü dəyərləndirdi. Qeyd olundu ki, ötən illər ərzində düzgün qurulmuş iqtisadi siyasət sayəsində ölkəmizdə qüdrətli ordunun qurulması, onun ən müasir silah növləri ilə təchiz edilməsi böyük Qələbənin əldə edilməsini şərtləndirib.

Bundan əlavə, Azərbaycan Prezidenti xəyanətkar separatçı niyyətlərin yuvasına çevrilən Xankəndidə dövlətçiliyimizin bərqərar olmasının, dövlət Bayrağımızın ucaldılmasının ölkəmizin daxili və xarici siyasət strategiyasını köklü surətdə yenilənməsini zərurətə çevirdiyini vurğuladı. O, yeni mərhələdə, yeni erada bütün dünyada köklü, dönməz dəyişikliklərin baş verdiyi bir zamanda ölkəmizin və dövlətimizin gələcəyini müəyyənləşdirən ən mühüm tarixi hadisələrdə hər birimizin üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırdı.

XXI əsrin hərb savaşının qalibi olan Azərbaycan Ordusunun daha da gücləndirilməsinin, hərbi-texnoloji inqilabın nailiyyətlərindən hərtərəfli istifadə edilməsinin vacibliyi, eyni zamanda, döyüş meydanında həlledici amilin yenə də Azərbaycan əsgərinin olması faktı vurğulandı.

Dövlətimizin başçısı nitqində qalib Ordumuzda şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin ən yüksək səviyyədə olduğunu bəyan etdi, bunun qorunub saxlanması ilə bağlı vəzifələrin konturlarını müəyyənləşdirdi. Çıxışda, habelə tarixdə indiyə qədər heç bir ölkədə rast gəlinməyən məcburi köçkünlərin doğma torpaqlarında yenidən məskunlaşması nəzərdə tutan Böyük Qayıdış strategiyasının ardıcıl və qətiyyətlə həyata keçirilməsi istiqamətində görülən real işlərə toxunuldu.

Müəllif, həmçinin yazır ki, yeni eranın əsas fokus nöqtəsi onu yaradacaq yüksək savada malik hərtərəfli, çevik və rəqabətədavamlı Azərbaycan gəncliyidir. Məhz buna görə hər bir dövlətin sabahı sayılan gənclərin ideoloji hədəf kimi seçilməsi yeni geosiyasi savaş meydanıdır. Azərbaycan Prezidentin nitqində hərbi quruculuqdan sonra strateji hədəf qismində ideoloji məsələlər, risk və təhdidlər, gənclərimizin milli-mənəvi dəyərlər əsasında formalaşması qarşıda duran həyati vacib məqsədlər sırasına daxil edildi.

Zəfərimizdən sonra Ermənistanın özünün isterika səviyyəsinə çatmış revanşizm siyasətini, qisasçılıq niyyətlərini başlıca strategiya kimi seçdiyi sirr deyil. Qələbəmizdən keçən üç il ərzində bu siyasət özünü hər gün daha çox büruzə verməkdədir. Nə regionumuzu yeni silah-sursat cəbbəxanasına döndərən Ermənistana himayədarlıq edən ölkələr, nə də işğalçılıq siyasətinin rüsvayçı məğlubiyyətindən dərs çıxarmayan rəsmi İrəvan özünün sülhdə maraqlı olmadığını hər dəfə göstərir. Dünya güclərinin ikili standartlar siyasəti isə bu reallığı görmək iqtidarında deyil.

Belə olan halda, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan və havadarları yeni savaşa - informasiya müharibəsinə səfərbər olub. Bu müharibədə dezinformasiya, ictimai şüurun manipulyasiyası, ölkəmizə qarşı saxta ittihamlarla dolu qətnamələrin qəbulu, sanksiyalara sürüklənmə cəhdləri, beynəlxalq imicin demonizasiyası prosesi tam sürətlə davam edəcək. Bu prosesi, habelə bütün Qərb dünyasında gedən seçkilər fonunda bir tərəfdən diaspor maliyyəsinə ehtiyac, digər tərəfdən siyasi xal qazanmaq, həmçinin qlobal xristian təşkilatlarını da cəlb etməklə ona siyasi, dini-ideoloji “səlib yürüşü” xarakteri vermək imkanları daha da tətikləyir.

“Beynəlxalq geosiyasi zəlzələ” adlanacaq yeni dünya düzəni, Qərb-Şərq sivilizasiyaları arası toqquşma müzakirələri də erməni həmrəyliyini yönəldən amil kimi istismar edilir. Nikol Paşinyanın Avroparlament tribunasında “etnik təmizləmə” mövzusunda çıxışının ayaq üstə alqışlanması bu prosesə, sadəcə, bir faktdır.

Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsində ilk addım Zəfər yaddaşının, qalib kimliyin formalaşdırılmasıdır. Misli görünməmiş Qələbə tariximizin milli yaddaşa həkk edilməsi ilə bağlı məsələlər, Zəfərimizin təbliğinin siyasi-ideoloji, mənəvi əsaslarına dair vəzifələr ilk sırada durur. Bu sahədə konkret məsul qurumun yaradılması yeni erada məqsədlərə nail olunması yönündə vacib hesab edilə bilər. Etiraf edək ki, hazırda Zəfərimizdən 3 il keçməsinə baxmayaraq, ideoloji, mədəniyyət, kino, ədəbiyyat və digər sahələrdə yaddaqalan hər hansı musiqi, film, əsər və s. yoxdur.

Prezident İlham Əliyevin toxunduğu yeni erada görüləcək ən strateji tədbirlərdən biri də Azərbaycana qarşı bütün sahələrdə resursları səfərbər edən revanşist erməni diasporunun qlobal siyasi korrupsiya şəbəkəsinin faktlarla ifşa olunmasıdır. Birmənalı və yekdil qənaət bundan ibarətdir ki, milli ideya və dəyərlər mövzusu həmişə çətin vaxtlarda, dünyanın və dövlətin inkişafının dönüş nöqtələrində xüsusilə aktuallaşır.

Şərq müdriklərinə görə, “əgər hara getdiyini bilmirsənsə, o zaman heç bir səmt küləyi sənə kömək edə bilməz”. Çünki məhz ideya və devizlərdə qısa formada təcəssüm tapmış milli ideya xalqı ümumi məqsədə çatmaq üçün birləşdirməyə, onun səfərbəredici və qurucu enerjisini dəfələrlə artırmağa, bütün qüvvələri səfərbər etməyə, milli birliyi yaratmağa imkan verir. Yaxud da əksinə, ölkənin özünün ideoloji “istinad nöqtəsi”nin olmaması dövləti dünyanın bütün - geosiyasi, iqtisadi, mədəni, mənəvi-ideoloji səhnələrində həssas vəziyyətdə qoyur. Cəmiyyətin sabaha inamı zəif təməllər üzərində qalır, sabitqədəm yaşam tərzinə xələl gəlir.

“Tarixin sınağından çıxan yekdil qənaətə görə, mədəniyyət, mənəviyyat, dəyərlər və ideyalar sistemi elə bir sahədir ki, burada baş verən itkilər heç zaman qaytarıla bilməz. Prezident İlham Əliyevin nitqində dəyərlər, ideologiya məsələsi məhz buna görə güclü Ordudan sonra strateji sıralamada ikinci yerdə bərqərar olub.

Hər bir xalqın milli birliyinin, mənəvi dəyərlərinin cəmlənmiş ifadəsi, dövlətin hədəflərinin təcəssümü olan milli-mənəvi dəyərlər və ideyalar sistemi olmadan heç bir ölkə uğur qazana bilməz. Milli kimlik və mənəvi ideallarda öz əksini tapmış dəyərlər insanların dünyagörüşünə və davranışına təsir göstərir.

Dəyərlərimiz yetişən gənc nəslə yol göstərən mayaklar rolunu oynayır. Belə ki, dünyaya gələn hər bir gəncin düşüncəsində bununla bağlı suallar aktuallaşır: “Biz kimik? Haradan gəlmişik? Haraya doğru gedirik? Məqsədimiz nədir? və sair”. Çünki insanın və bəşəri varlığın mahiyyəti belədir. Dəyərlərin iyerarxiyasının, ideya axtarışı proseslərinin, onların lakonik və qısa düsturunun tapılmasının əhəmiyyəti də buradan irəli gəlir.

Milli inkişafın əsasını təşkil etməli olan mənəvi dəyərlər iyerarxiyası belə qurulub: xeyirxahlıq və ədalət, vətənpərvərlik, insan hüquqları, ailə, müstəqillik, qanunun aliliyi, azadlıq, əmək, qayda-qanun, sabitlik, vətənə məhəbbət, şərəf və borc anlayışı, dini dəyərlər və sair.

Tarix sübut edib ki, milli ideyaya və ideologiyaya malik olan dövlət, ideologiyasızlığın hökm sürdüyü ölkədən qat-qat güclü olur. İdeya uğurun strategiyası kimi çıxış edir. Milli ideya xalqın varlığını, ümumi məqsəd naminə hara getdiyini və nəyə nail olmaq istədiyini bilmək üçün lazımdır. Dünyada ideyasız dövlət yoxdur. Tarixə nəzərən demək olar ki, davamlı mili ideyasız dövlət inkişaf edə bilməz. Bunu dünyanın konstitusion praktikası da sübut edir. Milli ideya mənəviyyat məsələsidir və bunsuz dövlətin mövcudluğu mümkün deyil”, - deyə müəllif yazıb.

Diqqətə çatdırılıb ki, dövlət üçün ideyanın alternativi yoxdur və “ideologiyasızlaşdırma” özü də bir ideologiyadır. Çox məşhur, tarixin sınağından çıxmış bir deyim var: “müqəddəs yer boş qalmır”. Əgər ideya boşluğu varsa, onu hökmən başqa, daha zərərli ideyalar tutacaq.

Müxtəlif siyasi ideologiyaların, cərəyanların, mövqelərin rəqabəti mümkündür. Lakin milli birlik, müstəqil, güclü, demokratik dövlətçilik ideyasına əks olan ideologiya mümkün deyil və qəbuledilməzdir. Bu o deməkdir ki, xalqın, millətin yekdil olduğu, ətrafında yumruq kimi birləşdiyi ümummilli məsələlər var. Azərbaycan xalqı milli ideyanı məhz dövlətçilik məsələlərində çoxmillətli xalqın sarsılmaz birliyini təmin edən qüvvə kimi görür. Milli ideya doğma deyil, dinamik fenomendir. Zaman keçir milləti dövlətin qarşısında daxili və xarici siyasi reallıqla dəyişən yeni imkanlar, perspektivlər, üfüqlər açılır. Milli ideyanın hədəflərinə, gerçəkləşdirmə yollarına və vasitələrinə korrektivlər edilir. Yeni milli layihələr, dövlət proqramları qəbul edilir və konkret nəticəsini verir.

Qələbəmizin yaratdığı yeni reallıqda milli dəyərlər və ideyalar sisteminin gerçəkləşməsinin siyasi, iqtisadi, hüquqi, fəlsəfi, mənəvi, mədəni və digər meyarları mövcuddur. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsinin ifadə etdiyi milli dövlətçilik dəyərlərini Zəfərimizlə yazılan qalib kimlik ideyası daha da zənginləşdirib. Bu dəyərləri indiki nəslə aşılamaq və onu gələcək nəsillərə ötürmək yeni erada qarşıda duran həyati vacib məsələdir.

Məqalədə Prezident İlham Əliyevin kadrlarla bağlı yeni strategiya barəsindəki fikirlərinə də toxunulub. Vurğulanıb ki, insan amili, “kadrlar hər şeyi həll edir” deyimi zamanın sınağından çıxıb, bütün dövrlər və bütün ölkələr üçün aktualdır. Miqyaslı kadr islahatları uğur qazanan hər bir ölkənin siyasətinin əsas xəttini təşkil edir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. İnauqurasiya nitqində kadrlarla bağlı siyasətin dövlət idarəçiliyinin, iqtisadi inkişafın formalaşan tamamilə yeni reallığına uyğunlaşdırılması əksini tapıb.

Prezident İlham Əliyev hələ ötən prezident seçkilərindən sonra Azərbaycanın dövlət idarəçilik modelinə gətirdiyi innovasiyalardan biri kimi operativ və çevik qərarların qəbuluna potensiallı peşəkar kadrlar korpusunun, dünyada baş verən idarəetmə inqilabı - “dövlətə peşəkarlıq və ləyaqətlə xidmət” sistemi olan meritokratik sistemin formalaşmasına start verib. Yeni nəsil, yeni məmur növünün yetişdirilməsi, cəmiyyətdə sosial liftlərin hərəkətə gətirilməsi günün tələbidir. Dövlətimizin başçısının bununla bağlı gənc, bilikli, savadlı, dövlətə və dövlətçiliyə sadiq gənclərlə bağlı səsləndirdiyi mesajla cəmiyyətdə sosial liftlərin hərəkətlənməsinə yol açır. XXI əsrdə müasir dövlət kimi Azərbaycanın davamlı, yüksək həyat keyfiyyəti və standartlarına malik inkişafı, təkcə insan potensialının, vətəndaşın təşəbbüskarlığının, novatorluğunun, kreativliyinin aşkarlanması və reallaşması sayəsində mümkündür. Azərbaycanın dövlət idarəçilik modelinə gətirilən innovasiyalar kimi, səlahiyyətlərin şaxələnməsi, operativ və çevik qərarların qəbulunda potensialı olan peşəkar kadrlar korpusunun meritokratik sisteminin formalaşmasının mexanizmləri də konkret olaraq göstərildi.

Dövlətimizin başçısının nitqinin proqram sənəd kimi təhlili və öyrənilməsi gündəmdə duran əsas məsələdir. Prezident İlham Əliyevin nitqi təkcə yeni erada Azərbaycanın milli inkişaf yolunun hədəfləri yönündə deyil, habelə bütün dünyada yaşanan yeni geosiyasi reallıqda uğur modelini axtaran ölkələr üçün də töhfə sayıla bilər. Müşavirədən verilən mesajlar bu islahatlarının ana xəttidir. Prezident İlham Əliyevin inauqurasiya nitqi yeni inkişaf erasında tarixi salnaməmizə yazılacaq ilk səhifə, qarşıya qoyulan vəzifələrin gerçəkləşməsi üçün yol xəritəsi, qazanılacaq uğurların formuludur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi