ALTERNATİVİ OLMAYAN QALİB LİDER
2022-ci ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşündə sakinlərdən biri Prezidentə müraciət edərək deyib:-“Mən şəhidlərin, qazilərin, şəhid analarının, atalarının qarşısında baş əyirəm. Onlara minnətdaram. Bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin, kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz birdəfəlik seçilib”. Bəli, sadə bir azərbaycanlının bu fikirlərində böyük həqiqət var. Bu sözlər bəlkə də bütün Azərbaycan xalqının qəlbindən keçən fikri ifadə edir. Çünki 20 il bundan əvvəl dövlət başçımız İlham Əliyev ona göstərilən böyük etimadı doğruldaraq xalqın qəlbində özünə əbədi lider kimi taxt qurmağı bacardı.
Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Həyata keçirilən uzaqgörən daxili və xarizi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının31 oktyabr 2003-cü il tarixində keçirilən andiçmə mərasimindəki çıxışında səsləndirdiyi :“Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”,- kimi fikirlər dövrün yol xəritəsi oldu.
Xalq İlham Əliyevi dəstəkləməklə demokratik inkişafın davamlılığına, tərəqqiyə, sabitliyə, yeni-yeni hədəflərə, ən əsası torpaqlarımızın işğaldan azad edilərək Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına səs verdi. Bu isə ulu öndər Heydər Əliyevin Azərbaycanla bağlı inkişaf konsepsiyasının əsas tərkib hissəsi idi.
İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycan dövlətçiliyinin əsasları möhkəmlənib, iqtisadiyyat daha da güclənib, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət, Azərbaycanın BMT, ATƏT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi üçün münbit şərait yaradıb. Azərbaycan 2011-ci ildən BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmizin bu quruma sədrliyi koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi dövrə təsadüf edir. 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdi. Bu, bilavasitə Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür. Onu da qeyd edək ki, İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürüb dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər edə bildi. Beləliklə, Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVİD-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi.
Dövlət başçımızın yürütdüyü milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət olaraq beynəlxalq nüfuzunun möhkəmlənməsinə nail olub. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. İlham Əliyevin həyata keçirdiyi strategiya əsasında Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun mühüm prioritetlərindən biri ordu quruculuğu prosesidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Ötən 20 il Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür, desək yanılmarıq. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz qüdrətini döyüş meydanında göstərərək torpaqlarımızı işğaldan azad etdi. Ölkənin ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq bərpa olundu. Bununla da, Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyuldu. 2020-ci ilin noyabr ayında Azərbaycanın şanlı qələbəsiylə bitən 44 günlük Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin qürur səhifəsi oldu. Prezident İlham Əliyevin qlobal məsələlərin həllində nümayiş etdirdiyi qətiyyət onun dünyanın nüfuzlu siyasərçilərindən biri olduğunu göstərir. Onun apardığı siyasət sayəsində bu gün ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə uğurla evsahibliyi edib, ölkəmiz multikultural dəyərlərə önəm verən tolerant dövlət kimi də dünyada tanınır.
2018-ci il aprelin 11-də prezident seçkilərində xalqımız bir daha gələcək naminə düzgün seçim etdiyini, ən layiqli namizədə səs verdiyini sübuta yetirdi. 105 illik dövlətçilik tariximizə möhtəşəm illər kimi yazılan 20 il ərzində Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. Qeyd edək ki, bu mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq dövrü kimi səciyyələnir. Eyni zamanda, Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların miqyasının genişliyi ilə diqqət çəkir. Belə ki, 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissəsi olan TANAP, 2020-ci ilin sonunda isə TAP istifadəyə verildi. Ölkəmizin neft-qaz sektorunda qazandığı uğurlar iqtisadi və maliyyə imkanlarımızın genişləndirilməsində özünün aydın ifadəsini tapır ki, bu da öz növbəsində mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasına yol açır. Enerji sektorunda qazanılan uğurlar qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaratdı. 2019-cu ildə “2019-2023-cü illər üzrə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Sayca 4-cü olan Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası bölgələrin müasir simasında özünün aydın mənzərəsini yaradır.
Azərbaycan, eyni zamanda, təkmil dirçəliş modelini dünyaya təqdim edir. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad olunduqdan sonra 2020-ci il noyabr ayının 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl rayonlarına səfərləri ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilməsi qeyd etdiklərimizin əyani sübutudur. Bu gün işğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, obyektlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən xəbər verir.
Xüsusi vurğulamaq lazımdır ki, 2023-cü il sürətli iqtisadi inkişaf və yüksək sosial rifahın nəticələri və ən əsası böyük zəfərin pik nöqtəsi olan ərazilərimizin suverenliyinin tam bərpa olunduğu bir ildir. Bu ili daha da əlamətdar edən isə tarixə qızıl hərflərlə yazılan 2023-cü ilin 15 oktyabrı oldu. Həmin gün Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində suverenliyini bərpa etməsi münasibətilə üçrəngli Dövlət Bayrağımızı ucaltdı. Dünya bu tarixi günlərin şahidi oldu.
Prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamla bir daha təsdiq etdi ki, Azərbaycan bütün aspektlərdə dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etmiş dövlətdir və tariximizdə ilk dəfə beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırdır.
Bəli, qədirbilən Azərbaycan xalqı da fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərini tək Zəfər seçkisi deyil, həm də yeni tarixin başlanğıcı olacağını nəzərə alaraq öz iradəsini yenidən nümayiş etdirdi. Bu isə təkcə seçim deyildi, həm də səsin məsələsi idi: 92,05 faiz. Anoloqu olmayan bir nəticə. Qalib xalqın Qalib lideri məhz belə yüksək səs çoxluğu ilə qələbə qazandı. Xalqımızın ən vacib seçkidə qalib liderini seçməsi, yeni dövrün yeni hədəflərinə münasibətinin göstəricisi idi. Yəni 4 milyon 971 min 32 nəfər səsvermə hüququndan istifadə etməklə vətəndaşlıq borcunu yerinə yetirmiş oldu. Beləliklə, ölkəmizdə yeni ideoloji və siyasi təqvim müəyyənləşdi. Seçicilər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edənə, qurub-yaradana, Qalib Sərkərdəyə səs verdi. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəkdə də daha yüksək zirvələri fəth edəcək və davamlı uğurlara imza atacaq.