lider-media.az

20 YANVAR – MÜSTƏQİLLİYİMİZİN BƏRPASINA APARAN YOL

Tarix: 19-01-2024, 14:22





                                                


                                                            20 YANVAR – MÜSTƏQİLLİYİMİZİN BƏRPASINA APARAN YOL

     20 yanvar 1990-cı il  O gecə göydən yerə nə qar, nə də yağış “güllə yağışı” yağırdı. Şahidi olduğumuz o gecənin qaranlığında sanki insanlığın dövrü bitmişdi, hər şeyə iblis hökmran idi. Bütün şəhər vahimə içərisindəydi. Hamı təlaş içində baş verənlərin sonunu gözləyirdi. Heç kimin ağlına gəlməzdi ki, açılan bu atəşlər onlarla günahsız insanın həyatına son qoysa da, müstəqilliyimizin müjdəçisi olacaq. Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi yazan, qanları ilə azadlıq toxumu səpən o oğullar isə məhz həmin tarixdə, 20 Yanvar günündə doğulurdular.

     Zaman ötür. İllər əsrlərə, əsrlər minilliklərə - tarixə çevrilir. Zaman-zaman baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur, amma elə hadisələr var ki, xalqın millətin yaddaşında əbədiləşir. 20 Yanvar xalqımızın tarixində təkcə faciə ilə yox, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar.

     Azərbaycanın müstəqilliyinin bərpasına aparan yol da məhz 1990-cı ilin 20 Yanvarından başladı. Həmin gün öz konstitusion hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. Sovet ordusunun Azərbaycana təcavüzü, mülki əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi SSRİ rəhbərliyinin beynəlmiləlçilik adı ilə pərdələdiyi siyasətin əsl mahiyyətini göstərirdi. Xalqımız  Ermənistanda yaşayan soydaşlarımızın öz ata-baba yurdlarından zorakılıqla qovulmasının və Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması cəhdlərinin qarşısının alınmasını tələb edirdi. Moskva isə bu haqlı tələbə misli görünməmiş qəddarlıqla cavab verdi.

     Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq rəmzi kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrildi. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi idi desək, heç də yanılmarıq. Çünki qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli-azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi.

     Şəhidlərin son mənzilə yola salınması Azərbaycan tarixində o vaxtadək yaşanmamış ümummilli dəfn mərasimi idi. Bu izdiham, hüzn birliyi sonrakı illərin anım günlərində də davam edərək, xalqımızın milli həmrəyliyinin formalaşmasında və möhkəmlənməsində başlanğıc rolunu oynadı.

     1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycan xalqının azadlıq mübarizəsinə, 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün oldu. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması gələcək nəsillərin yaddaşında arxivləşən mühüm tarixi sənədlərdir. Şəhidlərin əbədiyyətə qovuşduğu məkana ümummilli liderin verdiyi qiymət bu müqəddəs ziyarətgahın tarixi, siyasi, tərbiyəvi, həmçinin milli- mənəvi dəyərini ortaya qoyur. Ulu öndər sonradan o günləri xatırlayarkən deyirdi: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

     Xalqların tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin bu iki məqam çox nadir hallarda üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də bu faciəni törədənlərə başçılıq edənlərin kimliyi məlum oldu.

     Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu.  Xalqımız XX yüzilliyin sonunda çoxlu sayda qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqqı ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar faciə olmaqdan daha çox, ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir.

     Xalqımız o qanlı gecədə müstəqilliyimiz naminə canlarını qurban verən mübariz oğul və qızlarının sücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı xalqımız, xüsusən gənclərimiz üçün örnək oldu. Onlardan vətənpərvərlik nümunəsi götürən oğullar bunu Böyük Qələbə ilə bitən 44 günlük İkinci Qarabağ savaşında bir daha təsdiq etdi, ölümün gözünə dik baxdı, illərlə qəlbimizdə yaşatdığımız torpaq həsrətinə son qoydu.

      Bəli, illər ötür, lakin hər ilin 20 Yanvarında ölkə vətəndaşları rayonlardan, regionlardan Şəhidlər Xiyabanına gələrək  ölümləri ilə ölümsüzlük qazanmış şəhid bacı və qardaşlarının əziz xatirəsini hörmət və ehtiramla, sonsuz məhəbbətlə yad edirlər. İllər ötür, zaman dəyişir, 20 Yanvar gecəsi – Qara Yanvar  tarixi bizdən uzaqlaşdıqca daha da unudulmaz olur.

                                                                                                                                               Baş Redaktor

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi