Prezident İlham Əliyevin Xocalıdakı mesajları Ermənistan üçün xilas yoludur - Politoloq
Xocalı soyqırımının 32-ci ildönümünün məhz faciənin törədildiyi şəhərdə qeyd olunması Azərbaycan xalqına böyük təsəlli idi. İlk dəfə olaraq Xocalıda günahsız soyqırımı qurbanlarının xatirəsi anıldı, onların xatirəsi əbədiləşdirildi. Fevralın 26-da Prezident İlham Əliyevin Xocalı şəhərinə səfəri, orada əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbətləşməsi, sonra isə Xocalı Soyqırımı Memorialının təməlini qoyması dünyaya açıq mesaj idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı milli faciəsini unutmadı, qan yaddaşının silinməsinə imkan vermədi, Zəfər çaldı və öz qisasını döyüş meydanında aldı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.
Politoloq bildirib ki, dövlətimizin başçısı Xocalı sakinləri ilə görüşündəki çıxışında həm revanşizm hissləri ilə alışıb yanan Ermənistana, həm də onun havadarlarına bir sıra önəmli mesajlar verdi.
“Xocalıda Memorial Kompleksin təməlinin qoyulması tarixi hadisədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, layihə çoxdan hazır olub və yer də seçilib. Həmin kompleks Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında salınmalı idi. Dövlətimizin başçısı özü tərəddüd keçirərək tikinti işlərinin başlanılmasına icazə verməyib. Çünki bilirdi ki, biz Xocalıya qayıdacağıq. Azərbaycan Prezidenti çıxışında, həmçinin Xocalı soyqırımının heç vaxt xalqımızın yaddaşından silinməyəcəyi və bu qanlı cinayətin unudulmayacağı məsələsinə də toxundu.
Hesab edirəm ki, Azərbaycan uşaqlarının, gənclərinin vətənpərvər ruhda böyümələrində Xocalı soyqırımının hər il yüksək səviyyədə anılmasının böyük rolu olub. Vətən müharibəsinə qatılan gənclərimizin əsas məqsədlərindən biri məhz Xocalıda qətlə yetirilən günahsız insanların qisaslarını almaq idi. Xocalı soyqırımı bizi Qarabağı, Şərqi Zəngəzuru azad etməyə daha da tələsdirirdi. Əfsuslar olsun ki, dünya Xocalı soyqırımına o qədər də ciddi yanaşmırdı. Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi digər insanlıq əleyhinə cinayətlər kimi, Xocalı soyqırımı da beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi”, - deyə R. Alıyev vurğulayıb.
Onun sözlərinə görə, Xankəndidəki ermənilərin sağ-salamat, könüllü olaraq Ermənistana köçmələrini faciələşdirən Qərb dairələri əliyalın insanların gülləbəran edilməsinə göz yumdu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Erməni faşizminə “dur!” deyən olmadı. Əksinə, ATƏT-in Minsk qrupu kimi üzdəniraq missiyalar bizi Ermənistanın cinayətləri ilə barışmağa çağırırdı. Azərbaycan dövləti, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar Xocalı soyqırımını dünyaya tanıtmaq üçün hər il səylərini daha da artırırdı. Xüsusən də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərində tədbirlər, təqdimatlar həyata keçirildi.
Politoloq, həmçinin qeyd edib: “Müharibənin bitməsi, ərazi bütövlüyümüzün təmin edilməsi o demək deyil ki, Azərbaycan Ermənistana qarşı hüquqi və siyasi müstəvidə mübarizəsini dayandıracaq. Ermənistan rəhbərliyi elə başa düşməsin ki, kapitulyasiya aktına imza atmaqla canını qurtardı. Ermənistan dövləti və onun arxasında duran qüvvələr bilsinlər ki, Ermənistan Qarabağdakı cinayətlərinə görə cavab verəcək. Xocalı soyqırımını törətdiyini inkar edən Ermənistana qahmar çıxanlar bu gün də öz iyrənc siyasətlərini davam etdirirlər. Prezident İlham Əliyev haqlı olaraq bəyan etdi ki, Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Azərbaycan hökuməti bu ədalətsizliyə son qoyulması və Xocalı soyqırımı kimi qanlı cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab vermələri üçün həm diplomatik müstəvidə, həm də informasiya-təbliğat savaşı cəbhəsində fəaliyyətini davam etdirir”.
Xocalı soyqırımı cinayətinin Ermənistan dövlətinin başı üzərində hər zaman “Domokl qılıncı” kimi dayanacağını diqqətə çatdıran Ramiz Alıyev bildirib: “Onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, heç bir kənar qüvvə onu xilas edə bilməyəcək. Yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək, ərazi iddialarından əl çəkmək və törətdikləri əməllərə görə cavab verməkdir. Dövlətimizin başçısının Xocalıda çıxışı zamanı etdiyi çağırışlar Azərbaycanın sülhsevərliyindən, ədalət tərəfdarı olmasından xəbər verir. Nikol Paşinyan və onun komandası Azərbaycan Prezidentinin mesajlarını düzgün dəyərləndirməlidir. Bir sözlə, Prezident İlham Əliyevin Xocalıdan verdiyi mesajlar həm də Ermənistan üçün xilas yoludur”.