Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda kifayət qədər yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələr yaradıb - ŞƏRH
Hələ 20 il bundan əvvəl Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev hakimiyyətə gələrkən özünün fəaliyyət prioritetləri haqqında geniş məlumat verdi. Dövlət başçısı bu barədə danışarkən bildirdi ki, qarşıda dayanan vacib məsələ ordu quruculuğudur və ordunun döyüş hazırlığı, müdafiə imkanları, kadr potensialı, maddi texniki təminatı getdikcə gücləndiriləcəkdir. Lakin bununla yanaşı, əsas məqsədin müharibə yox, sülh olduğunu da qeyd etdi. O vaxt torpaqlarımız hələ düşmən tapdağı altında idi. Ermənilər doğma Qarabağı, Şuşa, Xankəndi və digər bölgələri işğal etmişdilər. Yəni Azərbaycanın siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri ordu quruculuğunu inkişaf etdirmək və onun prioritet məsələ kimi elan etməkdən ibarət idisə, digəri sülhü dəstəkləmək idi. Ölkəmiz 30 il ərzində 44 günlük Vətən müharibəsi prosesinə qədər sülhü dəstəklədi və onun tərəfdarı kimi humanist mövqedən çıxış etdi.
Bu barədə AZƏRTAC-a açıqlamasında hərbi ekspert, jurnalist İbrahim Rüstəmov deyib.
Ordu quruculuğunun prioritet məsələ elan olunması milli maraqlara söykənib
Hərbi ekspert qeyd edib ki, Azərbaycanda ordu quruculuğunu prioritet məsələ kimi elan etməsinin arxasında müharibənin deyil, milli və dövləti maraqlar dayanır. Əlbəttə, bu, dövlətin və xalqın milli maraqlarının qorunması, ölkənin ayaqda qalması, xalqın yaşaması üçün ən əhəmiyyətli məsələlərdən biridir. Ona görə son 30 il ərzində Azərbaycanın ordu quruculuğu məsələsi ilə bağlı büdcədən ayırdığı maliyyə vəsaitlərini hər il daha da artırması ilə Cənubi Qafqazda kifayət qədər yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələr yaratmağa nail olub. Şübhəsiz ki, bu sahədə müəyyən çətinlik və problemlər oldu. Ancaq ölkəmiz həmin problemlərin öhdəsindən layiqincə gəldi. İndi Azərbaycan Cənubi Qafqazın ən böyük və ən güclü Ordusuna malikdir. Ölkəmiz siyasi iradəsi və informasiya təhlükəsizliyinə görə də çox sabit respublika kimi tanınır. Ona görə də Azərbaycan dövlətinin beynəlxalq aləmdəki nüfuzu getdikcə artır.
Ölkəmizdəki sabitlik dövlət və xalqın birliyinin, aparılan düzgün siyasi kursun nəticəsidir
“Azərbaycanın indiki sabitlik vəziyyəti hər şeydən əvvəl dövlət və xalqın birliyinin, Prezident, Ali Baş Komandan İlham Əliyevin xidmətidir, məhz onun vahid və düşünülmüş siyasi kursu və irəliyə doğru atdığı düzgün və düşünülmüş addımların nəticəsidir ki, bu gün ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Həmin reallığın arxasında sülhü dəstəkləmək, asayişin qorunması, təhlükəsiz informasiya məkanının yaradılması və digər məsələlər dayanır”, – deyə İ.Rüstəmov vurğulayıb.
Hərbi ekspert qeyd edib ki, Azərbaycan öz konstitusion hüquqlarını bərpa etdikcə, eyni zamanda, bunu beynəlxalq hüquqa əsaslanaraq həyata keçirdikcə, ona qarşı təzyiqlər də artdı. Daha doğrusu, Cənubi Qafqazda maraqları toqquşan dövlətlərin iç üzünün ortaya çıxmasını xüsusilə diqqətə çatdırmaq lazımdır. Fransa, ABŞ, İran və sair ölkələrin ciddi təzyiqləri ilə üzləşdik. Ancaq düzgün aparılan siyasət sayəsində dövlətimiz bunun öhdəsindən gəldi. Azərbaycan vətəndaşları növbədənkənar Prezident seçkilərində böyük ruh yüksəkliyi ilə iştirak edərək aparılan siyasəti, quruculuq və islahat xəttini dəstəkləyərək İlham Əliyevə səs verdilər. O, bu inam və dəstəyi öz fəaliyyəti, vaxtında qəbul etdiyi qərarları və onun uğurlu nəticəsi ilə qazanmışdı.
Xalqla dövlət arasındakı birlik nümunəsi
Bu gün Azərbaycan xalqı ilə dövləti arasındakı birlik bütün dünyaya nümunə olacaq qədər etibarlıdır. Bu birliyin əldə olunmasında dövlət başçısının xalqımızın ümummilli maraqlarının təmsilçisi kimi çıxış etməsi böyük rol oynayıb. Elə bunun nəticəsidir ki, hazırda müharibəsiz və əmin-amanlıq şəraitində yaşayırıq. Bu, çox böyük uğurdur. Lakin təəssüf ki, Azərbaycanın əldə etdiyi bu uğuru və uzun illərdən bəri xalqımızın ən böyük problemi olan Qarabağ münaqişəsinin birdəfəlik həll olunduğunu qəbul edə bilməyən bəzi Qərb dövlətləri ölkəmizə qarşı müxtəlif səviyyələrdə hücumlar həyata keçirməkdən çəkinmirlər. Buna baxmayaraq, ölkəmizin düşünülmüş, ən əsası beynəlxalq hüquqa söykənən siyasəti qarşısında heç vaxt uğur qazana bilməz. “Düz əyrini kəsir”, - deyiblər. Onlar özlərinin haqsız və əsassız hücumlarına qarşı adekvat, preventiv cavablar alırlar. Bütün bunlar isə beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır.
“Bu gün müharibəsiz ölkədə yaşamaqla bütün dünyaya sülhün, asayişin, təhlükəsiz informasiya məkanının nə qədər mühüm və vacib məsələ olduğunun mesajını veririk. Eyni zamanda, Azərbaycan təkcə regionda, Cənubi Qafqazda deyil, bütün dünyada nümunəvi dövlətdir. Bu dövlətin perspektivləri göz qabağındadır. Ölkəmizin tutduğu bu yolla gedəcəyi və qarşıdakı illərdə daha böyük uğurlar qazanacağı da şəksizdir”, - deyə İ.Rüstəmov bildirib.