lider-media.az

VƏHŞİ QƏBİLƏ…

Tarix: 17-02-2024, 16:40


     "Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il sentyabrın 20-də xalqa müraciətində deyib.

     Məhz həmin gün hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmiş, ağır relyef, düşmən tərəfindən uzun illər boyu qurulmuş istehkamların mövcudluğu şəraitində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edərək Ermənistanın Qarabağ ərazisində saxladığı qanunsuz birləşmələrini tamamilə məhv etmiş, hərbi texnikasını sıradan çıxarmışdı. Bununla da separatizmin kökü kəsilmiş, suverenliyimiz tam təmin edilmişdi. Düşmən ikinci dəfə ağ bayraq qaldırmışdı həmin gün!..

     Vəhşi qəbilə... Onları dövlət başçımız məhz belə adlandırmışdı. Doğrudan da ermənilərin vəhşiliyinin həddi-hüdudu yoxdur. Bilmirəm, bəlkə də millət olaraq Tanrı özü belə yaradıb onları: bütün insani keyfiyyətlərdən uzaq. Son 200 ildə bu millətin başımıza gətirdikləri onların əsl üzlərini açıb göstərdi. Ermənilər haqqında xoş bir söz söyləmək mümkün deyil. Onların yeganə bir yaxşı "keyfiyyəti" var: başqalarının aləti olmaq. Və bunu çox yaxşı bacarırlar. Havadarları, himayədarları da bu milləti məhz maraqları naminə özlərinə alət edirlər. Əlbəttə, bunun hesabına itirdikləri də az deyil... Və bu, belə davam etsə hələ çox şey itirəcəklər ermənilər. Biz isə bir zaman itirdiklərimizi geri almışıq. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, torpaqlarımız azaddır. Doğrudur, ərazilərdə vəziyyət indi ürəkağrıdıcıdır, çünki bu vəhşi qəbilə daşı-daş üstündə qoymayıb.

     Ermənilər Qarabağ və ətraf yeddi rayonu 30 il işğal altında saxladı, otuz mindən artıq vətəndaşımız qətlə yetirildi, bir milyondan çox insan öz doğma yurd-yuvasından didərgin salındı. İşğal dövründə keçmişimizdən, ulu əcdadlarımızdan bizə miras qalan tarixi, mədəni, memarlıq abidələrimiz və müqəddəs dini inanc yerlərimiz olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx, Tağlar mağaraları və s. erməni vandalizminin qurbanına çevrildi. Bu isə təkcə xalqımızın deyil, ümumilikdə bəşəriyyətin mənəvi irsinə qarşı qəsd, dünya mədəni sivilizasiyasına vurulan ağır zərbədir.

     Amerika Birləşmiş Ştatlarında çıxan nüfuzlu "Times of İsrael" qəzetində dərc olunmuş məqalənin müəllifi İsrael Baruk tarixi-mədəniyyət abidələrimizə qarşı məqsədli şəkildə vandalizm aktları törədən Ermənistanı "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşması ilə müqayisə edərək yazırdı: "Ermənistan işğal edilmiş torpaqlarda azərbaycanlılara aid bütün izləri silməyə çalışaraq həmin rayonlarda Azərbaycan toponimlərini, şəhər və kəndlərin adlarını "erməniləşdirmək" siyasəti yürüdüblər. İŞİD terrorçuları kimi, Ermənistan da tarixi faktları saxtalaşdırıb və ya məhv edərək yeni tarix yaratmağa çalışır. İŞİD tarixi yenidən yazmaq istədiyi kimi, erməni işğalçıları da bütün faktları təftiş etmək istəyirlər".

     30 il müddətində Azərbaycan tərəfi mədəni irsin qorunmasını özünün fəaliyyət istiqaməti kimi seçən UNESCO-ya dəfələrlə müraciət edərək Qarabağa missiya təşkil olunmasını xahiş etdi. Ancaq UNESCO bunu həyata keçirmədi, özünün siyasi təşkilat olmadığını bəhanə gətirdi. Əslində, siyasi təşkilat olmasa da bu qurum siyasətin tən ortasındadır. Hansısa bir dövlətin siyasi sifarişini icra etmək isə onun mandatına heç uyğun deyil. Üstəlik, onların Azərbaycanda hər hansı bir mədəni irsin təhlükədə olması iddiası da tamamilə əsassızdır, çünki bu zamana qədər ölkəmizdə heç bir mədəni irs silinməyib, hətta erməni irsi də.

     Uzun illər işğal altında qalan ərazilərdəki tarixi-mədəniyyət abidələrinin əksəriyyəti SSRİ dövründə sənədləşdirilməmişdi ki, bu da sovet hakimiyyətinin Azərbaycana qarşı qərəzli siyasətinin bir hissəsi idi. İşğala qədər isə bu ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiyyətli abidə qeydə alınmışdı. Beləliklə, həmin ərazidə minlərlə tarixi abidə rəsmi qeydiyyatdan kənarda qalmış, ermənilər isə onları öz adlarına rəsmiləşdirmək üçün fürsət əldə etmişdilər. Bu vəhşi qəbilə son illərdə daha da fəallaşmışdı. Belə ki, Qarabağda alban dövrünə aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi statusu verilmiş, təkcə 2006-cı ildə Şuşa şəhəri ətrafında 500-dən çox abidə "erməni abidəsi" kimi qeydiyyata alınmışdı. 2010-cu ildə işğal altındakı ərazilərə səfər edən isveçrəli jurnalist, "Wochenzeitung" və "Newes. Deutsehland" nəşrlərinin əməkdaşı Andre Vedmer də tarixi abidə və qəbiristanlıqların acınacaqlı vəziyyətinin şahidi olmuş, Şuşa və Ağdamdakı bir çox mədəniyyət abidələrinin məhv edildiyini və ya ciddi şəkildə zədələndiyini təsdiqləmişdi.

     Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də buradakı muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin statistikasına görə, işğal altında qalmış ərazilərdə 40 mindən çox eksponata malik 22 muzey olub. Bu muzeylərdən xalqımızın tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltaraşlıq əsərləri, dünyaşöhrətli xalçalarımız, xalça məmulatları və s. talan edilib. Məsələ burasındadır ki, ermənilər indiki Ermənistanda qalan mədəni irsimizi də erməniləşdirməyə, bu, mümkün olmadıqda isə onları məhv etməyə çalışıblar.

      Bu gün Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. O bölgədə 30 ildə görülməyən işlər görülür: elektrik stansiyaları, su anbarları, yaşayış binaları tikilir, kəndlər, şəhərlər salınır. Dövlət başçısı İkinci Qarabağ müharibəsi başa çatanda Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevriləcəyini bildirmişdi. İndi bu yerlər cənnətə dönür. Hər şeydən əvvəl azaddır, artıq Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli bayrağımız dalğalanır, doğma insanların ayağı dəydikcə, hənirtilərini duyduqca o torpaqlar sevinir, bütün acılarını unudur.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi