lider-media.az

Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli

Baxış: 92 Tarix: Сегодня, 15:37



XX əsrin əvvəllərində müstəqilliyini elan edən və cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün əsas qanunu – Konstitusiyanı qəbul edə bilmədi. Azərbaycan Konstitusiyasının formalaşması tarixi isə sovet hakimiyyəti dövrünə təsadüf edir.

Azərbaycanın ilk Konstitusiyası ölkəmizin SSRİ-nin tərkibinə daxil edilməsindən sonra, 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. 1925-ci ildə SSRİ-nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq əlavə və dəyişikliklər edilib. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiqlənib. SSRİ-nin 1936-cı ildə yeni Konstitusiyasının qəbul edilməsindən sonra isə 1937-ci il martın 14-də Azərbaycan SSR-in növbəti Konstitusiyası qəbul olunub.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə, SSRİ-nin 1977-ci ildə yeni Konstitusiyasının qəbulundan sonra, 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası təsdiq edilib. Məhz Ulu Öndərin təşəbbüsü və qətiyyətli mövqeyi nəticəsində həmin Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, milli kimliyimizin, dilimizin və dövlətçilik ənənələrimizin qorunması baxımından mühüm tarixi hadisə olmaqla, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri kimi qiymətləndirilir.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra müstəqil dövlət quruculuğunun hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu prosesin ən mühüm nəticələrindən biri 1995-ci ildə yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi olub. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının müddəaları nəzərə alınmaqla hazırlanmış yeni Əsas Qanun müstəqil dövlətimizin hüquqi və siyasi inkişafının əsasını təşkil edib.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda səsvermə iştirakçılarının 91,9 faizi tərəfindən dəstəklənib. Beləliklə, müstəqil Azərbaycanın ilk Konstitusiyası noyabrın 27-də qüvvəyə minib. Ulu Öndərin 1996-cı il noyabrın 1-də imzaladığı Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunmağa başlanıb.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi əsaslarını formalaşdırıb. Əsas Qanun insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi müəyyənləşdirib, onların qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının başlıca vəzifələrindən biri kimi təsbit edib. Eyni zamanda, dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik inkişafın təmin edilməsi və vətəndaş cəmiyyətinin formalaşdırılması Konstitusiyanın əsas prinsipləri sırasında yer alıb.

Ölkədə baş verən sosial-siyasi dəyişikliklər, yeni inkişaf mərhələsinin tələbləri və əldə olunmuş nailiyyətlərin hüquqi müstəvidə möhkəmləndirilməsi zərurəti Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin edilməsini şərtləndirib. Bu məqsədlə müxtəlif illərdə ümumxalq referendumları keçirilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edilib. Həmin dəyişikliklər dövlət idarəçiliyinin, hüquq sisteminin və ictimai münasibətlərin müxtəlif sahələrini əhatə edib.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə, onların müdafiəsində dövlət və bələdiyyə orqanlarının məsuliyyətinin artırılmasına xidmət edir. Əsas Qanun ölkəmizdə hüquqi dövlət quruculuğunun, demokratik inkişafın və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinin başlıca təminatlarından biridir.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi