Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi, etibarlı tərəfdaşlarla əlaqələrin inkişafı və milli maraqlara əsaslanan əməkdaşlıq platformalarının genişləndirilməsi xarici siyasətimizin mühüm istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkənin münasibətlərində əhəmiyyətli siyasi hadisədir.
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. Görüşün əvvəlində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mübadilə olunub. Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanıb.
Görüş zamanı vurğulanıb ki, Bəyannamənin qəbul edilməsi Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlərin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə xidmət edir. Eyni zamanda, sənəd qəbul edilməzdən əvvəl də iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.
Prezident İlham Əliyev ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investoru olduğunu bildirib. Söhbət zamanı bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu da vurğulanıb. Son aylarda Böyük Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılan müzakirələrin əhəmiyyətinə diqqət yetirilib.
Birgə Bəyannamə üç əsas istiqaməti əhatə edir: müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya. Bu istiqamətlərin müəyyənləşdirilməsi tərəfdaşlığın yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını, müasir dövrün çağırışlarını və gələcək inkişaf prioritetlərini də əhatə etdiyini göstərir.
Müdafiə və təhlükəsizlik sahəsində tərəflər regional sülh və sabitliyin dəstəklənməsi, ümumi təhdidlərin qarşısının alınması və təhlükəsizlik imkanlarının gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini bəyan ediblər. Sənəddə təlim, potensialın artırılması, qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi, müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının araşdırılması, hüquq-mühafizə və sərhəd idarəçiliyi sahələrində əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.
İqtisadi əməkdaşlıq sənədin digər mühüm istiqamətidir. Bəyannamədə qarşılıqlı ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, infrastruktur və xidmətlər sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi əsas məqsədlər sırasında göstərilir. Xüsusilə Orta Dəhlizin inkişafına dəstək verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi baxımından diqqətəlayiqdir.
Enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması da xüsusi əhəmiyyət daşıyır. Tərəflər bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tuturlar. Bu yanaşma enerji təhlükəsizliyi, iqlim dayanıqlılığı və dayanıqlı iqtisadi inkişaf məqsədləri ilə uzlaşır. Azərbaycanın zəngin enerji potensialı və yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr bu istiqamətdə beynəlxalq tərəfdaşlıq üçün geniş imkanlar yaradır.
Bəyannamənin təhsil və innovasiyaya həsr olunmuş bölməsi də gələcəyə hesablanmış mühüm əməkdaşlıq çərçivəsidir. Ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, elmi-tədqiqat fəaliyyəti, universitetlər və elmi müəssisələr arasında tərəfdaşlıq, süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsi sənəddə əksini tapıb. Bu istiqamətlər insan kapitalının inkişafına və iqtisadiyyatın texnoloji yenilənməsinə xidmət edə bilər.
Sənəddə regional sülh məsələsinə də xüsusi diqqət yetirilib. Tərəflər 2025-ci il avqustun 8-də qəbul olunmuş Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışlayıblar. Böyük Britaniya ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olunması səylərinə dəstəyini bir daha təsdiqləyib. Birgə Bəyannamədə BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət də bir daha təsdiq olunur.
Əməkdaşlığın davamlılığını təmin etmək üçün tərəflər Bəyannamənin üç əsas istiqaməti üzrə əldə olunan irəliləyişi nəzərdən keçirmək, gələcək prioritetləri müəyyənləşdirmək və praktiki tədbirləri razılaşdırmaq məqsədilə hər il Strateji Tərəfdaşlıq görüşləri keçirmək barədə razılığa gəliblər.
Dublində qəbul olunan Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın daha geniş siyasi, iqtisadi və texnoloji çərçivəyə daşınmasını ifadə edir. 1994-cü və 1998-ci illərdə imzalanmış əvvəlki dostluq və tərəfdaşlıq sənədlərinə söykənən yeni razılaşma ikitərəfli münasibətlərin inkişafında növbəti mərhələnin əsasını qoyur.
Bu sənədin əhəmiyyəti onun yalnız siyasi bəyanat olmasında deyil, həm də gələcək əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirməsindədir. Enerji, investisiya, nəqliyyat, təhlükəsizlik, təhsil və innovasiya sahələrində nəzərdə tutulan əməkdaşlığın real nəticələrə çevrilməsi Azərbaycan–Böyük Britaniya münasibətlərinin gələcək inkişafını müəyyən edəcək.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb