İqor Qrosu: Moldova-Azərbaycan parlamentlərarası əlaqələri daha da intensivləşdirilməlidir
Moldova və Azərbaycan parlamentləri arasında son illər yaxşı əlaqələr qurulub və bu əməkdaşlıq daha da intensivləşdirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Moldova parlamentinin sədri İqor Qros Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşündə söyləyib.
“Biz enerji resurslarının tədarükçülərinin diversifikasiyası üzrə səylərimiz kontekstində hələ də enerji sahəsində əməkdaşlıqda maraqlıyıq. Bizim kənd təsərrüfatı və investisiyalar kimi sahələrdə də dialoq potensialımız var”, - deyə İqor Qrosu müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, Kişineu Azərbaycanın Moldovaya daha çox sərmayə qoymasında maraqlıdır.
Görüşdə hər iki ölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
Qanunverici orqanın rəhbəri səfirə yeni diplomatik missiyada uğurlar arzulayıb.
Səmimi və isti qəbula görə təşəkkürünü bildirən səfir Ülvi Baxşəliyev öz növbəsində Azərbaycanın regionun lider dövləti kimi Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş müstəqil siyasət həyata keçirdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Səfir yaxın vaxtlarda Azərbaycan Hava Yollarının Bakı-Kişineu-Bakı marşrutu üzrə həftədə 4 reys həyata keçirəcəyini bildirib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.