Sergey Lebedev: Ümidvarıq ki, təkcə MDB-dən deyil, digər ölkələrdən olan müşahidəçilər də Azərbaycandakı seçkilərə obyektiv qiymət verəcəklər
Biz buraya xoşməramlı missiya ilə gəlmişik. Çünki Azərbaycan Müstəqil Dövlətlər Birliyinin fəal üzvüdür, iqtisadi, humanitar və digər məsələlərdə qarşılıqlı əlaqələrdə yaxından iştirak edir. Əvvəlki kimi, indi də Birlik ölkələrini həm ruhən, həm də tarixən yaxın hesab edirik. Çox ümid edirik ki, dostluq, mehriban qonşuluq münasibətləri hələ çox uzun illər qorunub saxlanılacaq, onların əbədi olması isə daha yaxşı olardı. Azərbaycan bir çox dövlətlərlə, xüsusən Rusiya Federasiyası ilə strateji tərəfdaşlığa malikdir və bu, fərəhləndirici haldır. Çünki biz hamımız MDB məkanında sülh və sabitlikdə maraqlıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev bildirib.
MDB Parlamentlərarası Assambleyasının missiyasına toxunan S.Lebedev onun tərkibinin kifayət qədər çoxsaylı olduğunu əlavə edərək deyib: “Mən fəxrlə demək istəyirəm ki, bu, öz tərkibinə görə çox sanballı missiyadır. Missiyanın tərkibinə MDB-yə üzv ölkələrin parlamentariləri daxil edilib. Bizim missiyamızda Azərbaycanın da daxil olduğu MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupu var. Azərbaycan parlamentariləri Parlamentlərarası Assambleyanın fəaliyyətində fəal iştirak edir və diqqətəlayiq haldır ki, Azərbaycanın iştirakı həmişə konstruktivdir, ümumi məsələlərin həllinə, kompromislərə nail olunmasına, qarşılıqlı fəaliyyətin qorunub saxlanmasına yönəlib. Parlamentarilərdən başqa, bizim missiyamızda MDB ölkələrinin diplomatları, mərkəzi seçki komissiyalarının üzvləri, bu komissiyaların rəhbərləri, MDB-nin İcraiyyə Komitəsinin əməkdaşları, seçki qanunvericiliyi üzrə ekspertlər daxildir. Bizi Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün dəvət etdiyinizə görə minnətdarıq. Bunu MDB missiyasına böyük inam və eyni zamanda, böyük məsuliyyət kimi dəyərləndiririk. Niyə? Çünki ölkə seçkiləri yeni şəraitdə, nəhəng dəyişikliklərdən sonra keçirir. Məhz seçkilərin növbədənkənar olması azərbaycanlı dostlarımızın bizə izah etdikləri kimi, respublikada dəyişən vəziyyətlə, Azərbaycan Respublikasının artıq bütün ərazisində prezident seçkilərinin keçirilməsinin zəruriliyi ilə şərtləndirilir”, - deyə MDB-nin Baş katibi qeyd edib.
Onun sözlərinə görə, MDB ölkələrindən olan müşahidəçilər missiyası Azərbaycan Respublikasında yanvarın 17-dən fəaliyyət göstərir. “Səkkiz nəfərdən ibarət kiçik qrup Azərbaycan Respublikasının bir çox regionlarında olub, müşahidələr aparıb. İndi isə əsas heyət gəlib. Missiyanın tərkibi kifayət qədər çoxsaylıdır: Birlik dövlətlərinin əksəriyyətindən 169 təmsilçi. Artıq hamı buradadır, onlar şəhərlərə, regionlara gediblər, orada səsvermənin necə keçəcəyini yerində izləyəcəklər”, - deyə S.Lebedev məlumat verib.
Baş katib bildirib ki, səhər saatlarından həmkar qrupu ilə birgə Bakı şəhərində seçki məntəqələrində olurlar. O deyib: “Bölüşmək istədiyim təəssüratlarım ondan ibarətdir ki, səsvermə mütəşəkkil, böyük seçici fəallığı ilə keçir və bu da olduqca vacibdir. Biz Azərbaycanda prezident seçkilərində seçici fəallığını ölkə vətəndaşlarının, seçicilərin bu seçkilərdə iştirak etməkdə və niyyətlərini təsdiqləməkdə maraqlı olmaları kimi dəyərləndiririk. Bu, nailiyyətləri qoruyub saxlamaq, respublikada sülhün, sabitliyin, əmin-amanlığın hökm sürməsi üçün hər şey etmək arzusundan irəli gəlir. Açığını deyim ki, biz, sizin qonşularınız, MDB üzrə tərəfdaşlarınız da Cənubi Qafqazda sülhün, sabitliyin tam bərpa olunmasında və indiki halda Azərbaycanın və elə qonşu respublikaların da gələcəkdə yüksələn xətlə inkişafı üçün bütün şəraitin yaradılmasında maraqlıyıq. Çünki qeyri-sabitlik heç vaxt inkişafa, tərəqqiyə kömək olmayacaq. Cənubi Qafqazda sülhün, uzunmüddətli sabitliyin tam bərpasında maraqlı olmağımızı o fakt da təsdiqləyir ki, bu səylərdə nəinki Rusiya Federasiyası, eləcə də qonşu dövlətlər – Gürcüstan, İran, Türkiyə fəal iştirak edir. Səmimi-qəlbdən arzu edirik ki, Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpası üzrə bu kollektiv səylər uğurla və mümkün qədər tez başa çatsın”.
Seçkilərdən danışan Sergey Lebedev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının seçki qanunvericiliyinin təhlili onlar tərəfindən hələ ölkəyə səfərdən xeyli əvvəl başlayıb. “Birincisi, biz Azərbaycanın Seçki Məcəlləsinə bəzi müsbət dəyişikliklərin edildiyini gördük. İkincisi, namizədlərin irəli sürülməsi, onların qeydiyyata alınması prosesini də təhlil etdik. Seçkilərin rəqabət əsasında keçdiyini görürük. Yeddi namizəd. Namizədlərin tərcümeyi-halının təhlili ondan xəbər verir ki, hamısı bir və ya iki ali təhsilə, seçki kampaniyasında iştirak üçün təcrübəyə malik sanballı insanlardır. Bundan başqa, biz təbliğatın necə aparılmasını da izlədik. Bütün namizədlərə bərabər imkanlar təqdim olunmuşdu, biz bunu tam əsasla təsdiq edirik. Bundan başqa, mediada və televiziyada da kampaniyalar yaxşı işıqlandırılırdı. Bu, çox müsbət amildir”, - deyə S.Lebedev qeyd edib.
Baş katib Azərbaycanda seçkilərə marağın çox böyük olduğunu vurğulayıb. O deyib: “Respublikaya ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatından xeyli əcnəbi müşahidəçi gəlib. Ümid edirik ki, təkcə MDB-dən deyil, digər ölkələrdən olan müşahidəçilər də Azərbaycandakı seçkilərə obyektiv qiymət verəcəklər”.