Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı, müasir tibbin imkanları hepatitlərin bir sıra növlərinin effektiv şəkildə müalicəsinə və xəstəliyin ağır fəsadlarının qarşısının alınmasına şərait yaradır.
Virus hepatitlərinin yoluxma yolları, əsas əlamətləri, müalicə və profilaktikası, eləcə də cəmiyyətdə bu xəstəliklərlə bağlı formalaşmış yanlış təsəvvürlər barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov məlumat verib.


– Virus hepatiti nədir və onun hansı növləri daha geniş yayılıb?
– Virus hepatiti qaraciyərin iltihabı ilə xarakterizə olunan yoluxucu xəstəlikdir. Ən çox yayılmış növləri A, B, C, D və E hepatitləridir. Bunlardan A və E əsasən çirkli sular və qida vasitəsilə yayılaraq kəskin formada keçir. B, C, D isə qan və digər bioloji mayelər vasitəsilə yoluxaraq xroniki xəstəliklərə səbəb ola bilir. Xüsusilə B və C növləri uzun müddət əlamətsiz qala bildiyi üçün daha təhlükəli hesab olunur. Qaraciyər orqanizmin əsas filtrasiya mərkəzi olduğundan, onun zədələnməsi bütövlükdə sağlamlığa ciddi təsir göstərir. Buna görə də, hər bir vətəndaş bu xəstəliyin mahiyyətini başa düşməli və fərdi qorunma tədbirlərini bilməlidir. Erkən mərhələdə məlumatlılıq gələcəkdə yarana biləcək ağır fəsadların qarşısını almaqda ən əsas vasitədir.
– İnsana virus hepatitlərinə necə yoluxur və hansı vərdişlər risk yaradır?
– Yoluxma yolları virusun növündən asılı olaraq dəyişir. Hepatit A və E çirklənmiş əllər, yuyulmamış meyvə-tərəvəz və keyfiyyətsiz su vasitəsilə keçir. Hepatit B, C və D virusunun yoluxması isə əsasən qan və qan məhsulları, sterilləşdirilməmiş tibbi alətlər, başqasına məxsus ülgüc, diş fırçası kimi şəxsi əşyaların istifadəsi, həmçinin qorunmayan cinsi əlaqə zamanı baş verir. Qeyri-peşəkar şəraitdə edilən döymə və pirsinqlər də böyük risk daşıyır. Gündəlik həyatda gigiyena qaydalarına etinasızlıq göstərmək, tibbi və kosmetik prosedurların steril şəraitdə aparılmasına nəzarət etməmək təhlükəni artırır. Xüsusilə gənclər arasında populyar olan müxtəlif kosmetik manipulyasiyalar zamanı birdəfəlik alətlərdən istifadə olunmasına diqqət yetirilməlidir. Həmçinin, tibb işçiləri peşə fəaliyyəti zamanı xüsusi ehtiyat tədbirlərinə riayət etməli, hər kəs isə şəxsi gigiyena vasitələrinin başqaları ilə paylaşılmamasını qızıl qaydaya çevirməlidir.
– Xəstəliyin əlamətləri hansılardır və özümüzdə nə kimi dəyişiklikləri hiss etdikdə həkimə müraciət etməliyik?
– Virus hepatitləri çox vaxt uzun müddət heç bir əlamət büruzə vermədən gizli inkişaf edir. Lakin xəstəliyin kəskin dövründə və ya xroniki mərhələnin aktivləşməsində ümumi zəiflik, tez yorulma, iştahasızlıq, ürəkbulanma, sağ qabırğaaltı nahiyədə ağırlıq hiss olunur. Ən səciyyəvi əlamətlər göz almalarının və dərinin saralması, sidiyin tündləşməsi, nəcisin rənginin isə ağarması və ya açıq sarı rəngə çalmasıdır. Bu əlamətlər görünən kimi dərhal infeksionistə müraciət etmək lazımdır. Çox təəssüf ki, bir çox insanlar yorğunluğu və halsızlığı sadəcə gündəlik stresslə əlaqələndirərək həkimə getməyi gecikdirirlər. Nəticədə xəstəlik xroniki formaya keçərək qaraciyər sirrozu və ya digər ağır fəsadlara yol açır. Öz orqanizminizin siqnallarına qarşı diqqətli olmaq və vaxtaşırı profilaktik müayinələrdən keçmək həyati əhəmiyyət daşıyır.
– Virus hepatitlərindən necə qorunmaq olar və profilaktik tədbirlər hansılardır?
– Profilaktik tədbirlər gigiyena qaydalarına riayət etməkdən və təhlükəsizlik tədbirlərindən ibarətdir. Hepatit A və B-yə qarşı ən effektiv qorunma üsulu peyvənddir. Hepatit B əleyhinə vaksinasiya dövlət tərəfindən tətbiq olunan peyvənd təqviminə daxildir. Bundan əlavə, hər zaman şəxsi gigiyenaya riayət etmək, yalnız birdəfəlik və ya sterilləşdirilmiş tibbi alətlərdən istifadə etmək, kosmetik prosedurları etibarlı yerlərdə etdirmək, təsadüfi cinsi münasibətlərdən çəkinmək vacibdir. Valideynlər övladlarının vaxtında peyvənd olunmasına xüsusi diqqət yetirməlidirlər. Eyni zamanda, risk qrupuna daxil olan şəxslər mütəmadi olaraq skrininq müayinələrindən keçməlidirlər. Unutmamalıyıq ki, hər hansı bir yoluxucu xəstəliyi müalicə etməkdənənsə, onun profilaktikasını aparmaq həm sağlamlıq, həm də maddi baxımdan daha sərfəli və təhlükəsizdir.
– Hepatit B və C tam müalicə olunurmu, müasir tibb bu sahədə nə təklif edir?
– Hepatit B virusunu tamamilə bədəndən yox etmək hələlik mümkün olmasa da, müasir antiviral dərmanlar vasitəsilə virusun çoxalmasını dayandırmaq və qaraciyərin zədələnməsinin qarşısını almaq tam mümkündür. Hepatit C isə müasir birbaşa təsir edən antiviral preparatlar sayəsində günümüzdə demək olar ki, yüz faiz tam müalicə olunan və bədəndən tamamilə təmizlənən xəstəlikdir. Vaxtında aşkarlanan hər iki xəstəlikdə düzgün müalicə insanlara sağlam və uzun ömür bəxş edir. Tibb elminin son illərdə əldə etdiyi nailiyyətlər sayəsində illər əvvəl çarəsiz hesab edilən bu xəstəliklərə qalib gəlmək artıq reallıqdır. Əsas şərt xəstəlikdən qorxmaq deyil, vaxtında həkimə müraciət etmək, müayinələrdən keçmək və həkim təyinatlarını dəqiq yerinə yetirməkdir.
– Cəmiyyətdə hepatitlə bağlı yayılan miflər və gerçəklər hansılardır?
– Virus hepatitləri haqqında cəmiyyətdə yanlış fikirlər mövcuddur ki, bunlar da insanların vaxtında müalicə almamasına və ya əksinə, əsassız təşvişə düşməsinə səbəb olur.
Hepatit C-nin heç vaxt sağalmadığı və ömürlük xəstəlik olduğu düşünülür. Lakin müasir müalicə üsulları sayəsində Hepatit C 2–3 aya 99% hallarda tamamilə sağalır.
Hepatit B-nin yalnız narkotik vasitə istifadəçilərində olduğunu zənn edilir. Bəli, iynə ilə yoluxma riski böyükdür, lakin sterilliyə əməl olunmayan tibbi və ya kosmetik prosedurlar, stomatoloji müdaxilələr, eyni zamanda məişət və ailədaxili təmaslar vasitəsilə hər kəs yoluxa bilər.
Hepatit A və B-nin eyni olduğu, sadəcə adlarının fərqləndiyi düşünülür, lakin bunlar tamamilə fərqli viruslardır. Hepatit A kəskin keçir, xronikləşmir, qida və su vasitəsilə yoluxur. Hepatit B isə qan vasitəsilə yoluxur və xroniki hala keçə bilir.
Bitki çayları və pəhriz Hepatit C-ni tamamilə yox edə biləcəyi də cəmiyyətdə yayılan yanlış fikirlərdəndir. Çünki bitkilər yalnız qaraciyər funksiyasını dəstəkləyə bilər, virusu bədəndən təmizləmək gücünə malik deyil. Əsl müalicə yalnız antiviral dərmanlarla mümkündür.
Əhaliyə çatdırmaq istədiyimiz əsas mesaj bundan ibarətdir ki, virus hepatitləri qorxulu deyil, gecikdirilmiş diaqnoz təhlükəlidir. Buna görə də, mütəmadi müayinədən keçin və peyvəndlərlə qorunun.