Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və qurumun Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə elan olunmuş müsabiqəyə yekun vurulub.
Müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, AXA-nın sədri Sərdar Hacıyev və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Fuad Məmmədov “Kənd Təsərrüfatı İşçiləri Günü”nün əhəmiyyətindən bəhs edib, müsabiqənin aqrar sahədə çalışan əməkdaşların peşəkar fəaliyyətinin qiymətləndirilməsi və onların stimullaşdırılması baxımından rolunu vurğulayıblar.
Bildirilib ki, müsabiqənin əsas məqsədi əmək fəaliyyətinin səmərəliliyinin artırılması üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsini gücləndirilməsi, peşəkar fəaliyyəti ilə fərqlənən mütəxəssislərin müəyyənləşdirilməsi və onların əməyinin təşviq edilməsidir. Qaliblərin seçimi zamanı onların peşə hazırlığı səviyyəsi, əmək intizamı və cari il ərzində əldə edilmiş nəticələr əsas meyarlar kimi nəzərə alınıb.
Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə müsabiqə qalibləri elan olunub.
Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəis müavini Vüsal Hacıyev “İlin ən yaxşı aprobatoru”, Aqrar Təlim Mərkəzinin Xankəndi Regional Təlim Mərkəzinin müdiri Talıb Hüseynov “İlin ən yaxşı təlimçisi”, Yevlax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Əhliman Nəsibov “İlin ən yaxşı baytar həkimi” nominasiyaları üzrə qalib olublar.
“İlin ən yaxşı aqrokimyaçısı” nominasiyası üzrə Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Beyləqan Mərkəzinin rəisi Əlikərəm Allahyarov və Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Şəki Regional Mərkəzinin rəis müavini İsmayıl Zeynalov, “İlin ən yaxşı fumiqasiya (zərərsizləşdirmə) mütəxəssisi” nominasiyası üzrə isə həmin mərkəzin Ucar Regional Mərkəzinin aqronomu Əlmövsüm Kərimov və Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Astara rayon mərkəzinin fumiqasiya dəstəsinin mühəndisi Rəşid Quliyev qalib elan ediliblər.
Müsabiqənin qalibləri diplom və mükafatlarla təltif olunublar.