lider-media.az

Anddan Zəfərə uzanan iyirmi üç il — güclü Azərbaycanın tarixi yolu

Baxış: 1856 Tarix: 31-10-2026, 12:00

31 oktyabr 2003-cü il tarixindən başlayan prezidentlik yolunun tarixi nəticələri


 

Bəzən bir tarix bütöv bir dövrün mahiyyətini anlamaq üçün kifayət edir. O tarixdə səslənən sözlər, qarşıya qoyulan məqsədlər və üzərinə götürülən məsuliyyət zaman keçdikcə görülən işlərin, əldə edilən nəticələrin fonunda yeni məna qazanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimi də ölkəmizin müasir tarixində belə əlamətdar hadisələrdən biridir. Həmin gün dövlət başçısının Konstitusiyaya və Qurani-Şərifə əl basaraq içdiyi and Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın milli maraqlarının müdafiəsi ilə bağlı üzərinə götürdüyü məsuliyyətin ifadəsi idi.


2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin 76 faizindən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktyabrın 31-də and içərək səlahiyyətlərinin icrasına başladı. Qarşıda ölkənin iqtisadi potensialının artırılması, əhalinin rifahının yüksəldilməsi, müasir dövlət institutlarının inkişafı, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və ən başlıcası, Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsi kimi mühüm vəzifələr dayanırdı.


Bu yolun başlanğıcında dövlət başçısının üzərinə götürdüyü öhdəliyin əsasını Konstitusiyaya sədaqət, dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, xalqa xidmət təşkil edirdi. Sonrakı illərin hadisələri göstərdi ki, Azərbaycan üçün bu vəzifələr bir-biri ilə sıx bağlıdır. Çünki ərazi bütövlüyünü qorumaq üçün güclü dövlət, güclü dövlət qurmaq üçün isə dayanıqlı iqtisadiyyat, müasir ordu, düşünülmüş xarici siyasət və milli birlik lazımdır.


İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk illərindən həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi oldu. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının davam etdirilməsi, ölkənin enerji potensialından səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılması dövlət siyasətinin əsas prioritetləri sırasında yer aldı.


Azərbaycanın enerji siyasəti yeni mərhələyə qədəm qoydu. Neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması, beynəlxalq enerji layihələrinin reallaşdırılması ölkənin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, onun regional və beynəlxalq əhəmiyyətini də artırdı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tam fəaliyyətə başlaması, sonradan Cənub Qaz Dəhlizinin yaradılması və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun genişlənməsi bu siyasətin mühüm nəticələrindəndir.


Bununla yanaşı, nəqliyyat infrastrukturunun yenilənməsi, beynəlxalq dəmir yolu və avtomobil yollarının inkişafı, hava limanlarının tikintisi Azərbaycanın tranzit imkanlarını artırdı. Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Şərq ilə Qərb arasında nəqliyyat əlaqələrində rolunu gücləndirdi. Bütün bunlar Azərbaycanın yalnız enerji ixracatçısı kimi deyil, həm də beynəlxalq iqtisadi əlaqələrin mühüm iştirakçısı kimi mövqeyinin möhkəmlənməsinə xidmət etdi.


İqtisadi inkişafın nəticələri regionların sosial-iqtisadi həyatında da özünü göstərdi. Yeni müəssisələrin yaradılması, yolların çəkilməsi, elektrik və qaz təchizatının yaxşılaşdırılması, təhsil və səhiyyə infrastrukturunun yenilənməsi əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldi. Dövlət proqramları vasitəsilə bölgələrdə iqtisadi fəallığın artırılması, sahibkarlığın dəstəklənməsi və yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirildi.


Bu siyasətin nəticələrini qiymətləndirərkən Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağını ucaltdıqdan sonra söylədiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı həmin çıxışında iyirmi il ərzində ölkənin iqtisadi inkişafını konkret göstəricilərlə ifadə etmişdi. Onun sözlərinə görə, 2003-cü ildə Azərbaycanın ümumi daxili məhsulu 7 milyard dollar olduğu halda, 2022-ci ilin yekununda bu göstərici 72 milyard dollara çatmışdı. Prezident eyni çıxışında 2003-cü ildə 1,6 milyard dollar təşkil edən valyuta ehtiyatlarının 2023-cü ildə 69,5 milyard dollara yüksəldiyini bildirmişdi.


Bu rəqəmlər dövlətin iqtisadi və maliyyə imkanlarının genişlənməsini göstərirdi. İqtisadi müstəqillik Azərbaycanın qarşısında duran strateji vəzifələrin həyata keçirilməsi, milli maraqlara əsaslanan müstəqil siyasətin aparılması və müdafiə potensialının gücləndirilməsi üçün mühüm zəmin yaratdı.


Lakin Azərbaycan qarşısında duran ən ağır vəzifə işğal altında qalan torpaqların azad edilməsi idi. Ermənistanın otuz ilə yaxın davam edən işğalı nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, xalqımız ağır mənəvi və humanitar itkilərlə üzləşmişdi. Bu problemin həlli həm diplomatik səylər, həm beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe, həm də güclü hərbi potensial tələb edirdi.


Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirildi, müasir silah və texnologiyaların tətbiqi genişləndirildi, hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Azərbaycanın müdafiə sənayesinin inkişafı da bu strategiyanın tərkib hissəsi idi.


2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş qabiliyyətini nümayiş etdirdi. Lələtəpə yüksəkliyinin və bir sıra strateji mövqelərin azad edilməsi xalqımızda qələbəyə inamı gücləndirdi. 2018-ci ildə Günnüt əməliyyatı zamanı strateji mövqelərin nəzarətə götürülməsi də hərbi baxımdan əhəmiyyətli hadisələrdən oldu. Bu uğurlar sonrakı mərhələdə Azərbaycanın hərbi üstünlüyünün təmin edilməsində rol oynayan amillər sırasında idi.


2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə dövlətimizin hərbi-siyasi strategiyasının həlledici sınağına çevrildi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatları həyata keçirərək işğal altındakı torpaqlarımızı azad etməyə başladı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərin azad edilməsi, noyabrın 8-də Şuşanın düşmən işğalından qurtarılması müharibənin gedişində həlledici mərhələlər oldu.


Qırx dörd gün davam edən müharibə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla başa çatdı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm nəticələr əldə edildi. Azərbaycan xalqı uzun illər arzuladığı Qələbəyə qovuşdu. Bu Zəfər hər şeydən əvvəl şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına qazanıldı.


Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidəki çıxışında iyirmi il əvvəl qarşısına qoyduğu məqsədi belə xatırladırdı: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”.


Dövlət başçısının bu fikirləri 2003-cü ildəki andla iyirmi il sonra əldə edilmiş tarixi nəticə arasındakı əlaqəni aydın göstərirdi. Qarşıya qoyulan məqsəd yalnız siyasi bəyanat olaraq qalmamış, onun həyata keçirilməsi üçün iqtisadi, hərbi və diplomatik istiqamətlərdə ardıcıl fəaliyyət göstərilmişdi.


2020-ci il Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ olsa da, Qarabağ bölgəsində dövlət suverenliyinin tam təmin edilməsi üçün qarşıda əlavə vəzifələr qalırdı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 20-də əldə olunan razılaşma nəticəsində hərbi əməliyyatlar dayandırıldı. Bununla da bölgədəki qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası üçün yeni mərhələ başlandı.


2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması isə bu tarixi prosesin rəmzinə çevrildi. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində iyirmi il əvvəl verilən vədlərin yerinə yetirildiyini bildirərək demişdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.


Bu sözlər dövlət başçısının öz fəaliyyətinə verdiyi siyasi qiymət olmaqla yanaşı, Azərbaycanın müasir tarixində baş vermiş böyük dəyişikliklərin də ifadəsi idi. İyirmi il əvvəl işğal altında olan torpaqlarda Azərbaycan Bayrağının dalğalanması məqsəd kimi qarşıya qoyulmuşdu. 2023-cü ildə isə həmin məqsəd ölkənin bütün ərazilərində suverenliyin təmin edilməsi ilə tarixi reallığa çevrildi.


Azərbaycanın əldə etdiyi bu nəticələr xalqın birliyi və dövlətin gücü ilə sıx bağlıdır. Vətən müharibəsi zamanı cəmiyyətin müxtəlif təbəqələrinin vahid amal ətrafında birləşməsi, əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıq, şəhid ailələrinin və qazilərin fədakarlığı milli tariximizin ən qürurlu səhifələrini təşkil edir. Bu Qələbə Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq əzmini bütün dünyaya nümayiş etdirdi.


İyirmi ilin mühüm nəticələrindən biri də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsidir. 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin diplomatik tarixində mühüm hadisə oldu. 2019-cu ildə Qoşulmama Hərəkatına sədrlik etməyə başlayan Azərbaycan bu təşkilatın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verdi. Enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və regional əməkdaşlıq sahələrində həyata keçirilən layihələr ölkəmizin beynəlxalq əhəmiyyətini artırdı.


Azərbaycanın xarici siyasətində milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq hüququn prinsiplərinə əsaslanılması əsas istiqamətlər olaraq qaldı. Qarabağ məsələsinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpası və regional sülhün təmin olunması istiqamətində aparılan fəaliyyətlər bu siyasətin mühüm tərkib hissəsi idi.


Qələbədən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri azad edilmiş ərazilərdə həyatın yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri yolların, enerji və kommunikasiya xətlərinin bərpasını, yeni yaşayış məntəqələrinin salınmasını, məktəb və səhiyyə müəssisələrinin tikintisini əhatə edir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi həmin ərazilərin nəqliyyat imkanlarının genişləndirilməsinə xidmət edir.


Böyük Qayıdış prosesi yalnız insanların öz evlərinə qayıtması ilə məhdudlaşmır. Məqsəd doğma torpaqlarda təhlükəsiz yaşayış mühitinin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi, iqtisadi fəaliyyətin bərpası və bölgənin ölkənin ümumi inkişafına inteqrasiyasının təmin edilməsidir. İllərlə yurd həsrəti çəkən insanların öz kənd və şəhərlərində yeni həyata başlaması Qələbənin ən mühüm insani nəticələrindən biridir.


Bu gün 31 oktyabr tarixinə nəzər salarkən 2003-cü ildə içilən andın məsuliyyətini və ötən 23 ilin tarixi nəticələrini birlikdə qiymətləndirmək mümkündür. Bu illər ərzində Azərbaycan iqtisadi potensialını genişləndirib, müasir ordu qurub, beynəlxalq mövqelərini möhkəmləndirib, Vətən müharibəsində tarixi Qələbə qazanıb və 2023-cü ildə dövlət suverenliyini ölkənin bütün ərazilərində təmin edib. Bu nailiyyətlər dövlətin ardıcıl siyasətinin, xalqın birliyinin, ordunun qəhrəmanlığının və şəhidlərimizin fədakarlığının nəticəsidir.


Əlbəttə, dövlət quruculuğu davamlı prosesdir. Qazanılmış nailiyyətlərin qorunması, iqtisadiyyatın daha da şaxələndirilməsi, təhsilin və elmin inkişafı, insan kapitalının gücləndirilməsi, azad edilmiş ərazilərin dirçəldilməsi və əhalinin rifahının yüksəldilməsi qarşıdakı dövrün əsas vəzifələridir. Tarixi Qələbənin davamlı uğura çevrilməsi məhz bu hədəflərin həyata keçirilməsi ilə bağlıdır.


İyirmi üç il əvvəl içilən anddan başlayan prezidentlik yolu Azərbaycanın müasir tarixində böyük dəyişikliklərlə yadda qalıb. Bu gün üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması müstəqilliyimizin, milli iradəmizin və tarixi Zəfərimizin rəmzidir. Azərbaycan qazandığı nailiyyətlərə söykənərək qarşısında duran yeni hədəflərə doğru inamla irəliləyir. Qarabağda başlanan quruculuq, güclənən iqtisadiyyat və möhkəmlənən dövlətçilik gələcəyə hesablanmış inkişaf yolunun əsas istiqamətləridir. Əldə edilmiş Zəfər bu yolun ən böyük tarixi dayağı, gələcək uğurlarımızın isə möhkəm təməlidir.


Nurəngiz Adilqızı



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi