2020-ci il noyabrın 2-si Vətən müharibəsinin otuz yeddinci günü idi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəni qətiyyətlə davam etdirirdi. Cəbhədə gərgin döyüşlər gedir, düşmənin hərbi imkanlarına sarsıdıcı zərbələr endirilir, işğal altındakı yaşayış məntəqələrimizin azadlığı uğrunda əməliyyatlar aparılırdı. Hər yeni uğur xalqımızın doğma torpaqlara qayıdış ümidini gücləndirir, qələbəyə inamını daha da möhkəmləndirirdi.
Həmin günün səhərindən etibarən Ermənistan silahlı qüvvələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tuturdu. Dövlət sərhədində yerləşən Azərbaycan mövqelərinə qarşı minaatanlardan və atıcı silahlardan istifadə edilirdi. Düşmən bununla kifayətlənməyərək Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qəzyan və Qapanlı kəndlərini, Goranboy rayonunun Yenikənd kəndini də intensiv artilleriya atəşinə məruz qoyurdu. Dinc sakinlərin yaşadığı ərazilərin hədəfə alınması müharibənin ağır yükünü mülki əhalinin də daşıdığını göstərirdi.
Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsasən, cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları, əsasən, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edirdi. Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır, onun canlı qüvvəsinə və hərbi texnikasına zərbələr endirirdi. Nazirliyin məlumatında düşmənin silah-sursat və ərzaq ehtiyatlarının tükənmək üzrə olduğu, avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələrinin çatışmadığı bildirilirdi.
Axşam saatlarında cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edildi. Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, on müxtəlif tipli topu, sursatla dolu üç yük maşını və beş digər avtomobil texnikası məhv edilmiş və ya sıradan çıxarılmışdı. Bu nəticələr döyüş meydanında Azərbaycan Ordusunun əməliyyat üstünlüyünü qorumaq əzmini nümayiş etdirirdi.
Düşmənin havadan hücum cəhdləri də cavabsız qalmırdı. Müdafiə Nazirliyi Zəngilan istiqamətində Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin məhv edildiyini açıqladı. Nazirliyin məlumatına əsasən, həmin istiqamətdə düşmən əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iriçaplı silahlardan istifadə etmiş, lakin Azərbaycan bölmələrinin vaxtında gördüyü tədbirlər nəticəsində ciddi itkilər verərək geri çəkilməyə məcbur olmuşdu. Rəsmi məlumatda düşmənin canlı qüvvə sarıdan otuzadək itki verdiyi bildirilirdi.
Günün ən sevindirici xəbərlərindən biri isə işğaldan azad edilən yaşayış məntəqələrimizlə bağlı oldu. Prezident İlham Əliyev özünün sosial şəbəkə hesabında Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı və Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ və Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı və Milanlı kəndlərini işğaldan azad etdiyini elan etdi.
Səkkiz kəndin azad olunması cəbhədəki uğurların coğrafiyasını genişləndirməklə yanaşı, xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Bu yaşayış məntəqələrinin hər biri öz tarixi, yaddaşı və doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan insanları ilə Azərbaycan torpağının ayrılmaz hissəsi idi. İllərlə yurd-yuvasından uzaq düşmüş soydaşlarımızın qayıdış arzusu döyüş meydanında qazanılan hər uğurla daha da gerçəkləşirdi. Azad edilən kəndlərin xəbəri ailələrə sevinc, cəbhədəki əsgər və zabitlərimizə isə yeni mübarizə ruhu bəxş edirdi.
Günün ikinci yarısında da cəbhədəki əməliyyatlar davam edirdi. Müdafiə Nazirliyi düşmənin Tərtər və Goranboy rayonlarının ərazilərinə artilleriya zərbələri endirdiyini bildirirdi. Azərbaycan Ordusu isə mövqelərini qoruyur, düşmənin hərbi obyektlərini və canlı qüvvəsini hədəfə alırdı. Axşam saatlarında Müdafiə Nazirliyi Tərtər rayonunun Çardaqlı kəndi istiqamətində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus “KUB” zenit-raket kompleksinin dəqiq atəşlə məhv edildiyini açıqladı. Nazirliyin digər məlumatında düşmənin daimi dislokasiya məntəqəsində, səngərlərində və atəş mövqelərində yerləşən canlı qüvvəsinin dəqiq zərbələrlə məhv edildiyi bildirildi.
Müdafiə Nazirliyi həmin gün torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin şücaətinə həsr olunmuş videoçarx da yayımladı. Bu materiallar cəbhədəki mübarizənin yalnız hərbi əməliyyatlardan ibarət olmadığını, həm də Vətənə sədaqətin, fədakarlığın və qəhrəmanlığın təcəssümü olduğunu göstərirdi.
Cəbhədəki hadisələrlə yanaşı, noyabrın 2-si Azərbaycanın beynəlxalq əlaqələri və informasiya mübarizəsi baxımından da əlamətdar oldu. Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmliyi, iki ölkə arasındakı qardaşlıq və qarşılıqlı dəstək məsələləri ön plana çıxdı.
Prezident İlham Əliyev Türkiyənin müharibənin ilk günlərindən Azərbaycanın yanında olduğunu bəyan etməsinin ölkəmiz üçün mühüm mənəvi dəstək olduğunu vurğuladı. O, iki dövlət arasındakı birliyin tarixi əsaslarına toxunaraq Bakı–Tbilisi–Qars dəmir yolu kimi mühüm layihələrin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini qeyd etdi. Binəli Yıldırım isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı mübarizənin haqlı olduğunu bildirərək Türkiyənin ölkəmizə dəstəyini bir daha ifadə etdi.
Həmin gün Prezident İlham Əliyev türkdilli dövlətlər arasında əməkdaşlıq çərçivəsində də bir sıra nümayəndələri qəbul etdi. Bu təmaslar Azərbaycan ətrafında dostluq və həmrəylik münasibətlərinin möhkəmlənməsi, ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə çatdırılması baxımından əhəmiyyət daşıyırdı.
Dövlət başçısı noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə də müsahibə verdi. Müsahibədə Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illər davam edən danışıqlar prosesi və münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi diqqət mərkəzində idi. Prezident Azərbaycanın təxminən otuz il ərzində danışıqlar prosesinə sadiq qaldığını, lakin bu müddətdə münaqişənin həllinə nail olunmadığını vurğulayırdı. Azərbaycanın əsas məqsədi işğal altındakı torpaqlarını azad etmək və ərazi bütövlüyünü bərpa etmək idi. Bu müsahibə ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Müsahibənin Prezidentin rəsmi internet səhifəsində dərc olunması isə noyabrın 4-nə təsadüf edir.
Beləliklə, noyabrın 2-si Vətən müharibəsinin gedişində cəbhədə yeni uğurların qazanıldığı, düşmənin hərbi imkanlarına ciddi zərbələr endirildiyi və Azərbaycanın beynəlxalq mövqeyinin fəal şəkildə müdafiə olunduğu gün kimi yadda qaldı. Azad edilən kəndlər, məhv edilən hərbi texnika və Azərbaycan-Türkiyə həmrəyliyini nümayiş etdirən görüşlər vahid məqsədə -torpaqlarımızın işğaldan azad olunmasına xidmət edirdi.
Vətən müharibəsinin hər günü xalqımızın iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını, dövlətimizin qətiyyətini sınağa çəkirdi. Azərbaycan Ordusu bu sınaqlardan güclənərək çıxır, hər uğurlu əməliyyatla tarixi ədalətin bərpasına doğru irəliləyirdi. Noyabrın 2-də cəbhədən gələn sevindirici xəbərlər bir daha göstərirdi ki, xalqın birliyi, ordunun qüdrəti və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə başlanan azadlıq mübarizəsi Qələbəyə doğru inamla davam edir.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Oktyabr ayında ölkə ərazisində müşahidə olunan hava
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından edib - Video
Noyabrın 3-də gözlənilən hava şəraiti
Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilmişdir
70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
4 898,3 hektar ərazi minalardan təmizlənib-oktyabr ayı ərzində
Media və Yayım Şurası: Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır
Hamiləlikdən doğuşa qədər: Səhiyyə Nazirliyinin mütəxəssisi vacib məqamları açıqlayıb
Asfalt çəkildi, baxış qapaqları altında qaldı? – “Yolun Sözü” rubrikasında izah olunur Video
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Vətən müharibəsinin 36-cı günü: Düşmənin hərbi mövqelərinə zərbələr, qələbəyə doğru irəliləyiş
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
Vətən müharibəsinin 35-ci günü: Zəfərə aparan yolda qətiyyət və mübarizə
Anddan Zəfərə uzanan iyirmi üç il — güclü Azərbaycanın tarixi yolu
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb