“Paris-2024”: Rəsmi açılışa yaxın Parisdə etiraz nümayişi keçirilir
“Paris-2024” Olimpiya Oyunlarının rəsmi açılışına saatlar qalmış 80 təşkilat Olimpiya Oyunlarına etiraz etmək məqsədilə Respublika meydanına toplaşıblar.
Lider-media.az xəbər verir ki, 300-dən çox nümayişçi əllərində “Olimpiya Oyunları sosial təmizləmə: 12 500 insan qovulub” şüarı yazılmış plakatlarla Respublika meydanındakı heykəlin qarşısına toplaşıb. Nümayişçilər Olimpiya Oyunlarının sakinlər, işçilər üçün olmadığını bəyan ediblər. Bildiriblər ki, ölkənin düşdüyü sosial və ekoloji böhranı görməzdən gəlib, beynəlxalq idman tədbirləri təşkil etmək olmaz.
“Solidaires” həmkarlar ittifaqı mətbuata açıqlamasında işçilərin həddindən artıq istismarını, tətil etmək hüququna təhdidləri, ətraf mühitin məhv edilməsini, mənzil itkisini və evsizlərin məcburi köçürülməsini - sosial təmizləməni pisləyiblər.
Assosiasiyalar Olimpiya Oyunları yaxınlaşdıqca Paris ətrafında əsasən miqrantların məskunlaşdığı qeyri-qanuni düşərgələrin sökülməsinin sürətləndirildiyini bildiriblər.