İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirildi.
XI Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dedi:
- Zati-aliləri Prezident Əliyev.
Xanımlar və cənablar.
Mənim adım İsmail Serageldindir.
Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədriyəm və sizin hamınızı XI Qlobal Bakı Forumunda salamlayıram.
Biz “Parçalanmış dünyanın bərpası” adı altında görüşürük. Dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var. Əslində, biz təhlükənin hökm sürdüyü vaxtda görüşürük. Lakin bizim görüş, həmçinin vədlər dövrünə də təsadüf edir. Təhdidlər ətrafdadır, yeni dünya düzəni yarandığı bir dövrdə böyük güclər formalaşmış düzənin quruluşunu parçalayır, mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesinə cəlb olunurlar. Yenidən ayağa qalxan Rusiya BMT Baş Assambleyasının çağırışlarına məhəl qoymayaraq Ukraynada dağıdıcı müharibəyə başlayıb. Oktyabrın 7-də HƏMAS-ın törətdiyi dəhşətli hücumdan sonra Qəzzadakı müharibəyə gəldikdə, dünya qəti şəkildə humanitar xarakterli atəşkəsi tələb edir. Lakin ondan imtina edən İsrail ABŞ tərəfindən dəstəklənir.
Münaqişələr Afrikanın bir çox hissəsini caynağına alıb. Haiti xaos doğuran zorakılıq məngənəsinə düşüb. Cinayətkarlıq, zorakılıq əksər Latın Amerikası ölkələrində bəlaya çevrilib. Dünyanın çox hissəsində müharibələr gedir. Dövlətlərdə sabit milli idarəçiliyi sual altına qoyan və hər hansı immiqrasiya növünə mənfi təsir edən etnik, dini və siyasi ayırıcı xətlər bir çox qatları təşkil edir. Bu, hazırda qaçqınların və məcburi köçkünlərin sayının hətta 100 milyonu keçdiyi halda baş verir. Nəhəng Amerikanın böyük kölgəsi göstərir ki, onun dərindən parçalanmış siyasəti ayırıcı xətlərin daim yenidən çəkilməsi ilə müşayiət olunan tektonik platformalardan ibarət bu dünyada hər hansı ardıcıl iştiraka olan inamı sarsıdır. Bununla yanaşı, gücü artan Çin formalaşan yeni dünya düzənində haqlı olaraq əsas rol oynamağa çalışır.
Dünya özünün qəbul etdiyi dayanıqlı inkişaf yolunda uğursuz olmaqla yanaşı, təhdidlər də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Dünyanı bürümüş pandemiyadan yenicə çıxdığımız dövrdə növbəti belə hadisəyə hazır olmaq üçün heç bir dərs götürmədik. Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Lakin biz, eyni zamanda, elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasındayıq. Süni zəka hazırda hər şeyə təsir göstərir. O, bütün sahələrdə innovasiya tempini sürətləndirir və bütün növ mürəkkəb problemlərin həllinə yardım edir. İKT inqilabı yeni biologiya sahəsində yeni inqilabla müşayiət olunur. Elmə, texnologiyaya, innovasiyaya yönələn yeniləşmə prosesi elmin perspektivlərini qavramağa, konkret olaraq xəstəliklərin müalicəsi, aclığa qarşı mübarizə, təbiətə ahəngdar olacaq inkişafımızın yenidən müəyyən edilməsi, layiqli iş yerləri, özünüifadə üçün miqyasın yaradılması kimi məsələləri anlamağa yardım edir. Biz həmin eyni texnologiyaların təkcə dağıdıcı və məhvedici tərəflərinə diqqət yetirməli deyilik.
Zati-aliləri, xanımlar və cənablar, Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanıdır və orada onlar təhdidləri azaltmaq və vədləri həyata keçirmək üçün bütün həmin məsələlərlə bağlı öz fikirlərini ifadə edə bilərlər. Bütün bu və ya digər məsələləri müzakirə etmək, söhbətlərdə ümumbəşəri dəyərlərə sadiq olmaq, arqumentlərdə rasionallığı göstərmək üçün imkan yaranır və onlar öz müdrikliklərinə əsaslanaraq bilik və təcrübələrini təsdiq edirlər. Ümid edirik ki, həmin müzakirələrin nəticələri təhlillərə imkan yaradacaq və BMT-nin qarşıdan gələn sammitini və bu ilin sonunda COP29 görüşlərindəki müzakirələri zənginləşdirəcək. Cənab Prezident Əliyev həmin tədbirə ev sahibliyi edəcək.
Beləliklə, Qlobal Bakı Forumunun başlanması məqsədilə mən sözü şərəf və iftixar hissi ilə Zati-aliləri Prezident İlham Əliyevə verirəm. Zati-aliləri, buyurun.
x x x
Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı bu gün burada, uzun illər bundan əvvəl qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilmiş ənənəvi Forumda görməkdən məmnunam. Hesab edirəm ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.
Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.
Zənnimcə, bu dəfə iştirakçıların sayı rekord həddədir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.
Dünən mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri ilə görüşdüm. Biz bir sıra məsələlər barəsində çox yaxşı və səmimi müzakirələr apardıq. Bizim Forumdan əvvəlki görüşlərimizin artıq yaxşı bir ənənəyə çevrilmək xüsusiyyəti var. Dünən mən bir daha İdarə Heyətinin üzvlərinə fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim. Çünki il boyunca Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal gündəlikdə duran ən mühüm məsələləri dünyanın müxtəlif yerlərində qərar qəbul edənlərin diqqətinə çatdırmaq üçün böyük işlər görür.
Mən bir daha şəxsən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə - xanım Vike-Freyberqaya və cənab Serageldinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdikləri davamlı töhfəyə, həmsədrlər kimi mükəmməl fəaliyyətlərinə görə minnətdarlığımı bildirmək istərdim. Onlar həqiqətən də çox özəl şəxsiyyətlərdən ibarət güclü heyət yaratmağa və Mərkəzin fəaliyyətini nəticəyə yönəlmiş, bu gün qlobal miqyasda böyük hörmətə malik beynəlxalq QHT kimi qurmağa nail oldular.
Qeyd etdiyim kimi, ötən görüşümüzdən bu yana dünyada, eləcə də regionumuzda çox hadisələr baş verib. Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək.
Uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi.
Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.
Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi bu və həmçinin sözsüz ki, Ermənistan hökumətlərinin-1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi müxtəlif hökumətlərin qeyri-konstruktiv mövqeyi idi. Dünyanın aparıcı paytaxtlarından bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Dedik yaxşı, biz bununla razılaşa bilərik, bəs alternativ nədən ibarətdir. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil.
Biz bir halda hərbi yolla həllin olmadığı ilə razılaşa bilərik ki, siz Minsk qrupu həmsədrləri, dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan işğalçı qüvvələrini bizim torpaqlarımızdan geri çəkilməyə məcbur edəsiniz. Siz, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qəbul edənlər bu qətnamələrə əməl olunmasını təmin etməlisiniz, əks halda münaqişə heç vaxt həll olunmayacaq.
Əfsuslar olsun ki, bizim münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu, səbəbini isə mən artıq izah etdim. Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. İndi baş verən də məhz budur. İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik.
Məhz buna görə son 3-4 il ərzində Azərbaycanda baş verənlərin təkcə lokal xarakter daşıyan bir məsələ olmadığını deyirəm. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Hesab edirəm ki, bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər. Lakin ən başlıca məsələ, əlbəttə ki, bu, beynəlxalq hüququn alilik prinsipinin tətbiq olunması ilə baş tutmalıdır. Beynəlxalq hüququn normaları bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Bütün bunlar hamımıza yaxşı məlum olan tarixi faktlardır. Biz ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Bizə heç kəs kömək etmədi, biz bunu özümüz etdik.
Biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digərləri kimi bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi.
Münaqişənin hərbi yolla həllindən qaçmaq mümkün idimi? Bəli. Dünən biz İdarə Heyətinin üzvləri ilə bu məsələni geniş müzakirə etdik və mən azacıq olaraq pərdəarxası məqamları onlarla bölüşdüm. 2018-ci ildə Ermənistan hökumətində dəyişiklik baş verəndə razılığa gəlmək imkanı var idi. Ermənistanın yeni hökuməti bizi əmin etdi ki, onlar beynəlxalq hüquqa uyğun davranacaq və əraziləri geri qaytaracaqlar. Bizim belə gözləntilərimiz var idi və əgər o vaxt Ermənistanın yeni hökuməti indiki kimi davransaydı, onda suverenliyimizin güc yolu ilə bərpa edilməsinə ehtiyac qalmazdı.
Lakin, əfsuslar olsun ki, 2019-cu ildə Ermənistanın yeni rəhbərliyi “Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır, Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq” kimi tamamilə qəbuledilməz təkliflər irəli sürdü. Bundan əlavə, Ermənistanın baş nazirinin məşhur “Qarabağ Ermənistandır” şüarı səsləndi. Birincisi, bu, beynəlxalq hüquqa tamamilə zidd idi və ikincisi, bizim torpaqları əbədi saxlayacağını hesab edən ölkə üçün həddindən artıq iddialı bir addım idi.
Beləliklə, biz 2020-ci ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və düşündük ki, bu dərs onlara kifayət edəcək və onlar başa düşəcəklər ki, xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamağın vaxtı artıq bitib.
Son 3-4 ildə sülhə nail olmaq imkanı var idimi? Bəli, var idi. Bunun üçün Ermənistan sülh müqaviləsinin tərəfimizdən hazırlanmış layihəsinə konstruktiv yanaşmalı və bu sülh müqaviləsinə dırnaqarası dağlıq qarabağ respublikasının statusunun daxil edilməsi üzərində israr etməməli idi. Birincisi, belə bir respublika mövcud deyil. O, ancaq onların xülyalarında və mifologiyasında mövcuddur. İkincisi də bizim mövqeyimiz yenə də beynəlxalq hüquqa tamamilə uyğun idi. Dövlətlərarası sazişlərdə daxili siyasət məsələləri yer almamalıdır.
2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində olduğu kapitulyasiya aktına əsasən onlar o zaman bizim nəzarətimizdə olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentini ərazidən çıxarmadı, onlar İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Kommunikasiya yolları üzərində nəzarət bizə keçdikdən sonra qaçaqmalçılıq dayandı. Buna baxmayaraq, sonuncu antiterror əməliyyatı zamanı bizim ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi. Sual olunur ki, Ermənistan bütün bu pulu haradan əldə edib? Əlbəttə, aydındır ki, bizə qarşı istifadə etdikləri bütün silahlar onlara təmənnasız verilmişdir.
İndi isə Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib.
Diqqətinizə çatdırmaq istədiyim bir məsələ bizim antiterror əməliyyatı ilə bağlı beynəlxalq reaksiyadır. Əksər hallarda bu reaksiya tamamilə adekvat olmuşdur. Beynəlxalq birlik, müxtəlif ölkə və beynəlxalq təşkilatlar öz açıqlamalarında, habelə bizimlə pərdəarxası təmaslarda qeyd edirlər ki, onlar bizim bunu etmək məcburiyyətində qaldığımızı anlayırlar. Anlayış var ki, antiterror əməliyyatından öncə Ermənistan iki qırmızı xəttimizi keçib və ümumilikdə beynəlxalq birliyin buna reaksiyası tamamilə müsbət olmuşdur.
Bəzi təfərrüatlar, sentyabrın əvvəlində nələrin baş verdiyi və antiterror əməliyyatının niyə sentyabrda həyata keçirilməsi haqqında sizə məlumat vermək istəyirəm. Çünki sentyabrın əvvəlində Ermənistanın baş naziri separatçı rejimə dırnaqarası müstəqillik günü münasibətilə təbrik məktubu göndərdi. Bunu gözləmirdik və bu, bizim üçün mənfi bir sürpriz oldu. Çünki Ermənistanın həmin baş naziri 2022-ci ildə Praqadakı görüşdə ictimai şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımışdı və bir neçə dəfə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmadığını vurğulamışdı.
Yaxşı, o zaman bu təbrik nəyə lazım idi? Bu təbrik separatçılara ünvanlanmışdı və bu, Azərbaycanın suverenliyinin pozulması idi, tamamilə ziddiyyətli və qəbuledilməz hərəkət idi. Daha sonra sentyabrın 9-da dediyim kimi, yalnız müəyyən insanların xülyalarında mövcud olan dırnaqarası dağlıq qarabağ respublikası dırnaqarası prezident seçkiləri təşkil etdi və bu, növbəti qırmızı xətt idi.
Beləliklə, bu, bizim son həddimiz idi və antiterror əməliyyatının həyata keçirilməsinə səbəb oldu. Bu əməliyyat bir neçə saat davam etdi və 23 saatdan sonra separatçılar təslim oldular. Mülki əhali arasında itki olmadı və separatçılar təslim olan kimi biz əməliyyatı dayandırdıq və bu, həmin tarixçənin sonudur.
Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm. Bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır. Mən buna olduqca təəssüf edirəm, çünki 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub.
Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni, etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.
Təəssüflər olsun ki, bundan sonra baş verənləri normal dərk etmək mümkün deyil. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi.
Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi.
Belə olan halda biz israr etdik ki, bu heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır.
Bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir. Bu, ikili standartların göstəricisidir. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.
Sizinlə dünən ətraflı şəkildə müzakirə etdiyimiz daha bir mövzunu diqqətinizə çatdırmaq istərdim. Bu da COP29-dur. Biz əminik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırlıq işləri və tədbirin keçirilməsi zamanı Azərbaycanın fəal tərəfdaşı olacaqdır. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Dəfələrlə ictimai bəyanatlarda da dediyim kimi, neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Hesab edirəm ki, bizi tənqid etməyə cəhd göstərənlər və bu qlobal tədbirə ev sahibliyi etmək şərəfinə bizi layiq görənlər anlamalıdırlar ki, bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var.
Ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını etdik. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. Biz 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırırıq. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb.
Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır.
Beləliklə, birincisi, COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq. Çünki bizim dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni, biz müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var.
Bilirəm ki, gərgin proqramınız var və bundan artıq vaxtınızı almaq istəmirəm. Çıxışımın sonunda bir daha bizimlə birlikdə burada olan bütün iştirakçılara, xüsusilə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirir və Foruma uğurlar arzu edirəm.
x x x
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək dedi:
- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
Zati-aliləri, ölkə prezidentləri və sabiq prezidentlər.
Sabiq və fəaliyyətdə olan hökumət başçıları.
Xanımlar və cənablar, hörmətli qonaqlar, Nizami Gəncəvi Mərkəzinin dostları.
Çıxışımın əvvəlində son 11 il ərzində bu Bakı forumlarında geniş dünya auditoriyasına göstərdiyi səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürümü ifadə etmək istəyirəm. Biz bu toplantılarda tam əməkdaşlıq etmişik və bu tədbirlərimizdə sayı artmaqda olan qonaqları qəbul etməyə hazırıq. Onların hamısı xoş gəlib, hamının öz fikirlərini, əziyyət çəkdiyi ağrıları və dözdüyü haqsızlıqları bölüşmək imkanı olacaq. Biz bizi narahat edən ümumi bir məsələni birlikdə müzakirə edəcəyik. Bir çox şəkildə həqiqətən parçalanmış və bölünmüş dünyanı və bu çatları ən azından azalda və ya aradan qaldıra biləcək yolları, insan fəaliyyətini müzakirə edəcəyik. Ötən il burada, Bakıda keçirilmiş sonuncu forumdan bəri xəbər kanallarını və ictimai medianı izləyəndə çox pis xəbərlərin şahidi olmuşuq. Lakin haqqında yaxşı xəbərlər olan yerlər də var və onlardan biri də Prezident Əliyevin elə indi bizə haqqında bəhs etdiyi məsələdir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, uzun müddət davam edən, 28 il ərzində dondurulmuş münaqişəyə nəhayət ki, son qoyulub. Söhbət qonşu ölkə tərəfindən beynəlxalq hüquqa zidd olaraq əraziləri qeyri-qanuni işğal edilmiş ölkənin öz ərazilərini qaytarması, öz ərazi bütövlüyünü və ona məxsus olan torpaqlar üzərində suverenliyini bərpa etməsindən gedir. Eyni zamanda, dünyada hələ də davam etməkdə olan əlli aktiv münaqişə ocağı var. Ukrayna qeyri-qanuni işğaldan və ərazilərinin anneksasiyasından əziyyət çəkir. Bu da İkinci Dünya müharibəsinin əvvəlində Stalinin Baltikyanı ölkələrə hücum etmək və anneksasiya etmək üçün istifadə etdiyi ssenarini xatırladır. Latviya, Litva və Estoniya ilk dəfə Sovet İttifaqının ordusu tərəfindən işğal olunduqda guya bu ölkələrin xalqları ölkələrinin Sovet İttifaqının tərkibinə daxil edilməsini xahiş etmişdir və bu şəkildə anneksasiya həyata keçirilmişdir. Ukraynada onun əraziləri ilə əlaqədar olaraq baş verən hadisələr isə eyni ssenarini və anneksasiyanın arxasında duran izahatları təkrarlayır və sanki bir komediyaya bənzəyir. Bu faciə və bu qədər insan tələfatı olmasaydı, insanlar əziyyət çəkməsəydi, bu, komik olardı. Prezidentin dediyi isə odur ki, yaşadığımız parçalanmış dünyanı yaxşılaşdırmaq olar. Biz ən azından bizi ayıran o çatların dərəcəsini azalda bilərik. Əvvəlcə biz fərqli nəzər nöqtələrinin, münasibətlərin və maraqların olduğunu qəbul etməliyik. Lakin bir araya gələrək çıxış yolunu tapmaq mümkündür və bunun da tələbləri var. Ən azından xoş məram, xoş niyyət olmalıdır. Məhz bu xoş məramın və xoş niyyətin olmaması bizim dünya miqyasında müşahidə etdiyimiz faciəvi fəsadlara gətirib çıxarır. Dünyada müəyyən prinsiplər qəbul olunub və beynəlxalq miqyasda birgəyaşayışın münaqişə olmadan və zor tətbiq etmədən mümkünlüyü ilə bağlı prinsipləri irəli sürməyə çalışan əhalinin xoşməramlı səylərindən sonra Birləşmiş Millətlər Təşkilatının təsis edilməsindən bəri, nizamnaməsinə uyğun olaraq və insan hüquqlarının deklarasiyalarından sonra bu prinsiplərin nədən ibarət olduğunu, qəddar və vəhşi dünyada yox, bəşəri və sivil dünyada yaşaya bilməmiz üçün nələrə əməl etmək lazımdır kimi məsələləri formulizə etməyə çalışmışdır.
Yeri gəlmişkən, bəşəriyyətin vəhşi təbiət və yırtıcı heyvan kimi olmasını söyləmək heyvanlar aləminə münasibətdə təhqiramiz bir ifadədir. Çünki bir çox ölkələr özlərini elə aparırlar ki, onların davranışı bəzi heyvanların təbii sağqalma instinktinin pozulması və qida zəncirinin bir hissəsi olması nəticəsində əldə etdikləri xüsusiyyətlərə bənzəyir. Latviyadan bir misal çəkə bilərəm. Sovet İttifaqı dönəmində Latviyada fermalarda norka yetişdirirdilər. Buna səbəb xəz dərisi istehsalının xarici valyutada yaxşı gəlir mənbəyinin olması idi. Bu norkalardan bəziləri fermalardan qaçmış, vəhşiləşmiş və minilliklər boyunca mövcud olmuş üzən adaları olan göldə məskunlaşmışdır. Yazda köçəri quşlar bu gölə gələrək burada yuva qurardı. Həmin qaçmış norkalar quşların yuva qurduğu bu adaya gələrək bütün quşları öldürmüş və onların cəsədlərini orada buraxmışdı. Onlar quşları yeməmişdi. Bu, təbiətə qarşıdır, bu, qida zəncirində yırtıcı cinslərə şamil olunan sağqalma instinktinə qarşıdır. Düşünürəm ki, eynilə bu şəkildə hərəkət edən ölkələr var. Digər insanları öldürmək istəyi insanın təbiətinə xas olan bir şeydir və bu, öz iradəsini digərlərinə güclə qəbul etdirmək istəyən qüvvələr tərəfindən istifadə və sui-istifadə olunur. Güc, xüsusilə müdafiə üçün istifadə edildikdə legitim güc ola bilər, lakin ondan tamamilə sui-istifadə də edilir və biz bunu dünyanın bir çox yerlərində görürük.
Beynəlxalq qurumlar tərəfindən ifadə və formulizə edilmiş prinsiplər qüvvədə qalır. Apardığımız bütün müzakirələrimizdə unutmamalıyıq ki, biz nəyisə yenidən ixtira etməməliyik. Biz dünyaya nə lazım olduğunu dəqiq bilirik. Dünyada qeyd-şərtsiz olaraq bütün insanlara, kişi və qadınlara, müxtəlif irqi mənşəyi olan insanlara hörmət lazımdır. Bizə insanların inancları və nəyəsə mənsubluğu olmadan hörmət lazımdır. Fərdlərin vətəndaş azadlıqları haqqında danışdıqda, bu məsələ heç bir əhəmiyyət kəsb etmir. Bizim dünyamız elə bir dünya olmalıdır ki, orada ölkələr kateqoriyalara bölünməməlidir. Bu Corc Oruelin təsvir etdiyi heyvan fermasına bənzəyir. Bu fermada bütün heyvanlar bərabər hüquqlara malikdir, lakin bəziləri digərləri ilə müqayisədə daha çox hüquqlara malikdir. Böyük ölkələrin avtomatik şəkildə qonşu ölkələrin bahasına istədiklərini etmək imtiyazı yoxdur. Orta məktəb proqramında hətta adlarını görmədiyimiz, heç vaxt eşitmədiyinizə baxmayaraq, kiçik ölkələrin də hüquqları var. Onlar mövcuddur. Biz bunu bilirik. BMT-nin Baş Assambleyasına nəzər saldıqda çoxlu sayda belə ölkələrin olduğunu görürük və əksəriyyətimiz heç onların adlarını da çəkə bilmir. Lakin onların hamısının, hər bir ölkənin kiçik, böyük və ya orta olmasından asılı olmayaraq yaşamaq hüququ var. Onların ölçüsü xalqların özlərini idarə etmək hüququ baxımından əhəmiyyətli olmamalıdır.
Xanımlar və cənablar, siz buraya böyük həyat təcrübəniz ilə dünyanın bir çox yerindən təşrif buyurmusunuz. İstərdim ki, siz debatlarda səmimi və açıq iştirak edəsiniz. Əlbəttə ki, başqalarını təhqir etmədən. Çünki biz burada nəzakətli bir cəmiyyəti təmsil edirik. Görünmək, eşidilmək və başa düşülmək arzusu insanın təbiətinə xas olan bir şeydir. Bu, insan təbiətinin müsbət tərəflərindən biridir. Lakin görünmək, eşidilmək və başa düşülmək istəyiriksə, biz bunu başqalarına diqqət yetirməklə də etməliyik. Başqasını görməklə, eşitməklə və başa düşməklə etməliyik.
Növbəti günlərdə hamınıza məhsuldar debatlar arzulayıram və ümid edirəm ki, irəli sürdüyünüz fikirlər reallıqda və tətbiq edildiyi zaman bəhrə verəcək. Çünki dünyada baş verənlər əsasən insan fəaliyyətinin nəticəsidir. Parçalanmalar insan fəaliyyəti nəticəsində olur, onları da insan fəaliyyəti ilə aradan qaldırmaq və düzəltmək olar. Ümid edirəm ki, Forumumuz uğurlu və çox maraqlı olacaq.
x x x
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
x x x
Daha sonra Forumda Albaniya Respublikasının Prezidenti Bayram Beqay çıxış edərək dedi:
- Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Qlobal Bakı Forumu çərçivəsində məni qəbul etdiyinizə görə minnətdaram. Mən Prezidentə, bütün iştirakçılara, beyin mərkəzlərinə, o cümlədən müxtəlif xalqların və beynəlxalq təşkilatların təmsilçilərinə təşəkkürümü bildirirəm.
x x x
Forumun işinə uğurlar arzulayan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyini vurğuladı. Qlobal Bakı Forumunun bir çox məsələlərin həlli üçün vacib platforma olduğunu qeyd edən Jelka Tsviyanoviç dedi:
- Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü kimi qeyd etmək istəyirəm ki, mən Azərbaycanla münasibətləri çox yüksək dəyərləndirirəm. Bu, dost münasibətləridir. Biz hesab edirik, bütün bu xoş ab-hava, təbii ki, məxsusi xarakter daşıyır. Hesab edirəm ki, bu cür Forum əslində bütün məsələlərin müzakirəsi üçün müvafiq məkandır, multilateralizm böhranının aradan qaldırılmasına xidmət edə bilər və biz onların aradan qaldırılmasına müvəffəq ola bilərik. Ən vacibi ondan ibarətdir ki, belə tədbirlər bizim aramızda körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviq edə bilər.
x x x
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus uzun illər ÜST-ə və onun məramına dəstək vermiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Azərbaycana təşəkkürünü ifadə edərək bildirdi:
- Çıxışıma Prezident İlham Əliyevin göstərdiyi səyləri alqışlamaqla başlamaq istəyirəm. Mən 3300-dən artıq tibbi xidməti əhatə edən icbari tibbi sığorta vasitəsilə universal səhiyyə paketinə doğru Azərbaycanın əldə etdiyi irəliləyişdən məmnunam. Həmçinin Azərbaycan Hökumətinə və xalqına təşəkkürümü bildirirəm ki, bu ilin sonunda COP29-a ev sahibliyi məsələsində siz öz rəhbərlik keyfiyyətlərinizi göstərdiniz.
Ümumdünya Səhiyyə Təşkilatı COP28-in tam bir gününü ilk dəfə səhiyyəyə həsr etmiş Birləşmiş Ərəb Əmirliklərinin ənənələrinə uyğun olaraq COP29-un gündəliyində səhiyyənin mühüm yerdə qalmasını təmin etmək üçün Azərbaycanın sədrliyi ilə işləməyi səmimiyyətlə arzulayıram.
x x x
BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder COP29-un uğurla təşkil olunması istiqamətində Azərbaycanda görülən işləri yüksək dəyərləndirdiyini qeyd edərək dedi:
- Azərbaycanda keçiriləcək COP29 da qlobal miqyaslı, qeyri-adi əhəmiyyətə malik BMT tədbiridir. Biz BMT olaraq bu kimi tədbiri və ölkənizin bu sahədəki sədrliyini tam dəstəkləyirik.
x x x
BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkatın beynəlxalq arenada nüfuzunun artmasında ölkəmizin rolunu xüsusi vurğulayaraq bildirdi:
- Mən bu fürsətdən istifadə edərək Zati-aliləri Prezident Əliyevə Qoşulmama Hərəkatına canlandırma gətirdiyinə görə təşəkkürümü bildirirəm. Mən Prezidentin bununla bağlı planlarını və islahatlarını alqışlayıram. O, Qoşulmama Hərəkatında bunu etdi. BMT-nin QİÇS-ə qarşı olan təşkilatı əslində sədrliyin göstərdiyi səyləri yüksək dəyərləndirdi ki, qadınlar da Qoşulmama Hərəkatında xüsusi yer tutsunlar. Bizim təşkilatımız Azərbaycan Hökumətinin ev sahibliyi etdiyi “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransa dəstək verdi. Həmin konfransda Bakı Bəyannaməsi qəbul edildi. Bu sənəddə qadınların dayanıqlı inkişafdakı xüsusi rolu qeyd olundu və o, Qoşulmama Hərəkatının bürosu tərəfindən qəbul edildi.
x x x
Forumun əhəmiyyətinə toxunan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək dedi:
- Biz Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasındakı əməkdaşlıqdan qürur hissi duyuruq. Mən, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm ki, onlar XI Qlobal Bakı Forumunda iştirak etmək fürsətini yaratdılar. Qlobal Bakı Forumu ən tanınmış qlobal platformalardan birinə çevrilib və burada ən yaxşı beyin mərkəzləri bir araya gətirilir.
x x x
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Forum iştirakçılarına məktubunu oxuyan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsinin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasındakı rolunu xüsusi vurğulayaraq bildirdi:
- Biz Cənubi Qafqaza nəzər salsaq, cənab Prezidentin dəqiqlikdə izah etdiyi kimi, son otuz il ərzində regionda nə baş verib? Nəhayət bütün Qarabağ bölgəsi işğaldan azad olundu. İndi isə biz artıq sülhə, regionda firavanlığa yaxınıq. Tarix baxımından belə bir mühüm dövrdə görürük ki, dünya müxtəlif məqamlardan, dövrlərdən, mərhələdən keçir. Buna görə Qlobal Bakı Forumu bizə elə bir fürsət yaradır ki, bir-birimizi ilhamlandıran müzakirələr aparaq, fikirləri mübadilə edək və qlobal parçalanmanın həll variantları üzərində düşünək.
x x x
Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Forum iştirakçılarına məktubunu oxuyan Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ferqus Auld COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və bu tədbirin iqlim dəyişiklikləri ilə bağlı müzakirələrə yeni nəfəs gətirəcəyini diqqətə çatdıraraq bildirdi:
- Bakı noyabrda COP29-a ev sahibliyi edəcək və bütün dünyanın nəzəri heç vaxt olmadığı qədər Azərbaycana yönələcək. Bilirəm ki, ölkəniz bu çağırışın öhdəsindən layiqincə gələcək və ənənəvi qonaqpərvərliklə mükəmməl tədbir təşkil olunacaq.
Dubayda COP28 çərçivəsində keçirilmiş qlobal dəyərləndirmə təcili fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirdi. Bu il razılaşdırdığımız iddialı öhdəliklərin həyata keçirilməsi baxımından diqqət Azərbaycanda olacaq. Biz birlikdə mərhələli şəkildə yanacaq enerji növlərindən və davamlı kömür istifadəsindən imtina yolu ilə enerji keçidlərini irəlilətməli və qlobal tullantıları azaltmalıyıq. Böyük Britaniya hər bir COP tədbiri zamanı əvvəlki ilə müqayisədə daha iddialı hədəflərin qarşıya qoyulması üçün Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərə bilmək imkanını alqışlayırıq. Biz bu tədbirə hazırlıq mərhələsində COP26-nın Qlazqoda keçirilməsi ilə bağlı əldə etdiyimiz təcrübəni Azərbaycan ilə bölüşməyə hazırıq.
Böyük Britaniya və Azərbaycan arasında əlaqələr qarşılıqlı firavanlıq və təhlükəsizlik maraqları naminə dərinləşməkdə və genişləməkdə davam etməkdədir. 2024-cü ilin sonuna doğru COP tədbirinin Bakıda uğurla keçirilməsini dəstəkləmək üçün Böyük Britaniya yanınızda olacaqdır. Ümid edirəm ki, o vaxta qədər siz Ermənistan ilə davamlı sülhə nail olacaqsınız və biz iki ölkə arasında tərəfdaşlığın və əməkdaşlığın yeni dövrünə qədəm qoya biləcəyik.
x x x
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.