Gürcüstan DTX-sı 14 kiloqram partlayıcı maddə aşkarlayaraq götürüb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinın əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat nəticəsində ümumi çəkisi 14 kiloqram olan partlayıcı maddə aşkarlanaraq götürülüb.
AZƏRTAC xəbər verir ki, DTX-nın yaydığı məlumata görə, partlayıcı maddə Ukraynanın Odessa şəhərindən Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçməklə “Sarp” keçid məntəqəsi vasitəsilə Gürcüstana gətirilib. Ukrayna vətəndaşına məxsus mikroavtobusda aşkarlanan partlayıcı maddənin Gürcüstan-Rusiya sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Rusiyanın Voronej şəhərinə aparılması nəzərdə tutulurdu.
Bununla yanaşı, ilkin təhqiqat nəticəsində müəyyən edilib ki, altı qurğuda quraşdırlan partlayıcılar yüksək ixtisaslı mütəxəssis tərəfindən hazırlanıb. Bu cür qurğuların insanların sıx olduğu yerlərdə işə salınması infrastruktura ciddi ziyan vura və çoxsaylı insan tələfatına səbəb ola bilər.
DTX əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində partlayıcı qurğuların Gürcüstana gətirilməsində şübhəli bilinən Gürcüstandan 7, Ukraynadan 3, Ermənistandan isə 2 nəfərin iştirak etdiyi müəyyənləşib. İşin materiallarına görə, sözügedən prosesi Ukrayna vətəndaşı, əslən Batumi şəhərindən olan Andrey Şaraşidze təşkil edib.
Faktla əlaqədar DTX-nın Terrorla Mübarizə Mərkəzi Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü hissəsi, yəni partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz alınması və saxlanması ilə əlaqədar araşdırma aparır.