lider-media.az

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Tarix: 29-03-2024, 12:06

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb.

Çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin noyabr-dekabr aylarını əhatə edir.

Bu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunmuş Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinə, eləcə də Dubayda BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünə dair materiallar toplanıb. Dövlətimizin başçısının Serbiya Respublikasına işgüzar səfəri haqqında informasiya, Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışının mətni, Bolqarıstan Prezidenti Rumen Radev və Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşləri barədə məlumatlar da bu kitaba daxil edilib.

Yeni kitabda Azərbaycan Prezidentinin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşünə dair material, bu təşkilata üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına müraciətinin mətni də yer alıb.

Xatırladaq ki, ötən ilin noyabrında Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Oxucu bu kitabda Azərbaycan Prezidentinin Zirvə görüşündə çıxışının mətni, eləcə də bu tədbirdə iştirak etmək üçün ölkəmizə gəlmiş dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşlərinə dair materiallarla tanış ola bilər.

Ötən ilin mühüm hadisələrindən biri də dekabr ayında ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu olub. Azərbaycan Prezidenti Forumda çıxış edib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Dövlətimizin başçısı, həmçinin bu cavablarında Qarabağın yenidən qurulması ilə bağlı məsələlərə diqqət çəkib.

Sitat: Qarabağın yenidən qurulmasına gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək. Müqayisə üçün deyim ki, Qarabağın yenidən qurulmasına daha çox vəsait xərcləyəcəyik, - mən dövlət investisiyalarını nəzərdə tuturam, - ölkənin qalan hissəsinə nisbətən daha çox. Bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğumuz anlamına gəlmir. Uzun illər ərzində ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.

Forumda dövlətimizin başçısının verilən suallara geniş məzmunlu cavabları ilə 132-ci kitabda tanış olmaq mümkündür.

Kitabda Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsinin mətni də verilib.

2023-cü il dekabrın 15-də Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirə olub. Dövlətimizin başçısının müşavirədə çıxışının mətni də yeni kitaba daxil edilib.

Çoxcildliyin bu cildində Prezident İlham Əliyevin Qarabağa səfərinə, Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ”, Bakının MOİK komandalarının oyununa baxmasına, Xankəndi stadionunda çıxışına, oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşünə dair materiallar da yer alıb.

“Azərnəşr” tərəfindən buraxılan 132-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi