COP29 - AZƏRBAYCANA ETİMADIN TƏCƏSSÜMÜ
Bu gün Azərbaycanın yürütdüyü dövlət siyasəti və bu siyasətin əsas prioritet isiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Son 20 ildə Azərbaycan bütün ölkə və təşkilatlarla münasibətdə vahid mövqedən çııxış edib, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində ali geosiyasi iradəsini nümayiş etdirib.
Qeyd edək ki, yeni dövrün çağırışlarına əsaslanan əməkdaşlıqlar öz aktuallığı ilə seçilir. Ölkəmiz artıq sivilizasiyaların əməkdaşlıq platformasına çevrilir. Bildiyimiz kimi, Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərakatına müvəffəqiyyətlə sədrlik etməklə növbəti sədrliklərə uğurlu miras buraxıb. Bunun nəticəsidir ki, bu il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi barədə məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm.
Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik.
BƏƏ-də COP28-in yüksək səviyyədə təşkil edilməsinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana minnətdarlığımı bildirir və iqlimlə bağlı birgə tədbirlərimizi davam etdirməyimizi səbirsizliklə gözləyirəm”.
Məlumdur ki, pespublikamızda neft-qaz istehsalı ilə yanaşı, son dövrlər alternativ və bərpaolunan enerji sektoru ilə bağlı planlar da müəyyənləşdirilir. İşğaldan azad edilmiş ərazilər Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, olduqca mühüm amillərdən biri də Azərbaycana Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanının müvafiq bərpaolunan enerji yönümlü şirkətlərinin sərmayə yatırmalarıdır.
Bu ilin əvvəlində Prezident İlham Əlievin BƏƏ-yə səfəri və səfər çərçivəsində Əbu-Dabi Dayanıqlı İnkişaf həftəsindəki çıxışı da əsas etibarı ilə Azərbaycanın alternativ və bərpaolunan enerji sahəsinə həsr olunmuşdu və dövlət başçımız bu sahəyə sərmayələrin yatırılmasının önəmini bildirmişdi.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
Xatırlatmaq yerinə düşər ki, 2012-ci ildə Azərbaycanda Avroviziya mahnı müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə, IV İslam Həmrəyliyi Oyunları, 2022-ci ildə “Texnofest” festivalı və bu ilin oktyabr ayında isə 74-cü Beynəlxalq Astronavtika Konqresi və s. keçirilib. Belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi həm də siyasi cəhətdən olduqca əhəmiyyətlidir. Çünki rəsmi Bakı hər dəfə hansısa beynəlxalq tədbirə ev sahibliyi etdikcə nəyə qadir olduğunu dünyaya bir daha göstərir. İnanırıq ki, Azərbaycan COP29-a da uğurla ev sahibliyi edəcək. Belə ki, Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur. Ötən illərdə olduğu kimi, 2024-cü ildə də tədbirlə bağlı ölkəmizə təşrif buyuran qonaqlar paytaxt Bakıdan məmnunluqla danışacaq, xarici KİV-lər Azərbaycanın uğurlu təşkilatçılığından yazacaq, təcrübəmiz ayrı-ayrı ölkələrdə tətbiq olunacaq.
Ümumiyyətlə elm, mədəniyyət, siyasət, idman hansı sahədə olmasından asılı olmayaraq Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinə artıq bütün dünya şahiddir . Bu gün də ölkəmiz iqlim dəyişikliyi məsələlərinə, qarşıdakı çağırışlara kifayət qədər həssas yanaşması ilə seçilir. Ölkə başçısının sosial media hesabındakı paylaşımında qeyd etdiyi kimi, təmiz ətraf-mühit və yaşıl inkişaf ölkəmizin milli prioritetlərindəndir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayıb. Ölkəmiz bu məsuliyyətli məsələni üzərinə götürməklə ətraf mühitə, yeni çağırışlara nə qədər ciddi yanaşdığını və iqlim dəyişikliyi, qlobal istiləşmə ilə bağlı problemlərə biganə olmadığını nümayiş etdirir. Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və səmərəli tədbirlər görür. Bərpaolunan yaşıl enerji sahələrində beynəlxalq partnyorlarla birlikdə kifayət qədər iddialı layihələrə imza atıb. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərlə 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaltmagı hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının 40 faiz azaldılmasından ibarətdir.
Bir sözlə, Şərqi Avropa regional qrupunun verdiyi qərar hər şeydən əvvəl, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Bu isə şübhəsiz ki, ilk növbədə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, bütün ərazilərimizdə suverenliyimizin tam bərpa olunması və xalqımıza qarşı edilən haqsızlıqlara baxmayaraq, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlarla bağlııdır. Azərbaycan dünyanı sülh, əmin-amanlıq içərisində görmək istəyir. Təmiz ətraf mühiti, yaşıl inkişafı milli prioriteti hesab edir.