İlin sonunadək Azərbaycanın Xorvatiyaya ixrac missiyası təşkil oluna bilər
Biz ənənəvi olaraq Xorvatiya ilə bir neçə ildən bir forumlar keçiririk. Dinamikamız çox müsbətdir. Azərbaycan-Xorvatiya biznes forumunda Xorvatiyadan 14 şirkət, Azərbaycandan isə 25-dək şirkət iştirak edib. Eyni zamanda, forumda dövlət nümayəndələri də iştirak edib. Düşünürük ki, bu forum ikitərəfli əlaqələrə yaxşı töhfə verəcək.
Bunu, Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumu zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“Bu forumda iştirak edən bəzi Xorvatiya şirkətləri işğaldan azad olunmuş ərazilərdə müəyyən proseslərdə, tenderlərdə iştirak etmək istəyirlər. Hazırda dövlət qurumları və aidiyyatı qurumlarla görüşlər təşkil olunub. Ümid edirik ki, növbəti addım kimi artıq Xorvatiya şirkətlərinin, yəni, Avropa İttifaqı, Avropada fəaliyyət göstərən şirkətlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyəti genişlənəcək”, - deyə Yusif Abdullayev bildirib.
Eyni zamanda, Azərbaycan məhsullarının Xorvatiyaya ixracı ilə bağlı bəzi danışıqların aparıldığını qeyd edən AZPROMO-nun icraçı direktoru deyib ki, 2021-ci ildə təşkil olunmuş forum çərçivəsində, Xorvatiyadan olan bir neçə məşhur markalarla əldə olunmuş razılığa əsasən Azərbaycana ixrac başlayıb: “Xorvatiya məhsullarının Azərbaycan bazarında genişləndirilməsinin konkret nəticələrini görürük. Ümumiyyətlə forum konkret nəticələrə yönəlib. Biz düşünürük ki, Xorvatiya ilə bir sıra sahələrdə münasibətlərimiz genişlənə bilər. Bilirsiniz ki, Xorvatiya turizm sahəsində potensialı olan bir ölkədir və onlarla ciddi təcrübə mübadiləsi aparılır. Eyni zamanda, Xorvatiya ilə ilin sonunadək ixrac missiyasın təşkili məsələsini Xorvatiya Ticarət Palatası ilə müzakirə edirik. Hər iki tərəf real nəticələr görsə, ilin sonunadək Xorvatiyaya ixrac missiyası təşkil olunacaq. Azərbaycanın Xorvatiya ilə enerji sahəsində əməkdaşlığı var, biz artıq daha çox qidaya fokuslanırıq. AZPROMO olaraq əsas məqsədimiz qeyri-neft-qaz məhsullarının, əsas prioritet isə hər iki ölkədən qida məhsullarının ixracıdır”.