lider-media.az

Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin nümayəndə heyəti ilə görüşüb

Tarix: 22-11-2024, 17:51

22 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) nümayəndə heyəti ilə görüşüb.

Nümayəndə heyətində Agentliyin İqtisadi səlahiyyətləndirmə idarəsinin direktoru Cemayma Njuki,  Gürcüstan üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava, Hökumətlərarası dəstək idarəsinin direktoru Katarina Karvalho və Azərbaycan üzrə Proqram rəhbəri Pərvanə Bayramova təmsil olunub.

Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, onları ölkədə və Komitədə qarşılamaqdan məmnunluğunu ifadə edib. B.Muradova Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) bütün dünya ölkələrinin aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığını yeni səviyyəyə qaldırdığını deyib. O, Azərbaycanın COP29-a rəhbərliyinin nəticələri, yeni formatlar və ilklər, o cümlədən COP Sədrlikləri Üçlüyünün uğurlu fəaliyyəti haqqında danışaraq, bunun vacib qərarların razılaşdırılmasına əhəmiyyətli təsir göstərəcəyinə əminliyini ifadə edib. Həmçinin, hamını narahat edən məsələlərin dünyanın gündəminə ən yüksək səviyyədə çatdırıldığını qeyd edib.

Dövlət Komitəsinin sədri, ötən gün COP29 çərçivəsində təşkil olunan “Şəffaflıqda Gender” mövzusu üzrə yüksək səviyyəli konfransda gələcək hədəflərə doğru gender bərabərliyinə nail olmaqla birgə addımlamağın vacibliyinin vurğulandığını, eləcə də bu mövzuda pozitiv mesajların səsləndirildiyini bildirib.

Qadınları inkişafın əsas hərəkətverici qüvvəsi və iştirakçısı adlandıran sədr, onlara dəstək xarakterli addımların atılmasının önəmli olduğunu vurğulayıb. Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun icra vəziyyətinə dair ölkə parlamentinə illik məlumatın artıq 5-ci dəfə təqdim edilməsinin şəffaflıq və hesabatlılığın əldə edilməsinə xidmət etdiyini və yaxşı bir təcrübə kimi təşviq olunmasının vacibliyinə diqqəti yönəldib.  

UN Women İqtisadi səlahiyyətləndirmə idarəsinin direktoru Cemayma Njuki isti qarşılanmaya görə təşəkkürünü bildirib. O, ölkəmizdə yüksək səviyyədə təşkil olunan COP29, eləcə də konfrans çərçivəsində uğurla keçirilən “Gender günü” ilə bağlı təbrikini çatdırıb və bu konfransın qadınların ən çox iştirak etdiyi COP kimi yadda qalacağını söyləyib. Azərbaycanda gender bərabərliyi, eləcə də qadınların iqtisadi səlahiyyətləndirilməsi ilə bağlı həyata keçirilən siyasəti yüksək qiymətləndirən C.Njuki, bu sahədə Komitənin fəaliyyətini vurğulayıb.  Agentliyin rəsmisi qadınların səlahiyyətləndirilməsi üzrə beynəlxalq əməkdaşlıqda həyata keçirilən istiqamətlər haqda məlumat verib. Qayğı xidmətləri iqtisadiyyatının qurulması, kənd qadınlarının səlahiyyətləndirilməsi və məvaciblərdə gender üzrə fərqlərin aradan qaldırılması istiqamətləri üzrə nəzərədə tutulan tədbirlər haqqında danışıb.

UN Women-in Gürcüstan üzrə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava Azərbaycan hökumətinin qadınların səlahiyyətləndirilməsi məsələsinə önəm verdiyini qeyd edib, bu sahədə qayğı xidmətlərinə əsaslanan iqtisadiyyat modelinin tətbiqinin önəmindən danışıb. Pekin+30 çərçivəsində əldə edilən irəliləyişlərdən söz açan K.İşikava, birgə əməkdaşlıqda göstərilən dəstəyə görə təşəkkür edib.

UN Women-in Hökumətlərarası dəstək idarəsinin direktoru Katarina Karvalho Azərbaycanın Pekin+30 üzrə milli hesabatına, eləcə də ölkəmizin Avropa İqtisadi Komissiyasının toplantısında iştirakına diqqət çəkərək bu fəaliyyətləri yüksək qiymətləndirib. O, gender bərabərliyinin təmin olunması sahəsində qurumlar arasında mümkün əməkdaşlıq istiqamətləri və Pekin+30 konfransı çərçivəsində reallaşdırılacaq tədbirlər barədə məlumat verib.

Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrlə davam edib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi