Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
İyunun 7-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2024-cü ilin növbədənkənar sessiyasının ilk iclası keçirilib. Parlamentin spikeri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Lider-media.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, iclası açan spiker Sahibə Qafarova Milli Məclisin 5-6 iyun tarixlərində böyük beynəlxalq tədbirlərə evsahibliyi etdiyini deyib. O, Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclaslarının, Assambleyanın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun toplantılarının, həmçinin parlament Baş katiblərinin birinci görüşünün keçirilməsi barədə deputatlara məlumat verib.
Bildirilib ki, bu tədbirlər, digər inteqrasiya qurumları kimi, Türk Dövlətlərinin Parlament Assambleyasının da ildən-ilə inkişaf edərək eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqların və dövlətlərin ümumi məqsədlər ətrafında sıx birləşməsində mühüm rol oynadığını nümayiş etdirir.
Milli Məclisin sədri bildirib ki, Assambleyanın dünən keçirilən plenar iclasındakı çıxışında o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” kəlamını vurğulayıb və Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.
Milli Məclisin sədri deyib ki, iclasda “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb. Müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin ata biləcəyi addımlar nəzərdən keçirilib, noyabr ayında Bakıda keçiriləcək COP29 Konfransı ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasın yekununda Bakı Bəyannaməsi qəbul edilib.
Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclasında Assambleyaya sədrliyin Türkiyə Respublikasından Azərbaycan Respublikasına təhvil verilməsi barədə deputatlara məlumat verilib, bildirilib ki, beləliklə də, Milli Məclis TÜRKPA ilə yanaşı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası da daxil olmaqla üç beynəlxalq parlament qurumuna sədrliyi həyata keçirir.
Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilən bütün tədbirlərinin həm məzmun, həm də forma baxımından yüksək səviyyəsi ilə seçildiyini deyən spiker Sahibə Qafarova, tədbirlərin təşkilində əməyi keçən Milli Məclisin deputatlarına, həmçinin Aparatın və İşlər İdarəsinin bütün əməkdaşlarına öz minnətdarlığını bildirib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini söyləyib.
Spiker bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası 2024-cü ilin ötən dövründə də iqtisadiyyatın yüksəlişini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəricilərində artım müşahidə olunur. O, diqqətə çatdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 milyard manat Ümumi Daxili Məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3% təşkil edib. Qeyri-neft/qaz sektorunda isə artım daha yüksək – 7,7% olub. 2024-cü il dövlət büdcəsi gəlirlərinin artımı 4 ayın yekunlarına görə 9%-dən çox olub.
Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, dövlətin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi məqsədi ilə bu ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsi zərurətini irəli sürüb. O, deyib ki, bununla əlaqədar olaraq, möhtərəm cənab Prezident müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib və gündəliyin ilk üç məsələsi məhz bu qanun layihələridir. Sahibə Qafarova birinci məsələnin “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı təqdim edib.
Komitə sədri bildirib ki, “Büdcə sistemi haqqında” Qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib. Qeyd edilib ki, qanun layihəsinə dair İzahatda 2024-cü ilin 4 ayı ərzində dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrində xərclərin artması nəzərə alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin əlavə gəlirlər, mövcud ehtiyatlar hesabına maliyyələşdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yaranıb.
Tahir Mirkişili diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 34 173 milyon, xəclərinin 36 763 milyon, dövlət büdcəsi kəsirinin isə 2 590 milyon manat olacağı planlaşdırılmışdı. Eyni zamanda, 2024-cü ildə ÜDM-in real artım tempinin 2.4%, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4.6%, inflyasiyanın orta illik səviyyəsinin 5.3% olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 60 dollar səviyyəsinə uyğun həyata keçirilmişdi.
O, bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 38.2 milyard manat olmuş, iqtisadi artım tempi proqnozlaşdırılan illik 2.4%-ə qarşı 3,8% təşkil etmişdir. Artım tamamilə qeyri-neft/qaz sektoru hesabına təmin edilmiş, bu sektorun artımı proqnozlaşdırılan illik 4.6%-lik artıma qarşı 7,7%, neft-qaz sektorunda isə proqnozlaşdırılan illik 1.7%-lik azalmaya qarşı 0,1 faizlik azalma qeydə alınmışdır. İxrac idxalı 2.5 milyard dollar üstələmişdir. “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olmuşdur ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur.
Qeyd olunub ki, cari ilin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunmuş, bir çox gəlir mənbələri üzrə proqnozlar artıqlaması ilə icra edilmişdir. Belə ki, bu ilin 4 ayı ərzində dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 094.4 milyon manat və ya 9.2% çox təşkil etmişdir. Bu artım dövlət büdcəsi gəlilərinin proqnozuna yenidən baxılmasına zərurət yaratmışdır. 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in ilkin təqdim edilmiş 118,3 milyard manatdan 121.3 milyard manatadək artırılması, iqtisadi artım tempinin isə ilkin təqdim edilmiş 2.4%-dən 3,8%-ə yüksəldilməsi əks olunmuşdur. ÜDM-də nominal məbləğdə nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda ÜDM-də gözlənilən 3,0 milyard manat artımın 0,6 milyard manatının qeyri-neft/qaz, 2,4 milyard manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2024-cü il üçün 4.6%-dən 5.5%-ə qədər artırılmışdır. Neft-qaz sektorunda real artım proqnozu isə -1.7%- dən +0.8%-ə dəyişdirilmişdir. Yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin 15 dollar artırılaraq 75 dollar səviyyəsinə uyğun həyata keçirilmişdir.
Komitə sədri qeyd edib ki, bu ilin keçən dövrü ərzində işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin icrası üçün dövlət büdcəsi qarşısında əlavə 3796,1 milyon manat məbdəğində maliyyə tələbatı yaratmışdır. Bunu nəzərə alaraq, yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 2 180.0 milyon manat artırılaraq 36 353.0 milyon manata, xərclərinin 2 944.3 milyon manat artırılaraq 39 707.3 milyon manata, kəsirin 764.3 milyon manat artırılaraq 3 354.3 milyard manata çatdırılması təklif olunur.
Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb. O, Prezident İlham Əliyevin hökumət qarşısında yeni çağırışları ehtiva edən vəzifələr qoyduğunu vurğulayıb. Bildirib ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşması, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası həmin vəzifələr sırasındadır. Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, silahlı qüvvələrin hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, dövlət sərhədlərinin möhkəmləndirilməsi və digər mühüm əhəmiyyətli tədbirlər qarşıda duran prioritet vəzifələrdəndir.
Cari ilin ötən 4 ayı üzrə makroiqtisadi və fiskal göstəriciləri barədə danışan nazir qeyd edib ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft/qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artmışdır. Bununla yanaşı, “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olmuşdur ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur.
Bildirilib ki, 2024-cü ilin 4 ayında dövlət büdcəsinin gəlirləri 12 milyard 144 milyon manat proqnoza qarşı 13 milyard 259 milyon manat olub. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6 milyard 867 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434 milyon manat və ya 6,8 faiz çoxdur. Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoza nisbətən 594 milyon manat və ya 15,1 %, Dövlət Gömrük Komitəsinin xətti ilə 131 milyon manat və ya 7,1 % çox daxilolmalar qeydə alınıb.
Samir Şərifov qeyd edib ki, dünya neft və qaz bazarlarında qiymət konyunkturası cari ilin əvvəlinə müşahidə olunan vergi-gömrük daxilolmalarının, habelə icmal və dövlət büdcələri xərclərinin artması nəzərə alınaraq, 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Yenilənmiş proqnozun baza ssenarisi ilə 121,3 milyard manat həcmində və yaxud ilkin nəzərdə tutulmuş proqnozdan 3 milyard manat çox olması gözlənilir. Qeyri-neft ÜDM üzrə 84,7 milyard manat həcmində və ya 600 milyon manat çox olması proqnozlaşdırılır.
Diqqətə çatdırılıb ki, yenilənmiş makroiqtisadi proqnoz, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və büdcə qaydası üzrə dövlət büdcəsində əlavə fiskal məkanın mövcudluğu 2024-cü il üzrə dövlət və icmal büdcələrinin gəlir və xərclərinə yenidən baxılması üçün zəmin yaradır. Buna əsasən, müvafiq qanunvericiliyə uyğun olaraq, 2024-cü ilin dövlət büdcəsi haqında qanuna düzəlişlər edilməsi barədə layihə hazırlanıb və Milli Məclisə təqdim olunub. Təklif olunan dəyişikliklərdə dövlət büdcəsinin xərcləri 2 milyard 944 milyon manat artırılaraq 39 milyard 707 milyon manat məbləğinə çatdırılıb. Dövlət büdcəsinin gəlirləri 6,4% artırılaraq 36 milyard 353 milyon manata çatdırılıb. Dövlət büdcəsinin kəsiri isə 3 milyard 354 milyon manat təşkil edəcək. Dəyişikliklər nəticəsində büdcə gəlirlərinin 48,9% və ya 17 milyard 769 milyon manatı neft-qaz sektorunun, 51,1% və ya 18 milyard 584 milyon manatı qeyri-neftqaz sektorunun payına düşəcək. Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin məbləği dəyişməz qalır.
Maliyyə naziri nəzərə çatdırıb ki, yenidən baxılma ilə dövlət büdcəsi xərclərinin artımı hesabına bir sıra prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşməsi üçün əlavə maliyyə təminatı yaradılır. Belə ki, bu tədbirlər sırasında, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, dövlətin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, ölkənin digər regionlarında avtomobil yolu, elektrik enerjisi, su təchizatı və digər sahələr üzrə infrastruktur layihələrin maliyyələşdirilməsi üçün 977 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Bildirilib ki, yenidən baxılma ilə 2024-cü il icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri isə 45 milyard 592 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin kəsirinin məbləği təsdiq olunmuş göstəriciyə nisbətən 37,5% və ya 1 milyard 267 milyon manat az olacaq. İcmal büdcənin tərkib hissəsinə daxil olan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 14 milyard 109 milyon manat, xərcləri isə 12 milyard 867 milyon manat təşkil edəcək. Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 950 milyon manat proqnozlaşdırılır. İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 2 milyard 850 milyon manat nəzərdə tutulur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri təsdiq olunmuş məbləğdə, yəni 238 milyon manat səviyyəsində saxlanılıb. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə olmaqla 539,3 milyon manat təşkil edəcək.
Sonra iclasda “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri təqdim olunub.
Məsələlər barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna dəyişiklikərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır. Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990 manat olacağı proqnozlaşdırılır. Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının artımını şərtləndirir. Bunu nəzərə alaraq, Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək mövcud 3.387,1 milyon manatdan 190,0 milyon manat artırılaraq 3.577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur. Eyni zamanda, əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25,0 milyon manat artırılaraq 6500,0 milyon manatdan 6525,0 milyon manata çatdırılması təklif olunur. Bununla yanaşı, Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılmış, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat artırılmışdır. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcəkdir. Beləliklə, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılmışdır. Yekun olaraq, DSMF büdcəsinin 2024-cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat artaraq 6.949.860 min manat təşkil edəcəkdir.
Sonra komitə sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair məlumat verib. O, diqqətə çatdırıb ki, layihədə işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur. Artım qeyri-büdcə sektoru üzrə sığorta haqları hesabına baş verəcəkdir.
Musa Quliyev deyib ki, Prezident tərəfindən təqdim edilmiş qanun layihələri ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir, işsizlikdən sığota və sosial müdafiə sisteminin daha da dayanaqlı olması üçün etibarlı təminat yaradacaqdır.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu iki qanun layihəsi barədə onun rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini bildirib.
Plenar iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair Palatanın rəyini təqdim edib.
Məsələlər ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Elşən Musayev, Nurlan Həsənov, Elnur Allahverdiyev, Elşad Mirbəşir oğlu öz fikirlərini, qeyd və təkliflərini bölüşüblər.
Sonra hər üç qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra spiker gündəliyin 4-cü məsələsi olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarıb və məsələyə dair məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə söz verib.
Tahir Mirkişili bildirib ki, 2023-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunmuşdur.
Komitə sədri deyib ki, 2023-cü ildə ölkəmizdə ÜDM real ifadədə 1,1 faiz artaraq nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123 milyard manat təşkil edib. Qeyri-neft/qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb.
O deyib ki, büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri aşmayıb, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 22,5 faiz, dövlət borcunun ÜDM-ə nisbəti isə 21,8 faiz və yaxud hədəf göstəricidən 8,2 faiz bənd az olub.
Dövlət Büdcəsinin əsas parametrlərini təqdim edərkən komitə sədri bildirib ki, 2023-ci ildə dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 4 faiz çox icra olunub.
2023-ci ildə vergi orqanları xətti ilə dövlət büdcəsinə daxilolmalar 16 126.7 mln manat (proqnozdan 1 139.7 milyon manat çox), Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 6 337.8 milyon manat (proqnozdan 609.8 milyon manat çox) olub.
Digər istiqamətlər üzrə dövlət büdcəsinə daxilolmaların müsbət dinamikası çatdıran komitə sədri ötən ilin büdcəsinin xərc istiqamətləri barədə danışıb. Bildirilib ki, keçən ilin dövlət büdcəsində təsdiq olunmuş 36 624.8 milyon xərcin 99.5%-i icra olunub. Sosialyönlü xərclər 2023-ci il dövlət büdcəsinin icrasında 13050,4 milyon manat və ya xərclərin 35,8 faizi həcmində olub. Komitə sədri 2023-ci ilin dövlət büdcəsini icrasının dövlət qarşısında duran hədəflərə nail olmaq üçün lazımi maliyyə təminatını yaratdığı vurğulayıb.
Sənədin müzakirəsində deputatlar Etibar Əliyev və Aydın Hüseynov çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər.
Sonra maliyyə naziri Samir Şərifov 2023-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı parlament müzakirələrində qaldırılan məsələlərə aydınlıq gətirib, deputatların qeydlərinə münasibət bildirib.
Deputatlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul ediblər.
Sahibə Qafarova gündəliyin 5-ci məsələsi olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat vermək üçün sözü Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə təqdim edib.
Komitə sədri Musa Quliyev qeyd edib ki, sənəd birinci və ikinci oxunuşda Milli Məclisdə ətraflı müzakirə olunub, layihənin mətnində dəyişiklik edilməyib. O, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin qalan 8 məsələsi birinci oxunuşda olan qanun layihələridir və 6-cı məsələ ilə bağlı məlumat vermək üçün sözü Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramova təqdim edib.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə əlavə iş yerlərinin yaradılması və proqramların həyata keçirilməsi ilə bağlı müddəaların öz əks olunduğu qanun layihəsi haqqında Vüqar Bayramov bildirib ki, sənəd bütövlükdə məşğulluq sferasında səmərəliliyin artırılmasını, xüsusən də vəsaitlərin daha şəffaf və səmərəli şəkildə bölüşdürülməsini üzündə ehtiva edir. O, "Məşğulluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) təklif olunan kvotadan əlavə iş yerlərinin yaradılması, peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləğinin müəyyən olunması kimi məsələləri deputatların diqqətinə çatdırıb.
Layihənin müzakirəsində komitə sədri Fazil Mustafa, deputatlar Razi Nurullayev, Emin Hacıyev, Bəhruz Məhərrəmov, Azay Quliyev və Aydın Hüseynov fikirlərini bildirəndən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Gündəliyin 7-ci məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib. Komitə sədi bildirib ki, məqsədli nikahların qarşısının alınması üçün Ailə Məcəlləsinin 12-ci maddəsinə, yəni nikahın bağlanmasına mane olan hallar sırasına yeni bir bəndin əlavə edilməsi təklif olunub. Bu dəyişikliyə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulub.
Müzakirədə deputatlar Bəhruz Məhərrəmovun, Arzu Nağıyevin və Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O bildirib ki, qanun layihəsində təklif olunan dəyişikliklər qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərin publik hüquqi şəxs statuslu qurumlar tərəfindən də həyata keçirilməsinə imkan yaratmaq məqsədi ilə hazırlanıb.
Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyini komitə üzvü Kamal Cəfərov səsləndirəndən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) nəzərə çatdırıb.
Bildirilib ki, "Mühasibat uçotu haqqında" Qanuna əsasən mühasibat uçotu fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və mühasiblərin peşə biliklərinin artırılması məqsədi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatlarının verilməsi üçün imtahanlar keçirilir. Sənəddə adıçəkilən imtahanlarda iştirakın ödənişli olmasının, həmçinin bu imtahanda iştirak etmək üçün ödənişin məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilməsinin hüquqi əsasları təsbit edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Gündəliyin 10-cü məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumatı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib.
Komitə sədri bildirib ki, layihədə xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunla müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçməsi, həmçinin, nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunub.
Dəyişiklərlə bağlı deputatlar Rəşad Mahmudovun və Müşfiq Cəfərovun çıxışlarından sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Diqqətə çatdırılıb ki, qanun layihəsi iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə qabarit parametrlərinin pozulmasının, həmçinin çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmanın nədən ibarət olması dəqiq müəyyən olunur. Bununla yanaşı, layihədə təkcə kütlə parametrlərini aşmaqla iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin idarə edilməsinə görə deyil, eyni zamanda, qabarit parametrlərinə dair tələbləri pozmaqla həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur. Layihədə yuxarıda qeyd olunan məsələlərdən irəli gələn uyğunlaşdırma xarakterli digər dəyişikliklər də nəzərdə tutulur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, layihənin əsas məqsədləri müdafiə sənayesi fəaliyyətinin liberallaşdırılması - özəl sektor subyektlərinin qeyd olunan sahədə fəaliyyət göstərməsinə icazə verilməsi nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə təyinatlı məmulatlarla təchizat dayanıqlılığının təmin edilməsində dövlətin yükünün və ixracdan asılılığın azaldılmasına, ümumilikdə isə müvafiq sahə üzrə yerli istehsal və ixracı artırmaqla sahənin inkişafına nail olmaqdır. Qanun layihəsi müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı fəaliyyətinin liberallaşdırılması, bu sahədə yeni iştirakçıların formalaşdırılması, habelə həmin fəaliyyətlərdən irəli gələrək bu sahədə təmir və texniki xidmət göstərilməsi fəaliyyətlərinin tənzimlənməsi və təşviqi ilə bağlı məsələləri ehtiva edir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
Bildirilib ki, qanuna əsasən sərbəst auditorlar (auditor təşkilatları) sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamalıdırlar. Hazırda üç halda - məhkəmələrin tələbi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə əlaqədar və maliyyə bazarlarına nəzarət çərçivəsində bu məlumatlar qeyd olunan orqanlara təqdim edilə bilər. Təklif olunan dəyişikliyə əsasən, buraya yeni bir halın əlavə edilməsi nəzərdə tutulur və bununla da Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələbi ilə auditorun məlumatı verməsinin hüquqi əsası yaradılır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin 2024-cü ilin növbədənkənar sessiyasının ilk iclası başa çatıb.