lider-media.az

AZƏRBAYCAN QADINI-ÜLVİ KEYFİYYƏTLƏRİN TƏCƏSSÜMÜ

Tarix: 8-03-2024, 08:59

 

     “Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrdə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlər boyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadiq nəslin yetişdirilməsində vacib rol oynayıb”.

                                                 İlham Əliyev,  Azərbaycan Respublikasının Prezidenti.

                                                     

     Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə (1918-cu ildə) ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb (1901-ci ildə) 122 il bundan qabaq Bakıda yaradılmışdır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır.
     Tarixin istənilən dövründə bizim örnək kimi qəbul etdiyimiz Tomris, Nüşabə, Sara xatun, Xan qızı Natavan kimi dövlətinin varlığını qorumaq üçün diplomat, dövlət başçısı rolunda yüksək səviyyədə çıxış edən qadınları olub.  Və indi də vardır.

     Bu baxımdan müasir dövrdə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.
     Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada onun gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Mehrinan xanım müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikri xatırlatmaq istərdim: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”

      Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır. Və əlbəttə ki, heç təsadüfi deyil ki, cənab Prezident onun ictimai-sosial həyatda aktiv fəaliyyətini, uğurlu layihələrini nəzərə alaraq, Respublikanın Birinci Vitse-prezidenti təyin etdi.
     Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Mehriban xanımım səmimiyyəti, fədakarlığı, xalqa sevgisi  soy-kökündən qaynaqlanır. O, mənsub olduğu ailənin zəngin mənəviyyatından bəhrələnərərk istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində onların nəcib əməllərini yaşadır, bu genetik kodu ləyaqətlə davam etdirir.

     Gözəllik, xeyrxahlıq, sədaqət və analıq kimi ülvü keyfiyyətləri təcəssüm etdirən Mehriban xanımı sözün əsl mənasında böyük hərflə yazılan Azərbaycan Qadını adlandıra bilərik. Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər, fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənə kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir. Ö övladlarını Azərbaycanı ürəkdən sevən, milli-mənəvi dəyərlərə bağlı əsl vətəndaş kimi tərbiyə etmişdir. Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək böyük peşəkarlıq və səbr tələb edir.

     Xeyriyyəçilik bizim maarifpərvər, vətənsevər ziyalılarımızın əsas fəaliyyət prinsiplərindəndir. Müasir dövrdə isə xeyriyyəçilik haqqında ən qiymətli məqamları elə Mehriban xanımın öz fikirlərindən öyrənmək mümkündür: “Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, o, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı, çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyil edəcəkdir. Beləliklə, cəmiyyətimizdə “xeyirxah işlər dairəsi”, qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir.
     Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər. Minlərlə insana, o, xüsusilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Cəmiyyətimizin həssas təbəqələrindən olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların daha əlverişli şəraitdə yaşaması üçün gördüyü işlərin nəticələri onlarda gələcəyə inam yaradır.
     Müasir dövrümüzün tarix səhifəsinə xeyirxahlıq, nəcib əməllər sahibi kimi imza atan Mehriban xanım Əliyeva bəşəriyyətin Azərbaycan xalqına misilsiz və əvəzolunmaz bir hədiyyəsidir. Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin Birinci xanımı  bəşər tarixinin şanlı səhifəsinə öz dəsti xətti ilə daxil olaraq görkəmli şəxsiyyətlər sırasındadır.

     Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu münasibətlə  Mehriban Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edirik. İnanırıq ki, cəmiyyətdə öz rolunu dərindən dərk edən hər bir Azərbaycan qadını müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcək.

                                                                                                           

                                                                                                        


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi