Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib
Oktyabrın 22-də Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib.
Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, forumda Azərbaycanın və Gürcüstanın akademik dairələrinin, beynəlxalq münasibətlərin təhlili və araşdırma mərkəzlərinin rəhbərləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Nəsibə Mirzəyeva forumun gündəliyi və məqsədi barədə məlumat verdikdən sonra çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Azərbaycanın və Gürcüstanın təkcə region üçün deyil, dünya üçün mühüm geosiyasi əhəmiyyətə malik olduqlarını söyləyib. Deyib ki, son iki ildə regionda vəziyyət demək olar tamamilə dəyişib. Azərbaycan torpaqlarını işğaldan azad etməklə ərazi bütövlüyünü bərpa edib. Bundan sonra regionda yeni siyasət formalaşıb. Azərbaycan kommunikasiyaların açılması, region dövlətlərinin heç birinin təzyiqlərə məruz qalmaması və bir-birinə qarşı ərazi iddialarının olmaması, sülhün və təhlükəsizliyin tam bərqərar edilməsi istiqamətində çox mühüm addımlar atıb. Lakin Ermənistanın ədalətsiz mövqeyi yenə də işləri çətinə salır. Ona görə də bu cür tədbirlər daha intensiv olmalı, vəziyyətin normallaşması üçün yollar axtarılmalıdır.
“Bu gün regionda çox mürəkkəb geosiyasi vəziyyət yaranıb. Bu vəziyyətdə hər iki ölkənin birgə baxışının formalaşması, həmçinin qarşılıqlı gözləntilərin təhlil edilməsi çox vacibdir. Azərbaycan-Gürcüstan münasibətləri keçmişdən bu günədək davam edir və daha yaxşı gələcəyə köklənib. Lakin xarici qüvvələrin bu regionda fəallaşması tarazlığı poza bilər. Azərbaycan-Gürcüstan münasibətlərinin yeni çağırışlara necə sinə gərməsi və bu çağırışlara birgə cavabın formalaşdırılması ilə bağlı yeni layihələr hazırlamalıyıq”, - deyə o vurğulayıb.
Sonra forum F.Məmmədovun moderatorluğu ilə panel müzakirələrlə davam edib.
“Xalqın gücü” partiyasının üzvü, analitik David Kartvelişvili, Qafqaz Universitetinin kafedra müdiri, professor Mamuka Areşidze, müstəqil ekspert Fuad Çıraqov, siyasi elmlər namizədi Soso Mancavidze, politoloq Tamar Kiknadze mövzu ətrafında fikirlərini bölüşüblər.
Siyasi elmlər namizədi, politoloq İrakli Qoqavanın moderatorluğu ilə keçən iqtisadiyyat və enerji sahəsində əməkdaşlığa dair ikinci paneldə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev, mərkəzin elmi işçisi Məhəmməd Məmmədov və başqaları çıxış edərək, Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə reallaşdırılan enerji layihələrinin əhəmiyyətindən danışıblar.
Çıxışlarda Cənubi Qafqaz ölkələri arasında iqtisadi, ticari əlaqələrin bərpası, yeni kommunikasiyaların açılması məsələləri ətrafında müzakirələr aparılıb, bu ölkələrdə istehsal olunan malların satışı üçün vahid bazarın yaradılması barədə fikirlər səslənib.