lider-media.az

Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Tarix: 26-02-2024, 19:20

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi paytaxt Sarayevo şəhərində yerləşən və dövlətimizin maliyyə dəstəyi ilə tikilmiş, bu yaxınlarda isə əsaslı şəkildə təmir və bərpa edilmiş Azərbaycan-Bosniya və Herseqovina dostluq parkında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə anım mərasimi keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və Türkiyənin səfirliklərinin əməkdaşları, qardaş ölkənin Bosniya və Herseqovinada fəaliyyət göstərən çoxsaylı qurumlarının rəhbərləri və təmsilçiləri, həmçinin “Anadolu Balkan”, “TRT Balkan” xəbər agentlikləri və yerli medianın, eləcə də boşnak ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin səfirlikləri adından abidənin önünə əklil və gül dəstələri qoyulub. Xocalı və Srebrenitsa şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyə səfirliyinin dini işlər müşaviri Mustafa Güvenc Xocalı qurbanlarının və Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizədə həyatlarını qurban vermiş bütün şəhidlərin ruhuna dua oxuyub.

Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev mərasim iştirakçılarına müraciətində 32 il əvvəl Azərbaycan torpaqlarını işğal edib burada ikinci erməni dövləti yaratmaq fikrinə düşən separatçıların Xocalı şəhərində ötən yüzilliyin dəhşətli soyqırımlarından birini törətdiklərini, yalnız milli və dini mənsubiyyətinə görə yüzlərlə dinc sakini – uşaqları, qocaları, qadınları amansızlıqla qətlə yetirdiklərini, dünyanın isə bu anti-bəşəri cinayətə laqeyd qaldığını bildirib. Deyib ki, ötən illər ərzində Xocalı şəhidlərinin ruhu xalqımızı yalnız kədərə qərq etməyib, həm də haqlı intiqama səsləyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu onilliklər ərzində erməni işğalı altında qalmış bütün ərazilərimizi azad edib.

Səfir vurğulayıb ki, bu il ilk dəfə soyqırımı qurbanlarının xatirəsi azad edilən və böyük tikinti-quruculuq meydanına çevrilən Xocalıda yad olunur. Məhz bu gün - dəhşətli faciənin ildönümü günündə Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımı memorialının təməlini qoyub.

Qeyd edilib ki, müasir Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı soyqırımı həm də xalqımızın barışmazlığının, müqavimətinin və qan yaddaşının rəmzidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi