HƏR ZAMAN YANINDAYIQ TÜRKİYƏ!
6 fevral 2023-cü il. Həmin gün türk dünyasını yerindən oynadan böyük bir fəlakət baş verdi. Gecəsini gündüzünə qatıb, min bir əziyyətlə çalışıb böyük arzularla ev quranların sonu oldu bir fəlakət. O evlərdə təkcə insanlar yox, neçə-neçə ümidlər öldü, xəyallar, istəklər, sevgilər dağıntılar altında qaldı. Bəlkə də neçə insan bir-birinə küsülü, incik olaraq əbədi gözlərini yumdu. Ağlar qaldı ata-analar, yetim qaldı körpə balalar, məhv oldu sevgi dolu yuvalar.
Ola bilsin, televiziya kanallarında görüntüləri izləyəndə sizin də ağlınızdan belə bir fikir keçib: “Deyəsən, dünyanın sonu çatıb axı”. Bəli, bizə dünyanın sonu kimi görünən bu ağır, dəhşətli hadisə qardaş ölkədə, dəfələrlə təbii fəlakətlərin ağır nəticələri ilə üzləşən canımızTürkiyəmizdə baş verirdi. Soyuq, şaxtalı bir gündə, Türkiyənin cənub-şərqində Kahramanmaraş vilayətində bir-birinin ardınca episentri 7,4 və 7,6 bal olan güclü zəlzələ ürəyimizdə qanı, gözümüzdə yaşı dondurdu. Qəhər boğazımızda düyünləndi. Dəhşətli zəlzələnin qurbanlarının sayı artdıqca ürəyimizin sızıltısı da çoxalırdı. Hamımız sarsılmışdıq, bu zəlzələ Azərbaycandan yan keçsə də, hər birimiz sanki o binaların üstümüzə yıxıldığını hiss edirdik. Çünki dağıntılar altında qalanlar can, qan qardaşlarımız idi. Belə bir deyim var “dərd gələndə batmannan gəlir”. Bəli, bu dəfə də Türkiyənin dərdi batmannan gəldi... Baş verən zəlzələdə həlak olanların və xəsarət alanların acısı təkcə Türkiyənin deyil, bizim ortaq acımız oldu. Biz bunu öz kədərimiz kimi yaşadıq.
Bəli, bu, böyük fəlakət idi və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxdı. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır: Dövlətimiz tərəfindən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanan başsağlığında deylirdi - “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım etdi. Paylaşımda bildirilirdi: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbr diləyirəm”. Eyni zamanda dərhal Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə xeyriyyəçilik fəaliyyəti ilə dünyada tanınan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar göstərilməyə başlandı. Bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimatlar və avadanlıqlar, eləcə də isti geyimlərlə humanitar yardım çatdıracaq Fondun Türkiyəyə ezam edilən əməkdaşları xüsusi təyyarə ilə yola salındılar.
Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilirdi.
Belə ki, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri xilasetmə əməliyyatlarını aparmaq məqsədilə qardaş ölkəyə göndərildi.
Həmçinin Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyi ” adlı platforma yaratdılar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirdilər. Ümumiyyətlə, qardaş ölkənin bu kədərli günündə nəinki dövlət qurumları, QHT-lər, uşaqdan-böyüyə hər bir azərbaycanlı ürək dolu sevgiləriylə qardaş, bacılarının yanında idilər.
Qeyd etmək lazımdır ki, iki qardaş ölkə daima çətin günlərdə bir-birinin yanında olub. Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Odur ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın ilk olaraq Türkiyənin yanında olması təbiidir. Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə kəlam deyil, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Türkiyə zəlzələdən sarsılsa da, ayaqda durmağa özündə güc tapdı və bu sınaqdan da üzüağ çıxdı. Zəlzələ bölgəsində quruculuq işlərinə başlanıldı. Azərbaycan dövləti Kahramanmaraşda sosial obyektlərin tikintisinə yardım etdi, yeni yaşayış sahəsinin təməli qoyuldu. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq daha da genişləndirildi.
Bəli, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Tanrı hər iki dost, qardaş dövləti baş verəcək biləcək bütün bəlalardan qorusun. Yaşanılan hər bir çətin anda bizə dəstək, dayaq olan qardaş ölkə Türkiyənin sonsuza qədər yanındayıq. Acınız acımız, dərdiniz dərdimiz, sevinciniz sevincimizdir!
Bəli, həyat bax budur… Həyat ana ilə övladını qucaqlaşıb ölümü gözlədəcək qədər amansız, bir ailənin bütün üzvlərini eyni anda öldürəcək qədər qəddarmış. Ona görə sevdiklərinizə doya-doya sarılın, geridə sizdən incimiş, küsmüş bir qəlb buraxmayın. Hər gedən anın sonunuz ola biləcəyini düşünün, qürur edib deyə bilmədiyiniz sözləri sevdiklərinizə deməyə tələsin, sonra çox gec ola bilər...