GÖZƏL BAKIMIZIN YAXIN TARİXİNƏ QISA EKSKURS
Gözəl Bakı. Bu günü ilə öyündüyümüz şəhər. Bu yazını işləyərkən istər-istəməz onun yaxın tarixinə nəzər salmağa ehtiyac yaranır. Tarixi qədim olan Bakımız. Vaxtilə əl quyuları vasitəsilə neft çıxarmaq, şoranlıqlardan duz istehsal etmək, zəfəran becərməklə ad çıxaran bu şəhərdən dəvə karvanları ilə tuluqlarda başqa ölkələrə neft daşınmasına da şahidlik edib tarix. Bakı əsrlər boyu şərq, cənub və şimal qonşuları ilə həm karvan, həm də dəniz vasitəsilə ticarət əlaqəsi yaratmışdır. Bunu İçərişəhərdə dövrümüzə qədər qalmış "Buxarılılar karvansarası" və "Hindistanlılar karvansarası" da sübut edir. Bakının hərtərəfli inkişafı, dünyada məşhurlaşması isə əlbəttə ki, XIX əsrin ikinci yarısından, 70-ci illərdən başlayır. Bu da neft sənayesinin inkişafı ilə bağlıdır.
Bəli, 1840-cı ildə Bakı qubernatorunun Peterburq Elmlər Akademiyasına göndərdiyi Bakı neft nümunələrini yoxlayandan sonra "alimlər" qubernatora ibrət dərsi vermək üçün belə cavab yazmışdılar: "bu üfunətli maddə ancaq araba çarxlarını yağlamağa yaraya bilər". Lakin az sonra bu maddənin şöhrəti dünyaya yayıldı. Neft istehsalına başlayan Bakının torpaq küçələri o zaman bərbad halda idi, xəzri-gilavar əsəndə toz aləmi bürüyür, göz-gözü görmür, göyün üzündən toz dumanı həftələrlə çəkilmirdi. Yağış yağanda palçıq dizə axırdı. Təbii ki, tədricən küçələr də get-gedə qaydaya salınır, neft və qara qızıl Bakının şöhrətini bütün dünyaya yayırdı. Varlanmaq üçün dünyanın bir çox sənət, peşə sahibləri buraya axışır, Bakıda var-dövlət sahibi olurdular. Bakının şöhrəti artdıqca, şəhər tədricən inkişaf edir, dəyişirdi. Neft emalı müəssisələri tikilir, su kəməri çəkilir, küçələr qaydaya salınırdı. Hətta bələdiyyə idarəsi dəniz kənarında bulvar salmaq məsələsini də qaldırmışdı.
Mədən və zavodlarda tez-tez yanğınlar baş verir, insan tələfatına səbəb olurdu. 1903-cü ildə Bibiheybətdə baş verən yanğın bir neçə həftə davam etmişdi. Bibiheybətdə baş verən digər bir yanğın o qədər güclü olmuşdu ki, hətta alovun şölələri şəhərdən 90 kilometr uzaqlıqda Mərəzə kəndində də görünübmüş. Beləcə, neft hesabına varlananlar şəxsi vəsaitləri ilə küçələri sahmana salır, saraylar tikdirir, küçələr qaz fanarları ilə işıqlandırılırdı. Bir sözlə, Bakı görkəmini dəyişirdi.
Azərbaycan sovetlərin tərkibinə daxil olduqdan sonra bir çox problemlər yavaş-yavaş həllini tapsa da, ekologiya ilə bağlı problemlər qalmaqda idi. Müstəqilliyin ilk illərində də Bakının ekoloji vəziyyəti ağır, havanın çirklənmə səviyyəsi isə yüksək idi. Bibiheybət buxtası əsl ekoloji fəlakət zonasına çevrilmişdi. Onun qısa bir zamanda təmizlənməsi, saflaşdırılması yalnız xəyal kimi görünürdü. Bəziləri bunu qeyri-mümkün hesab edirdi. Qısa müddətdə həyata keçirilən tədbirlər nəticəsində Bibiheybət buxtası şəhərin ən gözəl yerlərindən biri oldu: indi bura əsl istirahət zonası, böyük parkdır. Geniş bulvar salınıb, Su İdmanı Sarayı, muzeylər, ictimai obyektlər tikilib. Bir sözlə, bura şəhər sakinləri üçün gözəl rekreasiya zonasıdır.
Şəhərin xeyli hissəsini tutan Qara şəhərdən də əsər-əlamət yoxdur. "Qara şəhər" nədir, bunu bəlkə də gənclərin çoxu bilmir. Ancaq Bakıda Qara şəhər adlı bir yer olub. Qara şəhəri Ağ şəhərə çevirməyə başlayanda bir çoxları şübhə ilə yanaşırdılar ki, bu, mümkün deyil. Ancaq bütün tərəddüdlərə baxmayaraq, şəhərin digər bir tərəfindəki fəlakət zonası təmizləndi, buradakı neft çöküntüləri utilizasiya edilib çıxarıldı. Yerində şəhərsalma nöqteyi-nəzərindən dünya miqyasında ən uğurlu layihələrdən biri icra edildi. Ağ şəhər salındı. Şəhərin digər yaşayış yerlərində, məsələn, Buzovna qəsəbəsində layihə gücü 10 min kubmetr, Şüvəlan qəsəbəsində layihə gücü 18 min kubmetr olan bioloji təmizləmə qurğuları tikilib istismara verildi. Hövsan Aerasiya Stansiyası rekonstruksiya edilərək gün ərzində 200 min kubmetr gücə malik yeni bioloji təmizləmə qurğuları tikilib gücü 600 min kubmetrdən 800 min kubmetrə çatdırıldı. Dənizdə fəaliyyət göstərən neftçıxarma müəssisələrində "28 May adına NQÇİ-də Cilov adasında, "Neft Daşları"nda bioloji təmizləmə qurğuları tikildi. "Azərkimya" İB-nin struktur bölmələrində əmələ gələn çirkab suların təmizlənməsi məqsədilə Təmizləyici Qurğu istismara verildi. Bu qurğu vasitəsilə "Azərkimya" İB-nin struktur bölmələrində yaranan sənaye və məişət tullantı sularının təmizlənməsi həyata keçirilir.
Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və təmizlənərək dənizə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılıb. Dənizin Azərbaycana mənsub sahil zolağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlər keçirilir. Bu mənada, Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə dövlət hesab edilir. Məqsəd dənizin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli şəkildə istifadə edilməsindən ibarətdir.
Bakı üçün ən təhlükəli üçüncü yer Balaxanı zibilxanası idi. Burada zibil daim yanır, şəhərin üzərini tüstü-duman bürüyürdü. Böyük zibil emalı zavodunun tikintisi bu problemin də həllinə imkan verdi. Bəli, gözəl Bakımızın yaxın tarixinə qısaca ekskurs etdik, bugünkü vəziyyətindən səthi söhbət açdıq. Əmin olduq ki, onun ekoloji problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Məqsəd bu şəhəri bugünkündən daha gözəl, ekoloji cəhətdən dünyaya nümunə bir şəhərə çevirməkdir...