lider-media.az

Azərbaycan antiterror əməliyyatı ilə ərazi bütövlüyünü tam təmin etdi

Tarix: 13-09-2024, 14:56

Azərbaycan antiterror əməliyyatı ilə ərazi bütövlüyünü tam təmin etdi

          

       

      2022-ci il sentyabr ayının 12-si gecə, 13-ü səhər saatlarında Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində  genişmiqyaslı təxribatlar törətdi. Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumaq məqsədilə növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.

              

        

         Düşmənin 53 döyüş mövqeyi bu təxribatda məhv edilərək strateji yüksəklik nəzarətə götürüldü. 7 saat davam edən cavab əməliyyatı nəticəsində xeyli sayda hərbi texnikası, milyard dollardan artıq dəyəri olan raketləri, 400-ə yaxın canlı qüvvəsi,  hərbi obyekti və onlarla postu məhv edildi, yüzlərlə hərbçisi yaralandı. Bu, 2020-ci ilin sentyabrında başlanan və noyabrda şanlı Qələbə ilə başa çatandan sonra  Ermənistana  növbəti sarsıdıcı zərbə aldı. Ermənistan yenə də heç nəyə nail olmadan geri çəkilməyə məcbur edildi.

        Tarixə qəhrəmanlıq səlnaməsi kimi düşən 13-14 sentyabr hadisələri Ermənistanın uzun müddət qurduğu planlarını alt-üst etdi. Düşmənin törətdiyi genişmiqyaslı təxribat bu ölkənin hərbi siyasi hakimiyyətinin işğalçı-faşist simasını bir daha bütün dünyaya nümayiş etdirdi.

        2022-ci il noyabrın 8-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışında demişdir: “...13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. ...13-14 sentyabr hadisələri elə-belə baş vermədi. Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz bunu istəmirik, qan tökülməsini istəmirik. Sadəcə olaraq, haqqımızı istəyirik”.

         Erməniləri törətdikləri təxribat nəticəsində nəinki geri çəkildi, hətta Azərbaycan ordusu o istiqamətdə bir sıra strateji yüksəkliklərdən düşməni qovaraq onu ələ keçirərək böyük ərazini, Göyçə gölünün ətrafinda olan Kəlbəcər istiqamətinə gələn yol şəbəkələrini nəzarət altına almağa nail oldu. Bir daha dəmir yumruğ öz gücünü ermənilərə göstərdi.

        Ordumuz öz qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədi. Məhz onların sayəsində müqəddəs torpaqlarımız azaddır.

        Təəssüf ki, ermənilərin bu təxribatı nəticəsində əsgər və zabitlərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəldi. Hər bir şəhidimizin qarşılığında düşmən ağır zərbələr aldı. Şəhidlərimiz hər zaman hörmətlə anılacaq, onların canlarını fəda etdikləri Vətən daha da inkişaf edəcək, güclənəcək. Azərbaycan hər bir şəhidinin qisasını qətiyyətlə alaraq, onların qanını yerdə qoymadı.

         Bu hadisədən düz bir il sonra-2020-ci ilin Vətən müharibəsində qazanılan qəti qələbənin son akkordu Xankəndi ilə qoyuldu. Xankəndi Azərbaycan suverenliyinə daxil oldu. Xankəndini azad etməklə separatizmin rüşeymi təmizləndi.

         Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur. Əməliyyatın əsas hədəflərini Qarabağ ərazisində erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyulması təşkil edirdi. Rəşadətli ordumuz tərəfindən Qarabağda keçirilən 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi.

         Bir sıra separatçı ünsürlər tutularaq Bakıya gətirildi, bütün separatçı bayraqlar endirildi, Azərbaycana qarşı revanşizmi, düşmənçiliyi  təbliğ  edənlər ağır mühakimədən qorxaraq canlarını götürüb qaçdılar.  

          Bu günlərdə Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov bildirib ki cəmi bir gün ərzində 406 kvadrat kilometr ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alındı. Əməliyyat zamanı düşmənin 310 nəfəri məhv edilmiş və yaralı 614 nəfər olmaqla şəxsi heyət sarıdan itki vermişdir. 2023-cü il sentyabrın 19-20 tarixlərində ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edilmişdir. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket  qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürülmüşdür.

      Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsi idi. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Odur ki, ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

          Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Prezident İlham Əliyevin iyirmi bir il­lik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olub. Hakimiyyətə gəlməsinin 20-ci ildönümü günündə-2023-cü il oktyabrın 15-də  Xankəndidə Azərbaycan bayrağını ucaldan qalib lider İlham Əliyev  bu barədə deyirdi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik".

          Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirmədi.    

            Və nəhayət Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah olunması prosesi başlanıldı. Ermənistan əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında 21 sentyabr tarixində Yevlax şəhərində keçirilən görüşdə qondarma rejimin buraxılması qeyd olundu və az sonra vəd yerinə yetirildi.

           İşğaldan azad edilən ərazilərimiz bu gün sakit və rahat nəfəs alır. Yurdun əsl sahibləri qayıdıb. Dövlətin  keçmiş məcburi köçkün üçün hazırladığı və çox böyük uğurla həyata keçirdiyi “Böyük Qayıdış” Proqramının icrasına uyğun olaraq Şuşaya, Xocalıya, Laçına, Füzuliyə, Ağalı, Talış, Zabux və digər bərpa edilən müqəddəs torpaqlara dönüş ləyaqətlə həyata keçirilir.

                                                                                                     

                                                            Lider-media.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi