Boneyra adası ilə bağlı yekun bəyannamə qəbul edilib
"Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransın yekunlarına dair bəyannamə qəbul edilib.
Lider-media.az xəbər verir ki, sənəddə bildirilib ki, tədbir, əsarət altında olan Boneyra xalqının durumuna həsr olunub və maraqlı tərəflərə Niderlandın müstəmləkə siyasətinin fəsadlarını müzakirə etmək üçün geniş imkan yaradıb.
Bəyanata əsasən, bu siyasət, uzun müddətli perspektivdə Boneyra xalqının gələcəyini və mövcudluğunu ciddi təhlükə altına qoymaqdadır:
"Boneyra, bir vaxtlar Niderland Antil adalarının tərkib hissəsi olaraq, daxili özünüidarə ilə geniş səlahiyyətlərə malik olan Niderland müstəmləkə vahidinin bir hissəsi olmuşdur. 10 oktyabr 2010-cu ildə Niderland Antil adalarının buraxılmasından sonra, Boneyra birtərəfli qaydada Niderland hökuməti tərəfindən qeyri-bərabər hüquqlarla Niderland Konstitusiyasında təsbit edilmiş və muxtariyyəti olmayan bir "dövlət orqanı/qurumu" kimi Niderlanda bilrləşdirilmişdir.
2010-2024-cü illər arasında Boneyranın əhalisi 11,000 nəfərdən 25,000 nəfərə qədər artmışdır. Bu artım əsasən Avropadan gələn Niderland immiqrantlarının axını nəticəsində baş vermişdir. Nəticədə yerli boneyralılar öz adalarında demoqrafik azlıq vəziyyətinə düşmüş və 2024-cü ildə onların sayı ada əhalisinin 32%-dən az hissəsini təşkil etmişdir.
2015-ci il 18 dekabr tarixində keçirilmiş referendumda, seçicilərin 66%-i 2010-cu ildən etibarən Boneyrada tətbiq edilən konstitusiya statusunu rədd etmişdir. Bu nəticələr, ada parlamentinin nümayəndələri tərəfindən Boneyra xalqının qanuni və hüquqi demokratik qərarı kimi yekdilliklə təsdiqlənmişdir. Lakin, Niderland hökuməti referendumun nəticələrini nəzərə almadan mövcud vəziyyəti saxlamışdır.
Eyni zamanda, Niderlandın müstəmləkə təzyiqindən qurtulmaq üçün beynəlxalq dekolonizasiya hüququna uyğun effektiv və səmərəli addımların atılması məsələsini müzakirə etmək məqsədilə:
Boneyradakı vətəndaş cəmiyyəti qrupları, cənab Ceyms Finesin rəhbərliyi altında 2016-cı ildə BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə (C24) öz iddialarını təqdim edərək Niderlandın Boneyra xalqının hüquqlarına zidd hərəkətlərini vurğuladılar. C24 səfirləri Boneyranın özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil edilməsi məqsədilə tədbirlərin görülməsini və Karib dənizi və Latın Amerikası ölkələrinin hökumətlərindən dəstəyin alınmasını, həmçinin Boneyranın özünüidarəsinə dair müstəqil araşdırmaya başlamaq üçün tədbirlərin görülməsini tövsiyə etmişdirlər.
Konfrans iştirakçıları bu fürsətdən istifadə edərək, 14-16 may 2024-cü il tarixində Venesuelanın Karakas şəhərində BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi tərəfindən təşkil olunmuş “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onilliyin tətbiqi, özünüidarə edən ərazilərin məqsədlərinə nail olunması və ehtiyaclarının təmin olunması” mövzusunda Karib Dənizi Regional Seminarında Azərbaycan Respublikasının iştirakını alqışladılar.
"Özünüidarənin beynəlxalq təsdiq edilmiş standartlara uyğunluğunun qiymətləndirilməsi: Boneyra ölkəsi haqqında hesabat", Asılı Ərazilərin Araşdırılması Layihəsi (Dependency Studies Project) tərəfindən 2021-ci ildə BMT-nin eksperti və baş analitiki Dr. Karlayl Q. Korbin rəhbərliyi altında hazırlanmışdır. Hesabatda qeyd olunur ki, Boneyrada tətbiq olunan "dövlət orqanı/subyekti" statusunun "ərazi dövlət qurumu" statusuna dəyişdirilməsi, müstəmləkəçi asılılıq idarəetmə islahatıdır ki, bu da bütün demokratik idarəetmə ölçülərində qeyri-bərabərliyi davam etdirir və beynəlxalq hüquqa uyğun əsl özünüidarə etmə hüququnu əngəlləyir. Bu hesabat BMT-nin Baş Assambleyası tərəfindən müstəqil olaraq təsdiqlənmiş və akkreditə edilmişdir, çünki o, BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş özünüidarə etmə göstəricilərini özündə ehtiva edir.
Boneyranın özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsi, Niderland hökumətinin hər il BMT Baş Assambleyasına Boneyranın sosial, iqtisadi və siyasi inkişafına dair hesabat verməsini tələb edəcəkdir. Bu, BMT Nizamnaməsinin 73-cü Maddəsi, BMT Nizamnaməsinin 1 və 55-ci Maddələri, 1960-cı ildə qəbul edilən 1514 (XV) saylı qətnaməsi (BMT-nin Dekolonizasiya üzrə Bəyannaməsi), Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı, Beynəlxalq İqtisadi, Sosial və Mədəni Hüquqlar Paktı, Hər növ irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya və Birləşmiş Millətlər Təşkilatının Yerli Xalqların Hüquqları üzrə Bəyannaməsi ilə nəzərdə tutulur. Bu hesabat, BMT orqanlarına Boneyra ilə əlaqəli tədbirlər görmək, müdaxilə etmək və zəruri hallarda ona yardım göstərmək imkanı yaradır.
Boneyra öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu qorumaq və təmin etmək naminə özünü idarə etməyən ərazi kimi yenidən qeydiyyata alınmasını müdafiə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini almağa çalışır. Bu məsələ ilə bağlı qətnamənin Sent Vinsent və Qrenadinin baş naziri və Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) keçmiş prezidenti Zati-aliləri Ralf Qonsalvesin rəhbərliyi altında 2024-cü il oktyabr ayının əvvəlində BMT Baş Assambleyasında dekolonizasiya gündəliyinin bir hissəsi olaraq yeddi (7) Karib adası tərəfindən təqdim ediləcəyi gözlənilir.
Biz, BMT Baş Katibindən və BMT-yə üzv dövlətlərdən həmrəylik nümayiş etməyə çağırırıq və Boneyra xalqının öz müqəddəratını təyin etmə hüququnu müdafiə edən bu humanitar əhəmiyyətli mübarizəni dəstəkləmələrini, Boneyra məsələsinə dair Qətnaməyə həmmüəllif kimi yeddi Karib adasına qoşulmalarını xahiş edirik. Bu qətnamə, Boneyranın BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsini və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin nəzarəti altına alınmasını nəzərdə tutur.
Biz, Boneyra xalqı olaraq, Qoşulmama Hərəkatı Troykasının üzvü Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevdən, Qoşulmama Hərəkatı ölkələrini Boneyra xalqının beynəlxalq dekolonizasiya hüququna uyğun olaraq öz müqəddəratını təyin etmə hüququnu dəstəkləməyə və Boneyranın BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsi məsələsini qaldırmağı xahiş edirik.
Biz Niderland hökumətini müstəmləkə siyasətindən əl çəkməyə və Boneyranın BMT-nin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil edilməsinin qarşısını almamağa çağırırıq".