GÜCLÜ İMMUNİTET, SAĞLAM HƏYAT
Bildiyimiz kimi havalar soyuyanda, qış fəsli yaxınlaşanda orqanizmin müqaviməti zəifləyir. Ona görə də havalar soyuyana qədər vitaminlərlə zəngin olan qidalar qəbul etmək, orqanizmin müqavimətini gücləndirmək və immuniteti artırmaq lazımdır.
Bunin üçün qida rasionuna daxil olan bir sıra məhsulları müntəzəm qəbul etməklə immunitetinizi gücləndirə bilərsiniz. Belə ki, hər gün süd, kefir, yoqurt, təbii kəsmik və digər ağartı məhsulları qəbul etmək, onların az və ya orta dərəcədə yağlılığı olanları seçmək daha arzuolunandır. Kərə yağından tamamilə imtina etmək olmaz - məsələn, hər səhər kərə yağı ilə olan buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Son araşdırmalar nəticəsində müəyyən edilib ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Həmin məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun səviyyəsi daha da artır.
Onu da qeyd edək ki, bitki mənşəli məhsullardan olan lobya da ən aktiv immunomodulyator, yəni immuniteti stimullaşdıran və möhkəmləndirən maddələrlə zəngindir. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferonun yaranmasına kömək edən çoxlu maddələr var.
Sarımsaq, soğan, qıtıqotu kökünün tərkibi xeyli miqdarda fitonsidlərlə zəngindir. Fitonsid maddələr immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur.
Bal, arı südü, arı tozu və propolis təbii immunostimulyatorlar sayılır və onlardan müntəzəm istifadə edilməsi yaxşı nəticə verir.
Limon, portağal, naringi, kivi, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələmin tərkibində olan çoxlu miqdarda askorbin turşusu orqanizmi infeksiya, soyuqdəymə və digər zərərli faktorların təsirindən qoruyur. İtburnu və cökə çayı orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir.
Qida rasionuna bildirçin yumurtasının daxil edilməsi immunitet üçün xeyirli hesab olunur. Tərkibindəki A, B qrupu vitaminləri və mikroelementlərin miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir, orqanizmdən radionukleidlərin xaric olunmasına kömək edir.
İmmunitetin gücləndirilməsində dəniz məhsulları -balıq, krevet və s. böyük rol oynayır. Qızıl balıq, ton və digər balıqlarda orqanizm üçün faydalı hesab edilən maddələr - Omeqa-3 yağ turşuları və s. var. Dəniz yosunları qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və immuniteti yaxşılaşdırır. Onları tərəvəz və göyərtilərdən hazırlanmış təzə salatlara da əlavə etmək olar.
Badam immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir. Qəbul edilən qidaların tərkibində yarmaların- qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s. olması, zərərli kimyəvi, radioaktiv maddələr və şlakların orqanzimdən xaric olmasına, immunitetin möhkəmlənməsinə kömək edir.
Bəli, güclü və sağlam immunitet sisteminin yaradılması ümumi rifah və müxtəlif xəstəliklərdən qorunmaq üçün vacibdir. Siz də immunitet sisteminizi və ümumi sağlamlığınızı dəstəkləmək istəyirsinizsə qeyd etdiyimiz məhsullardan zamanında və qədərində istifadə etməyiniz məsləhətdir.