lider-media.az

ÖLKƏMİZDƏ BƏRPAOLUNAN ENERJİ  NÖVLƏRİNİN POTENSİALI BÖYÜKDÜR

Tarix: 24-01-2024, 12:53

      Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün önəmi getdikcə artır. Şaxələndirilmiş infrastruktur qurmaqla istehlakçı ölkə kimi müstəqil siyasət həyata keçirməyə və milli maraqları maksimum dərəcədə qurmağa nail olur.

  Avropa üçün yeni təchizat mənbəyi olan ölkəmiz Xəzər hövzəsində "mavi yanacaq" axını prosesinə ilk dəfə 2012-ci ilin əvvəlində başlayıb. Yeni və kifayət qədər zəngin mənbə kimi isə ölkəmizin Xəzərdəki "Şahdəniz" yatağı çıxış edir. Mütəxəssislər yataqda 1,2 trilyon kubmetr qazın olduğunu ehtimal edirlər. Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir və ölkəmiz bu məsələdə gələcəkdə çox mühüm rol oynaya biləcəkdir.

 Ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı da həddindən artıq böyükdür. Məhz bu səbəbdəndir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlığa üstünlük verir. Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi kimi qəbul edilən Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib.

     Hələ 2020-ci ilin fevralında Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ADA Universitetində Səudiyyə Ərəbistanının, "ACWA Power" və BƏƏ-nin "Masdar" şirkətləri, bir sıra dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim-seminar keçirilmişdi. Ölkəmizin bərpaolunan enerji ilə bağlı hədəflərindən danışan energetika nazirliyinin rəsmisi bildirmişdi ki, elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi və bu sahənin özəl investisiyanın cəlbi ilə inkişafı Azərbaycan Respublikası Prezidentinin energetika sektorunda islahatlar kursunun əsas məqsədlərindən biridir. Daha sonra qeyd edildi ki, 2030-cu ilə qədər ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payını hazırkı 17 faizdən 30 faizə çatdırmaq planlaşdırılır. Bu istiqamətdə ilk uğurlu addım "ACWA Power" və "Masdar" şirkətləri ilə 440 MVt gücündə külək və günəş enerjisi üzrə layihələrin reallaşdırılmasıdır. Bu layihələr ölkədəki mövcud tarifləri əks etdirməklə yanaşı, heç bir dövlət subsidiyasını nəzərdə tutmur. Bu gün dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və atmosferə atılan karbon emissiyalarının azaldılması ilə bağlı işlər görülür. Azərbaycanda bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı 8 faizdən bir qədər çoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıdır və bu mənbələrin ətraf mühitə mənfi təsiri yoxdur.

     Ölkəmizin iqtisadi baxımdan əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 26940 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

     İqlim dəyişikliklərinin bərpaolunan enerji sahəsinə təsirlərinin öyrənilməsi də mühüm əhəmiyyət kəsb edən məsələdir. Azərbaycanda müasir iqlim dəyişmələrinin təzahürləri müxtəlif iqlim indeksləri üzrə qiymətləndirilir. Əvvəlki tədqiqatlarda daha çox orta aylıq və orta illik göstəriciləri üzərində araşdırmalar aparılırdısa, "Clim Pact" modelinin tətbiqi ilə gündəlik meteoroloji göstəricilərdən istifadə etməklə 40 iqlim indeksi üzrə daha dəqiq araşdırmaların aparılması imkanı yaranıb. Bu da iqlim dəyişikliklərinin müxtəlif sahələrə, o cümlədən alternativ energetika sahəsinə mümkün təsirlərin qiymətləndirilməsində, eyni zamanda iqlimin intertliyini nəzərə alaraq yaxın onilliklərə olan dövr üçün gözlənilən tendensiya haqqında daha real təxminlərin verilməsində mühüm rol oynayacaq.

     Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

     Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib: "Hazırda bizim elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. İndi bərpaolunan enerji növləri bizə o cümlədən imkan verəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək. Onsuz da Avropada bizim qazımıza tələbat gündən-günə artır və biz bunu ancaq bərpaolunan enerji hesabına edə bilərik".

     Bu sahədə görülən işlərin davamı olaraq 2021-ci il 31 may tarixli "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Qanun təsdiqlənmişdir. 2021-ci il 2 fevral tarixli ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin 5-ci bəndində ("Təmiz ətraf mühit" və "Yaşıl artım ölkəsi") iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. 2021-ci il 3 may tarixdə isə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "Yaşıl Enerji Zonası"nın yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalanmış, işğaldan azad edilmiş ərazilər "Yaşıl Enerji Zonası" elan edilmişdir. Bütün bunlar onu göstərir ki, ölkəmizdə bərpaolunan enerji növləri və mənbələrinin yaradılması prioritetdir. Azərbaycan bununla bu sahədə də liderlər sırasına çıxmasını təmin edəcəkdir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi