lider-media.az

Yeliseyin bağlı qapıları arxasında etiraf olunan fiasko

Tarix: 27-03-2024, 21:32

Yelisey sarayının bağlı qapıları arxasında etiraf olunan fiasko... Cənubi Qafqaz siyasətində etdiyi strateji səhvlər ucbatından yalnız qalan Parisin sancıları ona hansı “ağır sürprizlər” edə bilər

“Dağlıq Qarabağın yox olması, qeyri-mümkün fransız vədinin xronikası”. Bu sərlövhə əsla hər hansı Azərbaycan media orqanında dərc olunan məqaləyə aid deyil. O zaman sual olunur: belə sərlövhəli məqalə harada dərc olunub?! Cavab: Fransanın “Le Figaro”su. Özü də həmin yazıda müəllif elə faktlara toxunub ki, bəlkə də bilərəkdən və ya bilməyərəkdən Azərbaycan əleyhinə oynanılan məkrli və qərəzli oyunun, erməni hiyləsi və fitnəsi ilə qurulan pozucu və provokativ mahiyyətli planların de-fakto ifşasını həyata keçirib. Necə deyərlər, Fransa mətbuatının flaqmanlarından sayılan, ictimai rəyə ciddi təsir imkanlarına malik məşhur “Le Figaro” qəzetində Elizabet Piersonun yazdığı analitik məqaləni oxuyan diqqətli fransız oxucusu öz ölkəsinin idarəçiliyinə “qara məqsədli lobbi”lərin necə çox ciddi təsir göstərmək imkanlarının olduğunu öyrənib gözünün qarşısında canlanan o biabırçı və rüsvayçı mənzərədən şoka düşərək, obrazlı desək, mat qalmasın bəs nə etsin?! Vaxtilə Şarl de Qolun əyləşdiyi kresloda oturan şəxsə, ölkə prezidentinə, onun iradəsinə təsir göstərmək bir tərəfə qalsın, ölkə başçısını beynəlxalq hüquqa zidd olan qanunsuz addımlar atmağa sövq etmək üçün dövlətin əsas binasında bunu etmək cəsarətini və səlahiyyətini, hətta imkanını bu “qara əqidəli və mahiyyətli” lobbi qruplarına kim yaradıb?! Yaxud, Prezident Emmanuel Makronun öz rizası və razılığı olmadan həmin qruplar Yelisey sarayına necə ayaq açıb belə cəsarətli “təkliflər” verə bilərlər? Ola bilərmi ki, mösyö Makron sarayına gələn qonaqları və onların mümkün istəklərini əvvəlcədən bilməsin? Fikrimcə, sadəcə, mümkün deyil! Oxucu sual verə bilər: Nə təklif, nə çirkin oyun, nə qara lobbi.....? Tələsməyin, izah edəcəyəm!

Bu fikirlər politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Elnar Məmmədlinin “Yeliseyin bağlı qapıları arxasında etiraf olunan fiasko” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin bildirilib: “Beləliklə, “Le Figaro”nun yazdıqlarından bunlar aydın olur:

1.Bir qrup erməni və ermənipərəst (bizə görə “qara lobbi”) 2023-cü ilin yanvarında Yelisey sarayında Prezident Emmanuel Makronun qəbulunda olub. Bağlı qapılar arxasında keçən görüşdə iştirak edənlər arasında Paskal Brükner, Olivie Veber, futbolçu Yuri Corkayeff də olub.

2. Qəbulda Makrondan faktiki olaraq tələb edilib ki, Laçın yoluna gedərək orada “Artsax”ın “blokadası”na son qoyulsun” bəyanatını versin. Onlar vaxtilə Prezident Fransua Mitteranın Sarayevoya getməsini ona xatırladaraq belə tələbi irəli sürüblər.

3. Təklif olunub ki, Fransa Prezidentinin təşəbbüsü ilə ermənilərə humanitar yardım toplamaq (əslində, təxribatçı və anti-Azərbaycan, böhtan xarakterli təbliğat) məqsədilə beynəlxalq konfrans keçirilsin. Hətta ABŞ da bu konfransın təşkilatçılarından biri olsun. Lakin konfrans baş tutmayıb

4. Azərbaycan Prezidenti İlham Əliyevin Qranadaya getməməsi və Azərbaycanın maraqlarına zidd olan heç bir təklifə “hə” deməməsi, “sanksiya tətbiq edə bilərik!” kimi təhdid və təzyiqlərə rəğmən, sərt və qətiyyətli mövqe göstərməsi Fransa hakimiyyətini, sözün əsl mənasında, pat vəziyyətinə salıb.

5. Fransa ermənilərlə tarixi yaxınlığına görə orada çox gözlənilən dövlət idi”.

Məqalədə “Biz Ermənistanı heç vaxt atmayacağıq!”, “Biz razılaşmayacağıq!”, - deyən Makronun ermənilərə verdiyi sözü yerinə yetirməməsinə və ya yerinə yetirə bilməməsinə toxunulur. “O, dünyada erməniləri səmimi müdafiə edən yeganə dövlət başçısı olaraq bu məsələdə səmimi idi və nə üçün müvəffəq ola bilmədi?” sualı da müəllif tərəfindən irəli sürülüb.

Eyni zamanda, xristian təəssübkeşliyi açıqca gizlədilməyib Sülhə nail olunmayacağı təqdirdə, Ermənistanın özünün mövcudluğu ilə bağlı problemin yaranacağına eyham vurulub. Müəllif, həmçinin Makronun Ermənistanı geosiyasi təlatümlərin gözlədiyini bildiyi xüsusi ilə vurğulayıb.

Məqalədə qeyd olunan məsələləri diqqətlə təhlil analiz etsək görərik ki, müəllif Fransanın Ermənistanla bağlı siyasətinin heç bir ciddi nəticə vermədiyini, üstəlik, Azərbaycana təzyiq göstərmək cəhdlərinin puça çıxmasını etiraf edir. Hətta Prezident İlham Əliyevin “gedin öz işinizlə məşğul olun!” bəyanatına yazıda xüsusi yerin verilməsi və dövlətimizin başçısının bu sözlərinin məhz Fransanın əleyhinə olmasının vurğulanması ondan xəbər verir ki, rəsmi Paris qərəz, şantaj, təzyiq siyasətinin Bakı ilə münasibətlərdə nəticə verməsinin qeyri-mümkün olduğunu görür. Onun bundan düzgün nəticə çıxarması da artıq qaçılmazdır. Həm də unutmamalıyıq ki, yazıda ermənilərə verilən üstüörtülü mesajlar da az deyil: “Sizə silah göndərərək şirnikləndirən Fransaya əsla güvənməyin! Çünki o, reallıqda sizə gözlədiyiniz köməyi etməyəcək. Yəni, düşünməyin ki, Fransa gəlib sizin üçün Azərbaycan və ya Türkiyə ilə savaşa girəcək. Quru vədlər verməklə məqalənin sərlövhəsində deyildiyi kimi, ancaq həyata keçirilməsi mümkün olmayan vədlərin xronikasını yazmaq olar. Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib və Qarabağ münaqişəsi artıq tarixdir. Çıxış yolu Azərbaycanla anlaşmaq, daha doğrusu, onun şərtlərini qeyd-şərtsiz yerinə yetirməkdir. Yazıda hətta Roma Papası, Avropa İttifaqı, Almaniya, ABŞ ermənilərə lazımi dəstək verməməkdə qınalınılıb.

Beləliklə, məqalənin adından da göründüyü kimi, ermənilərə verilən mənasız və yerinə yetirilməsi qeyri-mümkün olan vədlər xislətlərini həyata keçirmək üçün onlara heç cür kömək olmayacaq. Təhlillərə görə, ermənilərə üstüörtülü eyham vurulur ki, bundan artıq sizin üçün heç nə edə bilmərik. Azərbaycan çox güclüdür, yeganə yol onunla anlaşmaqdır. Yoxsa, Ermənistandan da əsər-əlamət qalmayacaq.

Məqalədə ən çox diqqət çəkən məqamlardan biri hansısa diasporun, lobbinin Prezident Makrona açıq təzyiq göstərmək imkanına malik olmasıdır. Hətta bu, təzyiqdən daha çox şantaj mahiyyətlidir. Sualımız isə çox açıq və sadədir: Doğrudanmı Fransa dövləti bu qədər aciz vəziyyətdədir və ya elə vəziyyətə salınıb ki, ermənilər onu dünyada belə “hörmətsiz” edə bilirlər?! Məncə, bunun adı, sadəcə, biabırçılıqdır! Digər tərəfdən yazıda göstərilən faktlardan aydın olur ki, Fransa dövləti Azərbaycana qarşı indiyə qədər yürütdüyü yanlış, qərəzli siyasətinin iflasa uğradığını artıq hiss edir. Ona görə də bu məsələdəki uğursuzluğunu ört-basdır etmək üçün Paris Avropa İttifaqını, ABŞ-ı, Almaniyanı, hətta Roma Papasını hədəfə gətirməkdən çəkinmir.

Digər tərəfdən Fransa onu da artıq hiss edir ki, Azərbaycana qarşı bu cür aqressiya, erməni separatçılığına açıq dəstək verməsi sonda de-fakto bumeranq effekti yaradıb. İndi Fransa koloniyaları çox açıq şəkildə Parisə qarşı etiraz bayraqları qaldırır və ondan istiqlaliyyətlərini tələb edirlər. Onlar etiraz aksiyalarında Azərbaycan bayrağını qaldıraraq Fransa qarşısında bütün təzyiq və çirkin oyunlara, böhtanlara rəğmən dik duran ölkəmizdən yardım diləyirlər. Gerçəklik budur ki, Fransa, daha doğrusu, Makron hakimiyyəti bütün bu başına gələnləri, Qafqaz siyasətindəki açıq fiaskonu, müstəmləkələrdə getdikcə şiddətlənən etirazları və mərkəzdənqaçmaları, həmçinin Afrikada yaşadığı rəzaləti əvvəlcədən görə bilmədi. Həm də onu da hesablamağı bacarmadı ki, münasibətlərinin gərgin olduğu Azərbaycan ona öz ərazisindən tranzitə icazə verməyə bilər.

Sadalanan faktlar onu göstərir ki, böyük ehtimalla hazırda ölkəmizlə münasibətlərinin çox pis olmasının ona ciddi zərər verdiyini anlayan Fransa hakimiyyəti “Azərbaycanla münasibətləri necə düzəldə bilərəm?!” sualı ətrafında düşünür və təhlil aparır. Yaxın gələcəkdə nəyin necə olacağını, proseslərin hansı məcraya yönələcəyini zaman göstərəcək. Lakin fakt budur ki, bütün hallarda Azərbaycanın rasional və sırf milli maraqlara hesablanan beynəlxalq mövqeyi daha da güclənəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi