lider-media.az

Yüksək tribunalardan “humanizm” və “demokratiya”dan danışan Fransanın siyasətinin əsasında neokolonializm dayanır - ŞƏRH

Tarix: 23-02-2024, 18:29

Bu gün Fransanın Ermənistanı fəal şəkildə dəstəkləyərək ona silah-sursat verməsi regionda sülhün bərqərar olması istiqamətində Azərbaycanın atdığı addımların ləngidilməsinə hesablanıb. Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri və hərbi texnika ilə “geri dönməsi” rəsmi İrəvanın sülh prosesindən hər keçən gün daha da uzaqlaşdığını göstərir.

Məsələnin mahiyyəti heç də bu iki dövlətin dost münasibətində deyil, rəsmi Parisin yeni müstəmləkə, Ermənistanın isə sığınmaq üçün yeni “qoltuq” axtarmasındadır. Ermənistanı silahlandırmaqla regionda münaqişəni qızışdırıb sonra isə yüksək tribunalardan “humanizm” və “demokratiya”dan danışacaq Fransanın siyasətinin əsasında neokolonializm dayanır.

Seneqalın keçmiş təhsil naziri İba Der Tiam “Anadolu” agentliyinə müsahibəsində bildirmişdi ki, müstəmləkəçilik Fransanın ənənəvi siyasətidir və XVII əsrdən başlayaraq bu günədək davam edir. Rusiya Elmlər Akademiyasının Afrika İnstitutunun hesabatında göstərilir ki, Fransa ordusu Əlcəzair, Çad, Mali, Mərakeş və Mavritaniyada 2 milyondan çox insanı qətlə yetirib və həmin dövlətləri talayıb.

Ötən il bir sıra Afrika ölkələrində Fransanın səfirlikləri bağlandı və “diplomat” adı altında fəaliyyət göstərən xüsusi xidmət orqanlarının əməkdaşları oradan qovuldu. Bu səbəbdən Fransa yeni müstəmləkəçilik siyasətini Qafqazda davam etdirməyə çalışır. Bütün dünyada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına baxmayaraq, Fransa separatçıları dəstəkləyir. Əslində isə bu yolla Ermənistanı müstəmləkəyə çevirmək Fransanın yeni dövrdə yeni siyasi xəttidir, o, bu siyasətə demokratiya və humanizm donu geyindirməyə çalışır.

Tarixə nəzər salsaq, Fransanın “demokratiya” və “humanizmə” necə “sadiq” olduğunu görərik. Bu ölkənin 1830-1962-ci illərdə Əlcəzairdə törətdiyi soyqırımı, qarətləri bu gün də yerli xalqlar tərəfindən vahimə ilə xatırlanır. Həmin dövrdə fransız general Burmonun rəhbərliyi ilə Əlcəzairə daxil olan Fransanın hərbi hissələri əhaliyə müraciət edərək dost kimi gəldiklərini, burada elmi və iqtisadi fəaliyyətlə məşğul olacaqlarını bildirib. General tayfa başçılarını çağırıb və onlara yerli əhaliyə fayda verəcəklərini, taxıl əkib-biçməyi, suvarma sistemləri qurmağı öyrədəcəklərini deyib. Lakin şəhərə daxil olduqdan sonra əsgərlər insanları qarət eləməyə başlayıblar. General Burmon əhalini aldada bilməsini böyük qabiliyyət hesab edərək lovğalanıb və qarət nəticəsində evlərdən oğurlanan qızılların ona verilməsini tələb edib. “Əsgərin məktubları” kitabının müəllifi, Fransa ordusunda xidmət etmiş erməniəsilli polkovnik Montanyank bu hadisələr barədə bildirib ki, onun rəhbərlik etdiyi əsgərlər Skik şəhərini qəbiristanlığa çeviriblər. Montanyank yazırdı: “Bizim ayaqlarımız altında it kimi sürünmək istəməyən hər kəs qətlə yetirilməlidir”. Fransa ordusunun zabit və əsgərləri tərəfindən şəhərin kişi sakinlərinin hamısı qətlə yetirilib, qadın və uşaqlar isə həmin dövrün qul bazarlarında satılıb.

Fransanın daha bir qanlı izi Ruandadadır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin də iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin bu soyqırımı aktında Fransanın rolunu faktlarla sübuta yetirən bəyanatı rəsmi Parislə siyasi böhrana səbəb oldu.

Ötən il Mali hökuməti Fransa Prezidenti Emmanuel Makrona rəsmi məktubla müraciət edərək müstəmləkəçilik siyasətinə son qoymağı və fransız hərbçilərin ölkədən çıxarılmasını tələb edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1960-cı illərdə bu ölkəyə sərmayə yatıran Fransa bundan sui-istifadə edir və oradakı şirkətlərin dəstəyi ilə istədiyi dövlətin daxili işlərinə qarışır, istədiyi şəxsi hakimiyyətə gətirir, istəmədiyini isə hakimiyyətdən kənarlaşdırır.

Bu gün Fransa Cibuti, Kot-d’İvuar, Seneqal və Qabonda böyük hərbi bazalar saxlayır, onların köməyi ilə dövlət siyasətinə təsir göstərir. Məqsəd isə Afrika qitəsinin zəngin təbii sərvətlərini mənimsəməkdir.

Fransanın hazırkı Prezidenti E. Makron artıq Ermənistanı öz müstəmləkəsi hesab edir. Fransa Prezidentinin yanında boynu bükülü dayanan N. Paşinyan isə Afrikanın “banan” ölkələrinin rəhbərlərinə bənzəyir.

Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək torpaqlarını işğaldan azad edib və dünyaya göstərib ki, Qarabağ Azərbaycandır!

Fransa Prezidentinin Ermənistanın qeyri-konstruktiv mövqeyini və Qarabağda sülh prosesini uzatmaq siyasətini dəstəkləməsi, ilk növbədə, rəsmi Parisin tez-tez bəyan etdiyi “demokratiya” şüarına kölgə salır. Qafqaz regionuna nüfuz edib “əzabkeş” erməniləri müdafiə etməsi, əslində, Fransanın siyasətinin mahiyyətini göstərir və onu deməyə əsas verir ki, rəsmi Paris kolonial siyasətini bu gün də davam etdirir. Artıq dünya 1960-cı illərdəki kimi deyil. Milli dövlətlər, o cümlədən Azərbaycan müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə çox sayda tərəfdaşa malikdir. Fransanın Ermənistanı silahlandırması nəticə etibarilə yeni toqquşmaya gətirib çıxara bilər. Lakin Azərbaycan da böyük hərbi potensialı və strateji müttəfiqləri ilə qlobal siyasətdə əhəmiyyətli rol oynayır. Azərbaycan hərbi baxımdan nəyə qadir olduğunu 2020-ci ildə göstərdi. Ölkəmizin iqtisadi inkişafı hərbi gücünün də artmasına səbəb olub ki, Fransadan nə qədər silah almasından asılı olmayaraq, Ermənistan bunun qarşısında dayana bilməz.



 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi