Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Senatının sədri ilə görüşüb
_1761659262.jpeg)
Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.
Görüşdə beynəlxalq parlament konfransının əhəmiyyəti vurğulanaraq, konstitusiyanın dövlətin hüquqi təməllərinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, siyasi sabitliyin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın qazandığı Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu mənada həm mühüm siyasi əhəmiyyət, həm də rəmzi məna daşıyır.
Görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrin dərinləşməsində ölkə liderlərinin xüsusi rolu vurğulanıb. Eyni zamanda, ikitərəfli münasibətlərin genişlənməsində qanunverici orqanların həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığı yüksək qiymətləndirilib.
Söhbət zamanı, bu ay İslamabadda keçirilən Azərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü məmnuniyyətlə xatırlanaraq, onun nəticələri yüksək dəyərləndirilib və həmin görüşün dövlətlərarası münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.