lider-media.az

Levan Mamaladze: Azərbaycanın regionda liderliyini qəbul edə bilməyən qüvvələr ona qarşı təxribatlar törədirlər

Baxış: 105 Tarix: 25-01-2024, 15:54

Hazırda Azərbaycana qarşı çox ciddi, mürəkkəb və məkrli proseslər gedir. Avropa Şurası parlament Assambleyasının Azərbaycana qarşı atdığı addım buna bariz nümunədir. Lakin biz, ilk növbədə, bunun haradan qaynaqlandığını və nəyə görə baş verdiyini bilməliyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Qarabağ məsələsinin birdəfəlik həlli bəzi qüvvələri, dövlətləri narahat edir. Çünki imperialist dövlətlər bu münaqişələri bilərəkdən yaradırlar. Münaqişələr yaratmaqla, xalqları qarşı-qarşıya qoymaqla onlar bəzi ölkələrə təzyiq göstərmək istəyirlər. Azərbaycan dövlətinin bu addımı onların Cənubi Qafqazda manevr imkanlarını məhdudlaşdırıb. Baxmayaraq ki, necə deyərlər, “qatar artıq gedib”, amma yenə də Qərb dövlətləri bununla barışa bilmir və ona görə də müxtəlif vasitələr, yollar ilə Azərbaycana təzyiq göstərməyə çalışırlar.

Politoloq bildirib ki, hazırda regionda sülh prosesi gedir. Ermənistan rəhbərliyi başa düşür ki, ötən illər ərzində onlar heç nəyə nail ola bilmədilər, “böyük Ermənistan” ideyası iflasa uğradı və ölkə çox ciddi itkilərlə üzləşdi. İndi Ermənistan tərəfi özü də görür ki, Qafqazda sülh hər üç ölkənin (Azərbaycan, Gürcüstan və Ermənistan) maraqlarına xidmət edir. Ona görə də Azərbaycan ilə sülh müqaviləsini imzalamaq istəyir. Çünki başa düşürlər ki, hamıya sabitlik və sülh lazımdır. Lakin, bəzi üçüncü qüvvələr başa düşürlər ki, bundan sonra Azərbaycan daha da inkişaf edəcək. Ona görə də Azərbaycanın sərbəst hərəkətini, regionda liderliyini qəbul edə bilmirlər. Onlar regionda öz təsirlərini itirməmək üçün yenə də müxtəlif yollarla sabitliyi pozmağa çalışırlar. Bunun üçün bir tərəfi sıxışdırır, digər tərəfi silahlandırır və ya başqa cür yardımlar edirlər. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanın AŞPA-da təzyiqə məruz qalmasının əsas səbəbi budur.

“Nəzərə almaq lazımdır ki, ABŞ regionda bəzi təsir imkanlarını itirib, ona görə də Fransa hərəkətə keçib. Bu da səbəbsiz deyil. ABŞ-da olduğu kimi, Fransada da güclü erməni lobbisi var. Baxmayaraq ki, bu lobbi özü kiminsə əlində bir vasitədir, lakin hərdən onların da maraqlarını nəzərə alırlar”, – deyə Mamaladze vurğulayıb.

Mərkəz rəhbəri hesab edir ki, AŞPA-nın bu qərarı Fransa Milli Assambleyasının, prezident Makronun anti-Azərbaycan bəyanatlarının davamıdır. Avropanın bəzi ölkələri də bu işdə Fransaya dəstək verir və güclənən Azərbaycana qarşı çıxış edirlər. Azərbaycan tərəfi çox düzgün addım ataraq AŞPA-dakı fəaliyyətini dayandırdı. Əslində, bu təşkilat elə də ciddi təsir gücünə malik deyil, sadəcə olaraq, demokratiya, insan hüquqlarının müdafiəsi adı altında yaranmış bir təşkilatdır.

Bu gün Avropanın əvvəlki cəlbediciliyini itirdiyini deyən politoloq diqqətə çatdırıb: “Bu gün Gürcüstan da Avropa ailəsinə daxil olmağa çalışır. Lakin Avropa artıq bizim əvvəl gördüyümüz, bildiyimiz Avropa deyil, o, özünün əvvəlki qiymətini, dəyərini itirib. Ona görə də çalışmalıyıq ki, davamlı sülh müqaviləsi imzalansın və biz özümüz öz gücümüzə inkişaf edə bilək. Gürcüstan da bu işdə mühüm rol oynamalıdır və Tbilisi bunun üçün səylərini göstərməyə hazırdır. Lakin həmin qüvvələr bunu istəmirlər. Çünki onlar yaxşı başa düşürlər ki, sülh müqaviləsi imzalansa, Qarabağ məsələsi tamamilə bağlanacaq və əsrlər boyu gündəliyə gəlməyəcək”.

Yaxın günlərdə keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan xalqının doğru seçim edəcəyini əminliyini bildirən LL.Mamaladze vurğulayıb ki, rəsmi Bakı həlli mümkünsüz görünən problemləri aradan qaldırıb və nüfuzunu özünə qaytarıb. Tezliklə xalqın düzgün seçimi sayəsində Azərbaycan dövləti daha da möhkəmlənəcək və çiçəklənəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi