lider-media.az

Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Baxış: 325 Tarix: Вчера, 16:21

Beynəlxalq ikili diplom proqramlarının tətbiqinin əsas hədəfləri qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yeni nəsil mütəxəssislər yetişdirmək, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini müasirləşdirmək, transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi yolu ilə uğurlu nəticələr əldə etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq hazırda 6 beynəlxalq ikili diplom proqramı icra olunur.

İnkişaf etmiş təhsil sisteminə malik ölkələrlə ikili diplom proqramlarının dəstəklənməsi, xüsusilə, beynəlxalq reytinqlərdə yüksək mövqe tutan xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının sayının artırılması Azərbaycan Respublikasının vətəndaşı olan istedadlı, yüksək intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən perspektivli gənclərin beynəlxalq təcrübə əldə etmələrinə imkan və ikili diplom proqramları çərçivəsində birgə elmi fəaliyyətin genişlənməsinə zəmin yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ali təhsildə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə qərara alıram:

1. Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 8-ə çatdırılsın və onların icrası 2030-cu ilədək təmin edilsin.

2. Mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, bu Sərəncamın 3.1.2-ci yarımbəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına təmin edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. dörd ay müddətində:

3.1.1. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.2. beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.3. beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:

4.1. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimini bu Sərəncamın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan qaydaya uyğun həyata keçirsin;

4.2. hər növbəti tədris ili üçün beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsinə tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə razılaşdırmaqla müəyyən etsin;

4.3. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi