Politoloq: AŞPA-da aparılan müzakirələrin və ya qəbul ediləcək qərarların Azərbaycan üçün heç bir önəmi yoxdur
Avropanın bəzi institusional orqanlarında Azərbaycana münasibətdə yaranmış qərəzli mövqeyin arxasında erməni lobbisinin xüsusi “səyləri”ni görməmək mümkün deyil. Eyni mərkəzdən idarə olunan proses nifrət və qərəz əsasında formalaşaraq Azərbaycanı hədəf alır.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Politoloq qeyd edib ki, Azərbaycanın uğurlu hərbi-diplomatik addımları və qətiyyətli mövqeyi nəticəsində yaranmış yeni reallıqların qəbulu Avropanın bəzi siyasi dairələrinin maraqlarına, Cənubi Qafqazla bağlı siyasətlərinin məqsədinə uyğun gəlmir. Çünki İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda onların regional maraqlarının təmin edilməsi ilə bağlı bütün cəhdləri uğursuzluğa düçar oldu. Beləliklə, imperialist hədəfləri olan Fransa və Almaniya kimi dövlətlər Azərbaycanın öz torpaqlarını təkbaşına işğaldan azad edərək qlobal sistemin önəmli aktorlarından birinə çevrilməsi reallığının təsir gücü ilə barışmaq məcburiyyətində qaldılar. Belə olan halda, 30 ilə yaxın davam edən danışıqlar prosesinin əsas “missionerləri” bir anda bütün səlahiyyətlərini itirərək lazımsız və arzuolunmaz aktorlara çevrildilər. Ona görə də erməni lobbisinin maliyyə dəstəyinin cəlbediciliyi ilə müşayiət olunan imperialist maraqların “icraçıları”nın meydana çıxmağa başladığını müşahidə edirik. Bu “icraçılar” eyni ritorikada çıxış edərək müxtəlif bəhanələr və əsassız iddialar əsasında Azərbaycanın beynəlxalq nüfuzuna zərər vurmağa çalışmağa davam edirlər. Fevralın 7-də keçiriləcək prezident seçkilərini müşahidə etmək Avropa Şurasından nümayəndə heyətinin dəvət olunmamasının bəhanə kimi gətirərək yenə “insan hüquqları” çətiri altında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin müzakirəyə çıxarılması da bunun bariz nümunəsidir.
Politoloq təəssüflə bildirib ki, həmin “insan hüquqları” nədənsə Xocalıda, Bağanıs-Ayrımda, Başlıbeldə törədilmiş soyqırımları görmür, doğma yurdlarından zorla qovulan yüz minlərlə Qərbi azərbaycanlının taleyi ilə maraqlanmır, Bərdəyə, Gəncəyə, Tərtərə atılan kasetli bombaların səsini eşitmir! Bəs o hansı hüquqdur ki, hər dövlətə şamil olunan təməl prinsiplərdən Azərbaycanı mərhum edə biləcəyini iddia edir?! Ümumiyyətlə, AŞPA nə vaxtdan dövlətüstü təsir gücünə sahib subrasional orqan statusu qazanıb ki, bütün üzv ölkələrdə keçirilən seçkilərə mütləq nəzarət missiyası daşısın? Ona görə də belə absurd bəhanələrlə keçirilən qərəzli müzakirələr yalnız bu qurumun nüfuzunu aşağı sala və Avropanın enerji təhlükəsizliyində Azərbaycan kimi etibarlı tərəfdaş dövlətlə münasibətlərin gərginləşməsinə səbəb ola bilər.
Politoloq vurğulayıb ki, nəticə etibarilə bu müzakirələrin, yaxud qəbul ediləcək qərarların ölkəmiz üçün heç bir önəmi və təsir gücü yoxdur.