lider-media.az

Cəbrayıl şəhidləri

Tarix: Bu gün, 08:49

Mirzəyev Elyar Cəlal oğlu 1984-cü il sentyabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindəndir. O, 1990-cı ildə Sərdar İmrəliyev adına Bahar tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2001-ci ildə həmin məktəbi bitirib. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edərkən kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. 2002-ci ilin oktyabr ayında Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elyar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində hərbi xidmətdə olub. 2016-cı ildə sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna verir. Kursu uğurla bitirən Elyar Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlayıb. Elyar qısa müddət ərzində peşəkar hərbçi kimi formalaşır, dəfələrlə fəxri fərman və təşəkkürnamələr ilə təltif olunur. 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlığı ilə fərqlənir. O, müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" xətti adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad edilməsində iştirak edir. Füzuli, Cəbrayıl və Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlir. O, dəfələrlə özünü təhlükəyə ataraq, döyüş anında atəş altında qalan yaralı yoldaşlarını qorxmadan, igidcəsinə xilas edib. Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində dəfn edilib. Ailəli idi, 2 övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Hüseynov Ruslan Vəli oğlu 1988-ci il may ayının 10-da Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonun Horovlu kəndindəndir. 2006-cı ildə bahar qəsəbəsindəki orta məktəbi bitirdikdən sonra 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vuran Ruslan 2013-cü ildə hərbi vəzifəsini davam etdirmək üçün kursa qəbul olunub. Kursu uğurla başa vuraraq 2014-cü ildə kəşfiyyatçı kimi xidmətə başlamışdır. Xidməti dövründə fəxri fərman və mükafatlara layiq görülmüşdür. 2016-cı ildə aprel döyüşlərinin ən fəal iştirakçısı olmuş, öndə gedən kəşfiyyatçı kimi öz missiyasını şərəflə yerinə yetirmişdir.  Azərbaycan Ordusunun kiçik çavuşu olan Ruslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Qubadlının işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. Ruslan Hüseynov noyabrın 1-də Xocavənd döyüşləri zamanı Qırmızıbazar istiqamətində gedən döyüşlərdə şəhid olub. Beyləqan rayonu, Bahar qəsəbəsində dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

 

 Quliyev Hətəmxan Məti oğlu 1990-cı il mart ayının 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindəndir. 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 saylı tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsilini davam etdirib. Hətəmxan Quliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin Aprel döyüşlərinin fəal iştirakçısı olub. Bir müddət Mingəçevir şəhərindəki hərbi hissədə tabor komandirinin müavini, daha sonra isə qərargah rəisi vəzifəsində çalışmışdır. 2019-cu ildə öz istəyi ilə təyinatını Tərtər rayonunda yerləşən hərbi hissəyə almışdır. Azərbaycan Ordusunun kapitanı olan Hətəmxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabr ayının 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Noyabrın 24-də II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

 

  Budaqov Rəşad Ramiz oğlu 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1993-2004-cü illərdə doğulduğu şəhərdəki 4 saylı məktəbdə oxuyub. 2004-cü ildə Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olmuş, 2008-ci ildə ali təhsilli tankçı zabit qismində Azərbaycan ordusunda leytenant rütbəsi ilə tağım komandiri kimi xidmətə başlamışdır. Sonrakı illərdə bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, Yevlaxdakı N saylı hərbi hissədə briqada komandirinin maddi texniki təminat üzrə müavini vəzifələrində çalışmış, mayor rütbəsinə qədər yüksəlmişdir. Xidməti vəzifəsi ilə əlaqədar müxtəlif vaxtlarda cəbhənin ayrı-ayrı istiqamətlərində - Füzuli, Ağcabədi, Bərdə və Goranboy rayonlarında əsgər və zabitlərlə birgə fəaliyyət göstərmişdir. 2016-cı ildə Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin hərbi texnikalarının sıradan çıxarılmasında qəhrəmanlıq göstərmişdir. Milli orduda xidmət etdiyi illərdə “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə”, “Azərbaycan silahlı qüvvələrinin 90 illiyi”, “Azərbaycan silahlı qüvvələrinin 95 illiyi”, “Azərbaycan silahlı qüvvələrinin 100 illiyi”  medalları ilə təltif olunmuşdur. Azərbaycan Ordusunun mayoru olan Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Sentyabr ayının 28-də Talış kəndi və Suqovuşanın yaxınlığındakı yüksəkliklər uğrunda gedən döyüşlər zamanı şəhid olub. Yevlaxdakı Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. 2 qız övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra  "Vətən uğrunda" medalı və "Rəşadət" ordeni ilə təltif edilmişdir.

 

 Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz leytenant Süleymanov Abdulla Telman oğlu 28 iyun 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan Abdulla ailəsi ilə birlikdə Bakı şəhəri, Memarlıq və İnşaat Universitetinin 2 saylı yataqxanasında məskunlaşıb. 2005-ci ildə M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2015-ci ildə Aşıq Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbini bitirib. Orta təhsilini tamamladıqdan sonra Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub, 2020-ci ildə həmin akademiyada Aviasiya ixtisası üzrə təhsilini başa vurub. Təhsilini tamamladıqdan sonra Səngəçalda yerləşən hərbi hissədə leytenant kimi fəaliyyətə başlayıb. 44 günlük Vətən müharibəsində Qubadlı və Zəngilanın rayonlarının azad olunması uğrunda döyüşlərdə fəal iştirak etmiş, xidmətlərinə görə diplomla təltif edilmişdir. 30 noyabr 2021-ci il tarixdə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində şəhid olmuşdur. Bakı şəhəri ikinci Fəxri Xiyabanda dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  ölümündən sonra Süleymanov Abdulla Telman oğlu “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi